Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Media / “Azərbaycan İpoteka Fondu” yaradıldı – SƏRƏNCAM

“Azərbaycan İpoteka Fondu” yaradıldı – SƏRƏNCAM

Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında fərman imzalayıb.

Azinforum.az-ın məlumatına görə, səhmləri dövlətə məxsus “Azərbaycan İpoteka Fondu” ASC Mərkəzi Bankın nəzdində Azərbaycan İpoteka Fondunun hüquqi varisidir.

Nazirlər Kabinetinə aşağıdakılar tapşırılıb:

Cəmiyyətdə səhmdarların ümumi yığıncağının səlahiyyətlərini həyata keçirən qurumlar barədə təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

Çoxmənzilli binaların tikintisi üçün tikintiyə icazələrin verilməsi, həmin binaların istismarına icazə verilməsi, habelə yaşayış evlərinin tikintisi üçün məlumatlandırma icraatı prosedurlarının sadələşdirilməsi və sürətləndirilməsi ilə bağlı təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

İpoteka ilə yüklü edilmiş daşınmaz əmlaka tələbin yönəldilməsi mexanizminin, o cümlədən hərracların keçirilməsi qaydalarının təkmilləşdirilməsi ilə bağlı təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

Cəmiyyətin Nizamnaməsini və müşahidə şurasının tərkibini bir ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdıraraq təsdiq etsin;

Cəmiyyətin vəsaiti hesabına ipoteka kreditlərinin, o cümlədən güzəştli ipoteka kreditlərinin verilməsi qaydalarını bir ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdıraraq təsdiq etsin;

Bu Fərmanın 3.5-ci bəndində nəzərdə tutulmuş orta bazar qiymətinin müəyyən edilməsi qaydasını bir ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdıraraq təsdiq etsin;

Cəmiyyətin uzunmüddətli (beş ildən artıq) ipoteka istiqrazlarına dövlət zəmanətinin verilməsi şərtlərini və mexanizmini, onların emissiyasının illik həcmini, güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsinə yönəldilən hissəsini bir ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

Mərkəzi Banka isə aşağıdakılar həvalə edilib:

Cəmiyyətin yaradılması ilə əlaqədar müvafiq təhvil-təslim işlərini bir ay müddətində həyata keçirsin;

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi ilə birlikdə uzunmüddətli ipoteka istiqrazları bazarının inkişafı və likvidliyinin təmin olunması üçün müvafiq tədbirlər görsün və nəticəsi barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət zəmanətli ipoteka istiqrazlarının emissiyası üçün tələb olunan maliyyə təminatının “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 28 noyabr tarixli 1105-IVQ nömrəli Qanununda təsbit edilmiş daxili dövlət borclanmasının yuxarı həddində (limitində) nəzərə alınmasını, növbəti illərin dövlət büdcəsinin layihəsinin tərtibi zamanı müvafiq vəsaitin proqnozlaşdırılmasını təmin etsin.

Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Cəmiyyətin dövlət qeydiyyatına alınması üçün tədbirlər görsünlər.

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

Həmçinin oxuyun

Miyatoviç Azərbaycan hakimiyyətini ifadə azadlığını boğmaqda günahlandırır

Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviç Azərbaycanda jurnalistlərə və fəallara qarşı “artan repressiyalardan” …

Bir cavab yazın