Ana səhifə / Media / Azərbaycanda da əmlak alanlara vətəndaşlıq verilsinmi? – Açıqlama

Azərbaycanda da əmlak alanlara vətəndaşlıq verilsinmi? – Açıqlama

Türkiyədə daşınmaz əmlak alanlara vətəndaşlıq təklif edilir. Ölkənin iqtisadiyyat naziri Nihat Zeybəkçi Türkiyədə müəyyən qədər əmlak alan xaricilərə vətəndaşlıq verilməsini təklif edib.
Nazir bildirib ki, hazırda xaricilərin Türkiyədə aldığı əmlakın həcmi 4-5 milyard dollar təşkil edir və hökumət bu məbləği 10 milyard dollara qaldırmaq istəyir. O, bu üsulu tətbiq edən başqa ölkələrin təcrübəsini misal gətirib, onun fikrincə, Türkiyədən 500 min və ya 1 milyon dollarlıq əmlak alan xaricilərə vətəndaşlıq verilməlidir. 
Qeyd edək ki, 2014-cü ildə əcnəbilər Türkiyədə 4,32 milyard dollarlıq əmlak alıblar. Bu rekord səviyyədir. İndiyədək Türkiyədən əmlak alan xaricilər yaşayış icazəsi ala bilirlər. Amma bu variant əcnəbiyə ölkədə işləmək icazəsi və tibbi sığorta vermir. Vətəndaşlığın verilməsi isə vəziyyəti dəyişəcək. Belə şəxslər Türkiyənin digər vətəndaşları kimi işləyə və pulsuz tibbi yardım ala biləcəklər.
Azərbaycanda bu kimi təkliflər realdırmı? Ölkədə böyük məbləğdə olan əmlak alan əcnəbilərə vətəndaşlıq verilə bilərmi? Bu prosesin ölkəyə müsbət təsiri olarmı? Bu kimi sualları ekspertlər musavat.com-a cavablandırıblar.
Ekspert Natiq Cəfərli məsələ ilə bağlı bildirib ki, daşınar və daşınmaz əmlaka yatırım qoyarkən vətəndaşlıq verilməsi praktikası dünyanın bir çox ölkələrində var: “Bu, müxtəlif rəqəmlərlə ölçülür. Ölkənin cəlbediciliyinə görə bu rəqəmlər dəyişir. Yəni Azərbaycan ilk öncə cəlbedici ölkə olmalıdır, xarici vətəndaşlar, investorlar, Azərbaycanda yaşamaq istəyən insanlar üçün cəlbedici olmalıdır ki, bu kimi təkliflərin nəticəsi olsun. Əslində bunu qanun qadağan etmir, amma müəyyən prosedur qaydaları qəbul olunmalıdır ki, Azərbaycanda böyük həcmdə investisiya yatıranlara, daşınmaz əmlak alanlara vətəndaşlıq təklif olunsun. Bunun üçün belə bir qaydalar tətbiq oluna bilər. Türkiyədə bunu əsasən ərəb ölkələri üçün edirlər. Ətraf ölkələrdə çox böyük problemlər, münaqişələr var. O ölkələrdən qaçmağa, çıxmağa çalışan imkanlı insanlar Türkiyədə daşınmaz əmlaka yatırım qoymaqla vətəndaşlıq alaraq öz ölkələrini tərk etmək istəyirlər. Yəni Türkiyənin bu anlamda ətraf ölkələrə nisbətən cəlbediciliyi var. Azərbaycanda cəlbedicilik yaradılsa, Azərbaycan özü cəlbedici ölkəyə çevrilsə, belə qaydalar tətbiq edilsə, nəticə əldə etmək olar”.
Ekspert Rəşad Həsənov isə qeyd edib ki, Azərbaycanda bununla bağlı xüsusi qeyd yoxdur: “Vətəndaşlıq məsələləri Miqrasiya Məcəlləsi ilə tənzimlənir. Amma bu istiqamətdə qeyd var ki, Azərbaycana beş yüz min manat məbləğində, 500 min manatdan az olmayaraq, investisiya edən vətəndaşlığı olmayan şəxslərə vətəndaşlıq təklif oluna bilər. Bu, böyük rəqəmdir. Çünki Avropa ölkələri artıq bu göstəricini 250-200 min avroya qədər azaldıblar. Bizim hökumətə təklifimiz olub ki, bu göstərici hazırkı şərtlər daxilində 200 min ABŞ dolları həcminə qədər azaldılsın. Hələlik bu istiqamətdə bir addım yoxdur. Düşünürəm ki, yeni iqtisadi şərtlər məhz hökumətin bu istiqamətdə də siyasətinə öz təsirini göstərəcək. Növbəti dövrlərdə investisiya təşviqinin genişləndirilməsi məqsədi ilə bəhs olunan kvota aşağı salına bilər. Amma digər bir məsələ də var. Bu işlər paralel aparılmalıdır. Tək bir istiqamətli, tək kvotanın azaldılması ilə xarici vətəndaşların ölkəyə cəlbini təmin etmək bir qədər çətin görünür. Türkiyədə məsələ belədir ki, oradan xarici investorlar hazırda qaçır. Bu baxımdan qəbul edilən qərarda məqsəd odur ki, xaricdən Türkiyəyə valyuta axını sürətlənsin. Amma bu kimi addımlarla qısa müddətdə prosesləri tənzimləmək mümkün olmayacaq”. (Musavat.com)

Həmçinin oxuyun

AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – Açıqlama

Azərbaycan Televiziyası (AzTV) martın 28-də Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik …

Bir cavab yazın