Ana səhifə / Media / At-eşşək əti ilə bağlı məsələ qəlizləşir, satış leqallaşa bilər

At-eşşək əti ilə bağlı məsələ qəlizləşir, satış leqallaşa bilər

Eyyub Hüseynov: “At əti Azərbaycanda yeyilmir”

“Qəzetiniz vasitəsilə aidiyyəti qurumlara müraciət edirəm ki, sovet dövründə at və eşşək ətinin kəsilməsinə və istifadəsinə verilən qərar ləğv olunsun”

“Azərbaycanda hər hansı heyvanın ətinin öz adı altında satışına qadağa qoyulmayıb. At əti və ya başqa bir heyvanın əti mütləq öz adı altında satışa çıxarılmalıdır. Ancaq at ətinin inək əti və ya qoyun əti adı altında satışa çıxarılması qanunsuzdur”.
Bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli media nümayəndələrinə açıqlamasında deyib.
Y.Xanvəli bildirib ki, at və yaxud başqa heyvanın ətinin satışa çıxarılması üçün onlar mütləq baytarlıq-sanitariya ekspertiza laboratoriyasında müayinədən keçirilməlidir: “At əti satışa çıxarılacaqsa, mütləq baytarlıq-sanitariya ekspertiza laboratoriyasında heyvanın sağlam olması haqqında arayış verilməlidir, heyvan haradan gətirilib və sair. Heyvanın sağlamlığına tam əmin olduqdan sonra onun satışına icazə verilir”.
Sallaqxanalarda daima reydlər keçirildiyini qeyd edən Y.Xanvəli qanunsuz heyvan kəsiminə qarşı mübarizənin davam etdiriləcəyini söyləyib.
Qeyd edək ki, aprelin 15-də Kürdəmir Rayon Baytarlıq İdarəsi rayonun Xınıslı kənd sakini Bağırov Anar Ağarəsul oğluna məxsus həyətdə antisanitariya vəziyyətdə kəsimi aparılan, baytarlıq-sanitariya ekspertiza laboratoriyasından keçməyən 165 kq miqdarında at əti aşkarlayıb. Aparılan araşdırma zamanı atın yeni kəsildiyi və satış üçün hazırlandığı məlum olub.
Ekspertlər at ətinin kəsilməsinin qanunla qadağan olunmasının tərəfdarıdır.
Azad İstehsalçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bizimlə söhbətində bildirdi ki, ət və eşşək ətinin yeməli olması haqqında qərar sovet dönəmində qəbul olunub: “Bu qanunun qəbul olunmasının üstündən uzun müddət keçib və Azərbaycan da heç bir ölkədən asılı deyil. Qəzetiniz vasitəsilə aidiyyəti qurumlara müraciət edirəm ki, sovet dövründə at və eşşək ətininin kəsilməsinə və istifadəsinə verilən qərar ləğv olunsun. Məlumdur ki, bu heyvanın əti Azərbaycanda yeyilmir. At ətinin yeyilməsinin bəyənilməməsinin bir səbəbi atların insanların əsas minik vasitəsi olması ilə bağlıdır. Əvvəllər insanlar atdan uzaq səfərlər, döyüşlərdə əvəzsiz nəqliyyat vasitəsi kimi istifadə edirdilər. Bundan başqa, at, qatır və ulaq kimi heyvanlar tək dırnaqlılar fəsiləsindəndir və eyni zamanda, inək, camış, qoyun kimi ot yeyən heyvanlardan fərqli olaraq onlar gövşəmir. İslam dini hökmlərinə görə, caynaqlı, ət yeyən heyvanların əti haramdır”.

Günel CƏLİLOVA

Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …

Bir cavab yazın