Ana səhifə / Media / Ata Abdullayevə qapaz vuran jurnalistə qarşı cinayət işi başlandı

Ata Abdullayevə qapaz vuran jurnalistə qarşı cinayət işi başlandı

“Azadlıq” qəzetinin müxbiri Təzəxan Mirələmliyə qarşı Cinayət Məcəlləsinin 221.1-ci (Xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.

Bu barədə jurnalistin özü bildirib.
 

T.Mirələmlinin sözlərinə görə, ona qarşı cinayət işini özünü videobloqer kimi təqdim edən Ata Abdullayev tərəfindən verilmiş şikayət əsasında açılıb.
 

“Fevralın 26-da AXCP Xocalı prospektindəki “Ana fəryadı” abidəsini ziyarət edən zaman Abdullayev söyüş söyürdü və mən ona yaxınlaşaraq xəbərdarlıq etdim, o isə polisə guya onu vurmağımla bağlı şikayət edib.”
 

Jurnalist bildirib ki, hadisədən sonra onu Xətai Rayon Polia İdarəsinin 37-ci Polis Bölməsinə dəvət edib izahat alıblar.
 

“Çağırdılar izahat verdim, dedilər ekspertiza keçiriləcək. Sonra isə polisdən heç bir xəbər çıxmadı. Mən özüm işlə maraqlanmaq üçün bir dəfə polis bölməsinə getdim, dedilər təhqiqatçı məzuniyyətdədir. Bundan sonra isə heç bir məlumat ala bilmədim.”

Jurnalist əlavə edib ki, ona qarşı cinayət işinin açılması barədə sosial şəbəkələrdə məlumat alıb.

“Ata Abdullayev mənə qarşı cinayət işinin başlanması ilə bağlı qərarı öz facebook səhifəsində paylaşıb. Qərarda deyilir ki, cinayət işi Xətai Rayon Polis İdarəsi tərəfindən martın 11-də açılıb. Ora dəfələrlə zəng vursam da, telefonu götürən olmadı və mənim evimə heç bir məlumat gəlməyib.”
 

Mirələmli qərarda qeyd olunan detallara da münasibət bildirib.
 

“Orada deyilir ki, mən Abdullayevi sifət nahiyəsinə vuraraq ona çənə nahiyəsinin sıyrığı və qançırı kimi sağlamlığa zərər vurmayan xəsarətlər yetirmişəm. Qəti razı deyiləm. Mən onu vurmamışam.”
 

Məsələ ilə bağlı Ata Abdullayev bildirib ki, fevralın 26-da Təzəxan Mirələmli peşə fəaliyyətinə mane olaraq ona hücum çəkib.
 

“Mən hüquqi müstəvidə Mirələmli ilə mübarizə aparacam, öz hüquqlarımı qoruyacam. Qoy qanun pozan insanlara bir daha dərs olsun ki, qanunlara və adamın peşə fəaliyyətinə hörmət etmək lazımdır. Mirələmli peşə fəaliyyəti ilə məşğul olan şəxsə hücum çəkəndə bilmirdi ki, bir gün məhkəmə qarşısında cavab verəcək? Mən hüquq-mühafizə orqanlarına işin obyektiv baxıldığına görə minnətdaram. Dəfələrlə şikayətlər göndərdim və düşünürdüm ki, bu prosesdə soyuqluq var, amma yanıldım. Hazırda araşdırma davam edir və inanıram ki, tez bir zamanda Mirələmli məhkəmə qarşısına çıxarılaraq azadlıqdan məhrum olunacaq” – qeyd edib.(Pravda.az)

Həmçinin oxuyun

AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – Açıqlama

Azərbaycan Televiziyası (AzTV) martın 28-də Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik …