Cümə , Noyabr 27 2020
Ana səhifə / Media / Aspirantlar yataqxanasının sakinlərindən İlham Əliyevə açıq məktub

Aspirantlar yataqxanasının sakinlərindən İlham Əliyevə açıq məktub

Bakı şəhəri Yasamal rayonu Şərifzadə 12 ünvanında daimi qeydiyyatda olmaqla yaşayan 50-dən cox sakin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə açıq məktub ünvanlayıblar.

Azinforum.az aspirantlar yataqxanasının sakinlərinin prezidentə açıq məktubunu təqdim edir:

Möhtərəm cənab Prezident!

Təkrar Sizə müraciətimizin səbəbi Yasamal rayonu Şərifzadə 12 ünvanında yaşayan 50-dən çox sakinin 13.06.2017 tarixdə AMEA rəhbərliyi və mənzil komissiyası tərəfindən aparılan ədalətsiz  bölgü nəticəsində iki aya yaxın bir müddət ərzində məruz qaldığı haqsızlıqdır. Bu müddət ərzində hüquqları AMEA  tərəfindən sərt şəkildə pozulmuş sakinlər, yəni bizlər AMEA rəhbərliyinin düşünülmüş şəkildə yaratdığı problemin həllini gözləsək də, hər addımda əsassız bəhanələrlə aldadılırıq. 20 ildən artıq müddətdir yuxarıda qeyd olunan ünvanda  daimi qeydiyyatda olaraq yaşayan sakinlərin haqqında AMEA rəhbərliyi və onun ətrafındakı məsul şəxslər yaydıqları qeyri-ciddi, əsassız məlumatlarla, ədalətsizcəsinə həyata keçirdikləri qanunsuzluqlarını  böyük cəhdlə ört-basdır etməyə çalışırlar. AMEA rəhbərliyi və mənzil komisiyasının ev bölgüsü zamanı rəhbər tutduğu kriteriyalar ədalətsiz olmaqla qeyri-müyyən xarakter daşıyır. Hüquqları kütləvi şəkildə pozulmuş, yerə-göyə sığmayan haqsızlıqlarla üzləşən,  ciddi mənəvi psixoloji zərbələrə məruz qalmış sakinlərin qarşısına qoyulan, heç bir idarəçiliyə sığmayan təklifləri ilə AMEA rəhbərliyi sanki uşaqbaşı aldadırmış kimi göstərdiyi qondarma diqqət ilə bizləri daha da hiddətləndirir. AMEA rəhbərliyi xeyli sayda insanın hüquqlarını  pozaraq  bu günə qədər yaranmış problemin həllinə biganə qalmaqla qanunsuz olaraq mənzil bölgüsündən kənarda qalan həmin insanları dövlətdən narazı salmağa çalışır.

Rəhbərlik ciddi cəhdlə Azərbaycan Respublikası Qanunları tərəfindən qorunan müqavilə şərtlərini və şirkətlə sakinlər arasında aparılan razılıq iclasının protokolunu qətiyyətlə rədd edərək öz prinsiplərini daha üstün tutur. Belə olan halda rəhbərlik Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 12 ünvanında 20 ildən artıqdır ki, daimi qeydiyyatda olmaqla yaşayan 50-dən artıq ailənin mənzil haqlarını mənimsəyir. Axı burada tikilən binalar Sizin uğurlu daxili və xarici siyasətiniz sayəsində inkişaf edən iqtisadiyyatımızın məntiqi nəticəsidir. AMEA rəhbərliyi isə yaranmış münbit vəziyyətdən istifadə edib vətəndaşların rifahını yaxşılaşdırmaq əvəzinə öz maraqlarını üstün tutaraq narazı sakinlərin hüquqlarını bilərəkdən pozur. AMEA rəhbərliyi qeyd olunan ünvanda yaşayan və hüquqları pozulmuş sakinlərin problemlərini həll etmək əvəzinə, qəbul xatirinə qəbullar təşkil edərək yalançı vədlər verib zaman qazanmaq niyyəti güdür. Görünən odur ki, AMEA rəhbərliyi heç bir problem həll etmək niyyətində deyil, əksinə olaraq qondarma komissiyanın qərarı ilə mənzil almış bina sakinləri ilə mənzil hüquqlarından məhrum olunmuş sakinləri üz-üzə qoyaraq konflikt yaratmaqla məşğuldur. Butün bunlar ona hesablanmışdır ki, nə olur-olsun AMEA rəhbərliyi hər vəchlə öz maraqlarını üstün tutub yaranmış problemləri həll etməyəcək. Ona görə də biz – sakinlər AMEA rəhbərliyinin təmsil olunduğu mənzil bölgüsü aparan komissiyanın obyektiv qərarlar qəbul edəcəyinə inanmırıq.

Hörmətli cənab Prezident!

Azərbaycan vətəndaşları olaraq Sizdən artıq dərəcədə xahiş edirik ki, cəmiyyətdə problemlərin həllinə səbəb olan qətiyyətli mövqeyinizi bizim mənzillə təmin olunmağımıza da göstərəsiniz. Son zamanlar Sizin vətəndaşların maraqları naminə gördüyünüz işlər bizləri çox ümidləndirir. Son ümid olaraq Sizə müraciət edirik və əminik ki, Siz bizim bu haqq işimizi müdafiə edəcəksiniz və problemin ədalətli həll olunması istiqamətində addımlar atacaqsınız”.

 

Həmçinin oxuyun

Azərbaycanda daha bir qəzet fəaliyyətini dayandırıb

Bakı şəhər Baş Polis İdarəsinin orqanı olan “Polis” qəzeti fəaliyyətini dayandırıb. Qəzet 1993-cü ildən həftədə …

Bir cavab yazın