Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Media / Azərbaycan vətəndaşlarına “yediyin zəhər olsun” qarğışını kim edib? – TƏHLÜKƏ

Azərbaycan vətəndaşlarına “yediyin zəhər olsun” qarğışını kim edib? – TƏHLÜKƏ

Adil Qeybulla: “Əhalinin qida gigiyenası və sanitariyası ilə bağlı maariflədirilməsi istiqamətində işlər görülməlidir”

Yay fəsli gəldisə, Azərbaycan dilində qarğış kimi səslənən “yediyin zəhər olsun” ifadəsi sözün həqiqi mənasında gerçəkləşir. Ölkə əhalisinin qidadan zəhərlənməsi ilə bağlı xəbərlərin, statistikanın ardı-arası kəsilmək bilmir.
Son məlumata görə, ötən gün Bakının Nərimanov rayonunda yaşayan Zaur Lətifov adlı şəxs öz mənzilində qida zəhərlənməsindən dünyasını dəyişib. Yay fəsli başlayandan bu nə birinci ölümdür, nə də sonuncu… Səhiyyə Nazirliyinin açıqladığı statistikaya görə, bu ilin 6 ayı ərzində 331 qida zəhərlənməsi halı qeydə alınıb ki, nəticədə 418 nəfər zərər çəkib.
Lakin bu qədər zəhərlənmə halları qeydə alınsa da, nə bir cinayət işi açılır, nə bir adam məsuliyyətə cəlb edilir, nə də insanlar bu barədə maarifləndirilir. Təbii ki, kafe və restoranlarda təqdim olunan yeməklərin, bazarlarda qeyri-normal şəraitdə satılan meyvə-tərəvəzin keyfiyyəti problemin əsas səbəbidir. Lakin qida məhsullarının xüsusiyyətlərini, düzgün istehlak qaydalarını bilmədiyimiz üçün bəzən öz əlimizlə də özümüzü öldürə bilərik.
Ona görə də, zəhərlənmə hallarının başınıza gəlməməsi üçün təqdim etdiyimiz ekspert məsləhətlərini diqqətlə oxuyun.
Qida zəhərlənməsinin insan həyatı üçün kifayət qədər təhlükəli hal olduğuna diqqət çəkən tibb elmləri doktoru Adil Qeybulla bildirdi ki, yay vaxtı zəhərlənmələrə və ağırlaşmalara yol açan, hətta ölümə qədər gətirib, çıxaran səbəb qida toksik infeksiyalarıdır: “Qida toksik infeksiyaları qidanın hazırlanma, saxlanma və istehlak qaydalarının pozulması nəticəsində ortaya çıxır. Nəzərə almaq lazımdır ki, hər bir qidanın yararlılıq müddəti var. Bəzi qidalar tez xarab olur, bəzi qidalar isə daha uzun müddət saxlana bilir. Konservat maddələr istifadə olunmayan qidaların yararlılıq müddəti, adətən, aşağı olur. Bəzi qidaları xüsusi temperaturda, soyuducuda saxlamaqla yararlılıq müddətini artırmaq mümkündür. Ət məhsullarının, xüsusilə soyuducunun dondurucu gözündə saxlanması mütləqdir. Çünki donmadığı zaman ətin tərkibində infeksiya inkişaf edir.
Zəhərlənmə hallarının araşdırılması göstərir ki, əksər hallarda qidalar düzgün saxlanılmır, hazırlanmış yeməklər boyat formada yeyilir və ağırlaşmalara səbəb olur. Əgər diqqət etsəniz, kütləvi məclislərdə, toylarda zəhərlənmə hallarının daha çox olmasının səbəbi bundan ibarətdir. Bu zaman tez xarab olan qidalara diqqət edilməlidir. Bəzən şadlıq evlərində korporativ maraqlar daha üstün tutulur və insanların sağlamlığı nəzərə alınmır, ancaq buna ciddi nəzarət olunmaldır”.
