Bazar ertəsi , Aprel 22 2024
Ana səhifə / Media / Azər Həsrət: “Əflatun Amaşov yaxşı sədrdir, onu əvəz etmək işin ziyanına olar”

Azər Həsrət: “Əflatun Amaşov yaxşı sədrdir, onu əvəz etmək işin ziyanına olar”

Azər Həsrət Mətbuat Şurasının sədri olmaq üçün revanşmı istəyir?

Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrətin Kəramət Böyükçölə verdiyi müsahibə qalmaqala səbəb olub. Müsahibədə adları çəkilən şəxslərin reaksiya verməsi ilə müzakirə daha da böyüyüb. Azər Həsrətin  14 il öncəki seçkilərə qayıdaraq bu fikirləri səsləndirməsini media ictimaiyyəti onun revanş istəməsi kimi qiymətləndirib.  Bu qalmaqallı fikirlər həm də onun Mətbuat Şurasının sədri vəzifəsinə  bu ilin noyabrında keçiriləcək seçkilərə qatılmaq istəyi kimi dəyərləndirilib. Dedi-qodularda belə bir fikir də yer alır ki, Əflatun Amaşov Mətbuat Şurası sədrliyindən gedəcək və Azər Həsrət onun yerinə iddialıdır.  Bu müzakirələrin ardından Azər Həsrət açıqlama yazaraq, müsahibədə səsləndirdiyi fikrilərin təhrif olunduğunu bildirib.

Məsələyə aydınlıq gətirmək üçün Azər Həsrətlə danışdıq.

O, açıqlamasında vurğuladı ki, Mətbuat Şurasının sədri olmaq kimi iddiası və niyyəti yoxdur: “Birincisi, o fikri ilk olaraq Əflatun Amaşov səsləndirmişdi ki, ən güclü rəqibim Azər Həsrətdir.  Bu, onun mənə lütfüdür, sayğısından irəli gəlir. Çünki çox yaxın dostuq və bir-birimizə qarşılıqlı sayğımız var. Mətbuat  Şurası qurularkən 2003-cü ildə ən güclü rəqib kimi meydanda idim. Ondan sonrakı  dövrlərdə heç vaxt Əflatun Amaşova ciddi rəqib olmayıb. Ancaq builki sədr seçkisində mənim elə bir iddiam yoxdur. Düşünürəm ki, Amaşovun  özü kifayət qədər yaxşı sədrdir, onu əvəz etmək işin ziyanına olar. Digər tərəfdən, mən artıq QHT və digər bu kimi fəaliyyətlərdən yorulmuşam. Açığını deyim ki, ilk fürsətdə hazırda başçısı olduğum Orta Asiya və Güney Qafqaz  Söz Azadlığı Şəbəkəsinin sədrliyindən də getmək fikrindəyəm. Bunlar artıq mənim üçün keçilmiş mərhələdir. Mənim kimilər indi parlamentdə oturmalı idi və ya buna bənzər hansısa vəzifəni icra etməli idi. Buna görə də heç bir iddiam yoxdur, Əflatun Amaşova da şəxsən dəstək verməyə hazıram”.

Azər Həsrət onu da bildirdi ki, müsahibədə dediyi fikirlər təhrif olunub: “Rauf Arifoğlu, Elçin Şıxlı, Arif Əliyev və Mehman Əliyevlə biz hamımız mətbuat Şurasının quruculuğunda birlikdə iştirak etmişik. Rauf Arifoğlu başda olmaqla, adıçəkilən şəxslərin hamısı öz mövqelərini açıq  elan ediblər. Müsahibədən isə belə anlaşılır ki, mən onların guya gizli  oynadığını və mənə xəyanət etdiyini  iddia eləmişəm. Təbii ki, Rauf  bəyin mənə xəyanət etməsi üçün bir imkan yoxdur. Birincisi, Rauf bəy xəyanət edəcək adam deyil. İkincisi  də orada proseslər elə gedirdi ki, orada xəyanət etmək üçün imkan yox idi. Ancaq həqiqətən mənə xəyanət edən adamlar var idi, o adamlar da sonradan aşkarlandı. Onlar bizim çevrəmizdə olan, bizimlə oturub-duran adamlar idi. Rauf bəy və adlarını çəkdiyim şəxslər o vaxt bizim çevrəmizdə deyildilər. Onların özlərinin siyasəti və çevrəsi var idi. Mən də o çevrəyə daxil deyildim. Mən müsahibədə demişdim ki, o vaxt seçki  keçirilərkən Mətbuat Şurasının sədrliyi məsələsində müxalifətin əsas qüvvələri olanlar tam olaraq arxamızda durmadılar. Orada təbii ki, ”Yeni Müsavat”ın da  adını çəkmişəm. Həqiqətən “Yeni Müsavat” arxamızda durmayıb. Lakin bu, xəyanət məsələsi deyil, sadəcə olaraq, mövqe  məsələsidir. Mən bu cür qeyd etmişəm ki, əgər onlar arxamızda olsaydı, bizim oyunu udmaq şansımız çox yüksək idi. Çünki Rauf Arifoğlunun, Arif Əliyevin, Mehman Əliyevin və Elçin Şıxlının sözü, hər halda, çox şey ifadə edir və elə bir seçkidə ciddi dönüş yarada biləcək sözdür”.

