Çərşənbə , Noyabr 25 2020
Ana səhifə / Media / Azərbaycanda bitməyən internet problemi

Azərbaycanda bitməyən internet problemi

Azərbaycanda uzun müddətdir ki,  əksər insanlar internet problemindən şikayətlənirlər. Vətəndaşlar bildirirlər ki, provayder şirkətlərə vaxtı-vaxtında ödəniş etsələr də, lazımı sürətdə internet ala bilmirlər. Bununla bağlı dəfələrlə mətbuatda yazılar dərc olunub, problem qabardılıb. Lakin heç bir faydası yoxdur. Provayder şirkətlərlə əlaqə saxladıqda onlar bildirirlər ki, internetin sürətində hər şey qaydasındadır. Yaxud da problemin kabel xətlərində olduğunu söyləyirlər. Dolayısı ilə günahı az qala müştərinin üzərinə yıxırlar.

“Yeni Müsavat”a danışan Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, qlobal olaraq məsələni həll etmək üçün işə internet bazarından başlamaq lazımdır:

“Sərbəst, azad rəqabəti təmin etmək lazımdır. Bazarın 50 faizi dövlət provayderlərinin nəzarətindədir. Məsələn, Bakinternet, Aztelekom və sairə. Bu yaxınlarda 250 mininci müştərilərinin qoşulmasını elan etdilər. Burdan da görünür ki, pərakəndə internet bazarına nəzarətdə üstünlük dövlət provayderlərindədir. Dövlət provayderlərinin start vəziyyəti özəllərə nisbətən daha üstündür. Bu isə bazarda diskomfort şərait yaradır və azad rəqabətin formalaşmasına mane olur. Ona görə də özəl provayderlər bu diskomfort vəziyyətdən istifadə edərək gəlir əldə etmək üçün istifadəçiləri aldadırlar. Burada gizli bir şey yoxdur. Özəl provayderlər istifadəçiləri çəkidə aldadır və böyük qazanc əldə edirlər. Məsələn, müştəri ilə müqavilə bağlayaraq bildirir ki, sizə 3 meqabit internet verəcəm, ancaq 2 meqabit verir.  Nəticədə istifadəçi müqavilədə nəzərdə tutulan sürəti əldə edə bilmir. Əlbəttə ki, bura nəzarət etməli olan qurum da İqtisadiyyat Nazirliyində istehlakçıların hüquqları ilə bağlı dövlət xidməti və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyaları nazirliyidir. Bu iki qurum məsələlərə nəzarət etməlidir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyaları nazirliyi indiki halda həm də tənzimləyici qurumdur. Mövcud şəraitdə nəzarət yetərli deyil. O cümlədən də ictimai nəzarətdə də problemlər var. Çünki ictimai nəzarət üçün də yetərincə informasiya  lazımdır. Düşünürəm ki, aldatma ilə bağlı məhkəmə çəkişmələrinin olması, bununla  əlaqədar xüsusi vəkillərin ixtisaslaşması, istifadəçilərin isə maariflənməsi vacibdir. İstifadəçi bilməlidir ki, ”çəkidə” aldadıldığını necə sübuta yetirməlidir. Bu işlərdə də düşünürəm ki, hüquq xidmətləri yardımçı olmalıdır. Bütün bunlar ümumi iş üçün faydalı olar.  İşi necə aktlaşdırmaq, məhkəməyə çıxarmaq kimi məsələlərlə məşğul olunmalıdır”.

O.Gündüz bildirib ki, özəl şirkətlərin yeraltı kanallardan da istifadəsində problem var: “Yeraltı kabel-kanal sistemindən istifadədə problemlər var. Yəni dövlətə məxsus olan bu kabel-kanal sistemindən dövlət provayderləri daha effektiv istifadə edə bilirlər. Özəllər isə pis vəziyyətdə qalırlar. Özəl dövlət qurumuna müraciət edir ki, yeraltı kabel-kanaldan istifadə etmək istəyirəm və filan yerə fiber optik  xətt çəkəcəm. Xahiş edir ki, ona şərait yaradılsın. Bu müraciət isə uzun müddət ortalıqda firlanır. 5, 10 gün, hətta 1 ay belə fırlanır. Müraciət edən də internet almalıdır axı. Bu qədər müddəti gözləyə bilmir. Nəticədə o, dövlət qurumuna müraciət edir və onun müraciətinə dərhal baxılır. Baxın, özəl provayder müraciət edəndə 1 aya həll edildi, dövlətə müraciət etdilər, dərhal məsələ həllini tapdı. Ona görə də problemlər böyüyür. Bu baxımdan hesab edirəm ki, tənzimləyici qurum dövlət və özəl provayderləri bərabər əsaslarla kabel-kanal sistemindən istifadəsinə şərait yaratmalıdır. Bununla bağlı yeni qaydalar olmalıdır. Ancaq hələ ki, bu istiqamətdə iş görülmür”.

Həmçinin oxuyun

“Associated Press” azərbaycanlı məcburi köçkünlərin ağır taleyi haqda – FOTO

Məşhur “Associated Press News” agentliyi azərbaycanlı məcburi köçkünlərlə bağlı məqalə hazırlayıb. “Müharibə səbəbindən köçkün düşən …