Adil Qeybulla problemin əsas səbəbi kimi, qida sektoruna nəzarətin zəif olmasını və maarifləndirmə işlərinin aparılmamasını vurğuladı: “Dünyanın hər yerində qida məsələlərinə nəzarət edən qurumlar var. Lakin Azərbaycanda bu qurumun fəaliyyəti göz önündə deyil. Dünyanın hər yerində bu məsələ ərzaq təhlükəsizliyi konsepsiyasına daxildir. Bu baxımdan, bizdə də bu məsələ həllini tapmalıdır. Hesab edirəm ki, mütəmadi olaraq, televiziya ekranlarında mənasız şou-proqramlar yayımlamaq əvəzinə, insanlara bu mövzuda maarifləndirici bilgilər versələr, daha yaxşı olar. Əhalinin qida gigiyenası və sanitariyası ilə bağlı bilik səviyyəsinin artırılması ilə bağlı işlər görülməlidir. İnsanlara məlumatlar verilməlidir ki, boyat yeməklərin evdə çox saxlanmaması, məişət şəraitində hazırlanan konservləşdirilmiş məhsulların sağlamlığına nəzarət edilməsi, hansı əlamətlərə görə məhsulların zəhərlənməyə səbəb ola biləcəyi ilə bağlı bilgili olsunlar. Məsələn, əgər turşuya qoyulmuş tərəvəzlərdən istifadə edirlərsə, bu zaman turşunun rənginin bulanıq olması, qapağın şişməsi, qoxunun dəyişməsi kimi hallar qidanın toksik infeksiya daşıdığını göstərir. İnsanlar bu cür hallarda diqqətli olmalıdırlar”.
Ekspertin sözlərinə görə, qida toksik infeksiyaları çox dəhşətli fəsadlar törədə bilər ki, bunların içində ən təhlükəli olanı botulizmdir: “Botulizm çox ağır qida toksik infeksiyasıdır və çox zaman ölümə gətirib, çıxarır. Bu infeksiya çox sürətlə bədənə yayılır və insanı qısa müddətdə öldürə bilər. Ona görə də, bu istiqamətdə maarifləndirmə işi artmalıdır. Evdə hazırlanan yeməklərin, konservləşdirilmiş məhsulların saxlanma qaydaları ilə bağlı insanlara məlumat verilməlidir. Meyvə və tərəvəzlərin birbaşa, bişirilmədən istifadəsindən söhbət gedirsə, bu zaman daha çox maye toplayan qarpız, yemiş, pomidor və sair kimi məhsullardan zəhərlənmələrə tez-tez rast gəlinir. Bu da həmin məhsullara verilən gübrələr, zərərverici həşəratlardan qorumaq üçün səpilən dərmanların torpaqdan köklər vasitəsilə onların tərkibinə keçməsi və meyvələrin tərkibində komulyasiya etməsi ilə baş verir. Əgər qarpız, pomidor və digər sulu məhsullar kəsildikdə onun rəngi, dad xüsusiyyətləri dəyişibsə və ya içində iri zoğlar varsa,  həmin məhsulu istifadə etmək düzgün deyil. Yaxşı olar ki, kəsilmiş meyvə və tərəvəzlər maksimum bir neçə saat ərzində yeyilsin, bir neçə gün saxlanmasın. Bundan başqa, bütün meyvə və tərəvəzlər, xüsusən qarpız-yemiş kəsilməzdən öncə yuyulmalıdır. Torpağa yatan meyvələr daha yaxşı yuyulmalıdır. Çünki, biz onu yumadan kəsdikdə üzərindəki çirk bıçağa keçərək, məhsulun içərisinə düşür və orada qısa müddətdə inkişaf edir. Bildiyiniz kimi, mikroorqanizmlər ən çox yeməklərin suyunda, bulyonda inkişaf edir. Ət yeməklərinin suyu mikroblar üçün ən münbit mühitdir. Ən aşağı temperaturda belə, mikroblar orada bölünüb, arta bilirlər. Əgər boyat yeməklər, boyat çörək istifadə olunarsa, çörəyin üzərində kif varsa, yeməyin dadında, rəngində, möhtəviyyatında bir dəyişiklik varsa, bu artıq onun tərkibindəki biokimyəvi dəyişiklikdən xəbər verir. Bu cür yeməkdən istifadə qətiyyən olmaz. Kiflənmiş, bir hissəsi çürümüş meyvələr zəhərlənmədən əlavə, tərkibindəki konserogen maddələrlə qara ciyər xərçənginə səbəb ola bilər. Qidalar soyuducuda saxlansa belə, bu müddət maksimum qısa olmalıdır, bir-iki gündən o tərəfə keçməməlidir. Yay vaxtı soyuducuda uzun müddət qida saxlamaq da zəhərlənməyə yol açır”.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın