Cümə axşamı , May 26 2022
Ana səhifə / Media / Azər Həsrət: “…Hər kəs bu kanallardan imtina etməlidir”

Azər Həsrət: “…Hər kəs bu kanallardan imtina etməlidir”

Mətbuat Şurası İdarə Heyətinin üzvü, Əməkdar jurnalist Azər Həsrət Rusiyanın Azərbaycana aid bəzi media qurumlarını bloklamasına münasibət bildirib: “Rusiya Azərbaycanın ən adi internet mediasına da dözmək istəmir. Bir neçə rusdilli internet saytımız Rusiyada bloklanıb. Özü də dövlət səviyyəsində. Rusiya dövləti deyir ki, bu saytlar anti-Rusiya informasiyaları yayır, ona görə olmaz.

“Olmazmı?

“Olmasın!

“Onda biz niyə anti-Azərbaycan fəaliyyəti ilə illərdir məşğul olan Rusiya mediasına gen-bol meydan veririk?

“Örnək üçün, Marqarita Simonyanın Rusiya adı altında dünya erməniliyinə xidmət edən “Sputnik”i niyə Azərbaycanda mənim kimi jurnalistlərin üzünü belə görmədiyi lüks ofisdə fəaliyyət göstərməlidir? Özü də illər uzunu?

“Özü də Bakıda ofisi ola-ola bu “Sputnik” bir yandan Moskvada, bir yandan da digər ölkələrdəki ofislərində ancaq anti-Azərbaycan xəbərləri və şərhləri yayır! Biz niyə buna dözməliyik?

“Daha bir məsələ: Azərbaycan kabel yayımçıları ucdantutma Rusiya kanallarını paketə əlavə edir. Özü də o kanalların hamısı anti-Azərbaycan təbliğatıyla məşğul olur. Açıq şəkildə. Bizim vətəndaşımız da cibinin pulunu verərək illərdir o TV kanallarına baxır. ki, Azərbaycanda hansısa kabel yayımçısı buna görə pul qazanacaq. Hələ onu da əlavə edim ki, o paketlərdəki Rusiya kanallarının bəziləri elə birbaşa ermənilərə aiddir…

“Ona görə də biz özümüzü əskiltməyək. Məncə elə dövləti gözləmədən azacıq da olsa milli təəssübkeşliyi olan hər kəs bu kanallardan imtina etməlidir. Şəxsən bizim evimizdə Rusiya kanallarına baxılmır! Əvəzində nəyə baxırıq? Təbii ki, Türkiyə kanalları, əlavə olaraq Qazaxıstan, Qırğızıstan, Ukrayna, Türkməneli, Avropa kanalları var bizim paketimizdə.

“Digər bir addım da bundan ibarət olmalıdır ki, kabel yayımçıları nəhayət ki, milli təəssübkeşlik nümayiş etdirərək paketdəki Rusiya kanallarını türk dövlətlərinin kanallarıyla əvəz etsinlər. Türkiyə ilə bərabər Kuzey Kıbrıs Türk Cümhuriyyəti, Gagauziya, Özbəkistan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, həmçinin mühacirətdəki Güney Azərbaycan, Doğu Türküstan, Krım, Rumeli və s. kimi türk yurdlarına aid kanalları paketə əlavə etmək lazımdır.

“Bəsdir bizə Rusiya təbliğatını sırıdınız! Düşünün bir az. Hələ Qarabağdakı Rusiya “sülhməramlılar”ının çıxardığı oyunları demirəm. Doğrudanmı bütün bunlar sizə heç təsir etmir?..”

Həmçinin oxuyun

Rövşanədən SƏRT REAKSİYA: “Getsin ayağını yusun, suyunu da içsin…”

“Kimsə kişi ilə münasibətini bu cür qurursa, öz işidir. Lakin bu fikir bütün xanımlara şamil …