A.Həsrətin sözlərinə görə, sözügedən 4 nəfərin seçimi xəyanət adlandırıla bilməz, bu sadəcə, mövqe məsələsidir:“Amma onların öz  seçimi var idi, o baxımdan bizi dəstəkləmədilər. Dəstəkləmədiklərinə görə də biz müqayisədə xeyli zəif göründük. Mən müsahibədə belə demişəm.  Xəyanət məsələsinə gəlincə, ortada xəyanət ola biləcək bir durum yoxdur. Mətbuat Şurasının qurultayı öncəsi Rauf bəy o məsələləri dəfələrlə mənimlə müzakirə edib, biz söhbət etmişik,  o da öz arqumentlərini deyib. Sadəcə olaraq, biz qəbul etməmişik. Bəlkə də o haqlı idi, bəlkə də biz haqlı idik. Bu keçmiş zamandır artıq. Ancaq  Rauf bəy, bütün  addımlarını, əməllərini, oyunlarını açıq oynayıb. O heç kimin arxasından iş çevirməyib. Hamı bilirdi ki, Rauf Arifoğlunun mövqeyi nədir. Mən bununla bağlı yazı da yazdım, Aynur xanım (teleqraf.com saytının baş redaktoru Aynur Camal) dedi ki, biz  həmin müsahibənin səs yazısını dərc edəcəyik. Mən də həvəslə gözləyirəm ki, mənim səs yazım yayımlansın. Birmənalı şəkildə deyirəm ki, o səs yazısında mənim Rauf bəyi və digərlərini xəyanətdə ittiham etdiyim heç bir cümləyə rast gəlməyəcəksiniz”.

Azər Həsrətlə müsahibəni aparan gənc  yazar Kəramət Böyükçöl isə hər hansı fikri təhrif etməsi ilə bağlı iddianı qəbul etmir: “Ola bilməz ki, mən nəyisə təhrif edim və ya səhv yazım. Mən neçə ildir ki, müsahibələr alıram, hələ hansısa bir fikri təhrif  elədiyim olmayıb. Mənim  Azər bəyə hörmətim var, sağ olsun zəng etdiyim zaman o da bizim müsahibə almaq  istəyimizi hörmətlə qəbul etdi, getdik və söhbət elədik. Əgər orada təhrif etmək məqsədi olsaydı, müsahibənin başqa yerləri var ki, biz orada eliyərdik, məhz  bu hissədə deyil. Azər bəy çox dolaşıq danışdı, cümlənin yarısını dedi, yarısı qaldı. Bu 4 nəfərdən – yəni Rauf Arifoğlu, Arif Əliyev, Elçin Şıxlı və Mehman Əliyevdən danışdığı yerdə sözünü yarımçıq qoydu, keçdi ona ki, bir dostum da var idi, adını çəkmək istəmirəm, mənə xəyanət elədi. Çox qarışıq danışdı. Biz Aynur xanımla məsləhətləşib, həmin müsahibənin səs yazısını da yayımlayacağıq. Orada heç bir təhrifə yol verilməyib. Sadəcə olaraq, müsahibədə fikirlər ümumiləşdirilib. O 4 nəfərin adını çəkib və sonra deyib ki, qalib gəlmək və Mətbuat Şurasının sədri olmaq heç də Əflatun Amaşovun gücü deyil, bu 4 nəfərin gücüdür”.

Kəramət Böyükçöl müsahibənin səs yazısını paylaşmaqla bütün qaranlıq məqamlara aydınlıq gətirəcəklərini qeyd etdi:“Və ya belə bir cümlə işlədir ki, ”Yeni Müsavat” mənə zərbə- davamını demir, keçir başqa bir fikrə. Mən də cümləni tamamlayıram ki, “Yeni Müsavat” mənə zərbə vurdu. Bizim də jurnalist maraqlarımız var. Mən onu bu şəkildə yaza bilmərəm ki, “Yeni Müsavat” mənə zərbə…. Təbii ki, bu cümlənin sonu aydındır. Müsahibədə heç bir fikrin təhrifinə yol verilməyib. Azər bəyin sonradan yazdığı yazını da mən oxudum, çox hörmətlə yazılıb. Sadəcə, o, elə düşünürsə, mən də bu cür yazmışamsa, səs yazısı ortaya qoyulmalıdır, bununla da məsələ aydınlaşmalıdır. İndi biz Aynur xanımla məsləhətləşəcəyik, nə məsləhət bilsə onu da edəcəyik”.

Nərgiz LİFTİYEVA

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …