Şənbə , Sentyabr 23 2023
Ana səhifə / Media / “Ata-anadan ayrı keçirdiyim ilk ad günü daha yaddaqalan olub…”- Aydın Quliyevlə müsahibə

“Ata-anadan ayrı keçirdiyim ilk ad günü daha yaddaqalan olub…”- Aydın Quliyevlə müsahibə

Tarixin hər günü müxtəlif illərin müxtəlif hadisələri ilə yadda qalır. Bu gün-18 iyul da fərqli illərdə başqa-başqa hadisələrin baş verdiyi özəl günlərdən biridir. Bu günü özəl edən hadisələrdən biri də jurnalist Aydın Quliyevin dünyaya gəlməsidir. Aydın Quliyev 18 iyul 1960-cı ildə Naxçıvan rayonunda doğulub. O, jurnalist, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, “Bakı-Xəbər” qəzetinin baş redaktoru, eyni zamanda politoloq və siyasətçidir.

Bu gün münasibətilə İnformator.az saytının əməkdaşı Məryəm Məmmədova Aydın Quliyevdən müsahibə alıb. Öncəliklə ona uzun, sağlam və uğurlu illər arzu edirik. O, yaddaqalan hadisələrlə bağlı xatirələrini bizimlə bölüşüb, jurnalistika fəaliyyətindən bəhs edib.

Aydın Quliyevin ən yadda qalan doğum günü hansı olub?

İnsanın ağlı kəsəndən bütün ad günləri yaddaqalan olur. Ad günü insanın ilbəil böyüməsi, yaşa dolması deməkdir. Onlar bizi uşaqlığımızdan, gəncliyimizdən və nəhayət, həyatdan ayırır. Bu mənada ad günlərinin hamısı özəldir, gözəldir, məzmunludur. Ancaq ailədən, ata- anadan ayrı keçirdiyim ilk ad günü daha yaddaqalan olub. Həmin günün hissləri unudulmur. Bu, mənim ilk tələbəlik illərimə düşüb.

Bəs jurnalistika ilə bağlı yaddaqalan hansı xatirələriniz var?

Jurnalistika o qədər canlı fəaliyyət sahəsidir ki, onun bütün tarixi unudulmaz xatirələrlə doludur. Jurnalistikada və qəzetçilikdə xatirələr təbii ki, jurnalist həmkarlarla bağlıdır. Onlarsız xatirə ola bilməz ki. Qorxuram hansı hadisəni xatırlasam, həmkarlarımdan kimlərsə “Niyə biz xatırlanmadıq?” deyərək məndən incisin. Hamını da xatırlamaq olmur. Xatirələri saxlayaq jurnalistikadan və qəzetçilikdən gedəcəyim vaxtlara. Qismət olsa..

Hər ikisinə aid o qədər hadisələr var ki. Mən özümü heç vaxt jurnalistikada daimi peşə adamı kimi görmədim. Hər səhər elə bildim ki, bu gün jurnalistikada son iş günüm olacaq. Son iş günü gəlmədi, taleyimiz həmişə bu sənətə bağlandı. Ən pis şey jurnalistikaya hansısa karyera naminə gəlməkdir. Jurnalistika əla peşədir, onu heç bir karyeranın ayaqları altına qoymaq olmaz. Təəssüf ki, bu gün də belə düşünənlər var. Deyirlər ki, özümə karyera qurmaq üçün jurnalistikaya gəlmişəm. Ən yaxşı hal isə odur ki, jurnalistikaya sevərək gəlirsən, yaradıcı və intellektual bir peşəkara çevrilmək üçün gəlirsən. Bunlara yetişdinsə, sonrası qismətin yazısıdır. Karyera ola da bilər, olmaya da bilər.

Mən jurnalistikaya könüllü gəlməsəm də, onu ilk andan sevdim, sahənin peşəkarı olmaq üçün düşmüş şansı qiymətləndirməyə çalışdım.

Sizcə əsl jurnalist kimə deyilir?

Jurnalist rüşvət almaz, yazdığını satmaz. Elə yazar ki, yazdığını bir gün ona pozdurmasınlar. Doğrudur, Azərbaycan mühitində bunları sənətimizin dəyərinə çevirmək çox müşküldür, ancaq kim nə qədər bacarırsa, bunu etməlidir. Mənim bütün jurnalistika fəaliyyətim baş redaktorluqdan ibarət olub. Tale belə gətirdi, bu, mənim üçün seçim olmadı. Bu 22 ildə kim mənə rüşvət verdiyini, kimdənsə şantaj haqqı umduğumu yadıma salsa, minnətdar olaram, hətta rüşvət aldığımı eşitdiyini açıqlasa belə.

Hər kəsə bu peşədə alnıaçıq karyera arzu edirəm, Sizə də. Ad günümdə məni yada saldığınız üçün minnətdaram.

Məryəm Məmmədova

Həmçinin oxuyun

Rauf Arifoğlu ilə Akif Aşırlının ailəsində xoş gün -FOTOLAR

“Yeni Müsavat” Media Qrupun rəhbəri Rauf Arifoğlunun qızı Dünya və “Şərq” qəzetinin təsisçisi Akif Aşırlının …