Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Media / Aslan Abdullayev: “Azərbaycanda piylənmə əleyhinə effektiv mübarizə apara bilən çox az sayda mütəxəssislərimiz vardır”

Aslan Abdullayev: “Azərbaycanda piylənmə əleyhinə effektiv mübarizə apara bilən çox az sayda mütəxəssislərimiz vardır”

Azinforum.az Laraskopik Bariatrik Cərrah Aslan Abdullayevin Day.Az-a müsahibəsin təqdim edir.

“Piylənmənin baş verməsi üçün genetik fatoru olan adamlarda bir sıra təkanverici faktorlar da olmalıdır”

 

– Piylənmə problemi bü gün Azərbaycanda nə dərəcədə aktualdır?

– Piylənmə bu gün dünyada geniş yayılıb və gedərək də populyasiyalarda artmaqda davam etməkdədir. Təbii ki, bu artım Azərbaycandan da yan ötməyib, əksinə bizim ölkəmizdə hər iki nəfərdən birində ən azından artıq çəki, hər üçündən birində isə piylənmə xəstəliyi vardır. Bəli, bu bir xəstəlikdir və ciddi fəsadları vardır. Dünya səhiyyə təşkilatı tərəfindən də çox ciddi və ağır fəsadlar törədən, lakin müalicəsi mümkün olan bir xəstəlik kimi tanınmaqdadır. Təbii ki, bütün bunlar cəmiyyətimizdə sosial-ictimai həyatdan yan ötüşmür, əksinə hər gün bunun bu və ya digər şəkildə ağır təsirlərini cəmiyyətimiz və sıravi Azərbaycan ailəsi hiss etməkdədir.

– Çoxyeməklik və oturaq həyat tərzi piylənməyə gətirib çıxardır. Artıq çəkinin yaranmasında daha hansı faktorlar rol oynayır?

– Sizə elə gəlməsin ki, bir insan çox yeyərsə və oturaq həyat tərzi keçirərsə piylənmə dərhal başlayır. Əlbəttə, bu piylənməyə şərait yaradan ciddi faktor olsa da, xəstəliyin əsl səbəbi X-sindrom yaxud da ki, metabolik sindromdur. İlk adından da bəlli olduğu kimi, gizli səbəblərlə bağlı birdən-birə orqanizmdə metabolik dəyişiklər baş verməyə başlayır. Bu səbəblər çox olduğu üçün məhz hansının birinci başladığını – trigger rolunu oynadığı sübut edilməyib. Lakin bu gün, genetik faktorun ən vacib rol oynaması bəllidir. Bu isə o demək deyil ki, genetik faktor varsa, bu mütləq baş verməlidir. Piylənmənin baş verməsi üçün genetik fatoru olan adamlarda bir sıra təkanverici faktorlar da olmalıdır. Bunlara bağırsaq mikroflorasının bir populyasiya şəklində dəyişikliyə uğraması, qeyri-düzgün qidalanma, stress faktorlarının çoxalması və daimi olması, digər psixogen faktorlar və ən nəhayət qeyri-aktiv (fiziki, cinsi və s.) həyat tərzi aiddir. Bəli, bu faktorların qaşısını isə çox vaxt vaxtında tədbirlər görülərsə almaq mümkündür.

– Bəs piylənmənin fəsadları nədən ibarətdir?

– Piylənmənin fəsadlı təsirlərini sadalamaqla əslində qurtarmaz. Ən çox sosial əhəmiyyət daşıyan fəsadlarına isə ikinci tip şəkərli diabet, adinamiya, oynaq və bel ağrıları, arterial təzyiq, insult, miokard infarktı və qəfləti ölüm, nəfəs darlığı və gecə boğulmaları, cinsi pozğunluq və sairədir. Əslində piylənmə xəstələrinin istənilən anda istənilən xoşagəlməz fəsadla qarşılaşa biləcəyini hər kəs bilməlidir. Bu xəstəliyin bu mənada “ayaq üstə gəzən ölülər” kimi sinonimi vardır. Çox hallarda gecə yatıb gündüz durmayan insanlar piylənmə xəstələridir.

– Piylənmə əleyhinə bu gün Azərbaycanda hansı müasir müalicə metodları tətbiq olunur?

– Bəli məhz bu nöqtədə bilməyimiz vacib olan çox mühüm elmi məqamlar var. Piylənməni müalicə edən mütəxəssis ən azından piylənmənin müasir beynəlxalq klassifikasiyasını bilməlidir. Bu haqda məlumatı olmadan piylənmə kimi ciddi xəstəliklə qeyri-professional məşğul olmaq olmaz. Təəssüf ki, bu gün Azərbaycanda piylənmə əleyhinə effektiv mübarizə apara bilən çox az sayda mütəxəssislərimiz və klinikalarımız vardır. Bu çətinlik isə piylənmənin müalicəsinin bir kollektiv işi olması ilə əlaqədardır, yəni, bu multidistsiplinar bir müalicə metodudur. Bu da bariatrik cərrahla endokrinoloq, kardioloq, pulmonoloq, psixoloq, psixiatr, qastroenteroloq və dietoloqla sıx əlaqələndirilmiş bir işinin olmasını tələb edir. Əksər insanların bu haqda məlumatları yoxdur. Bütün xəstəliklərdə olduğu kimi, piylənmə zamanı da əvvəl konservativ müalicə tədbirləri – düzgün qidalanma və həyat tərzi, xüsusi idman məşğələləri, bir sıra dərman preparatlarının təyini, mədə balonu və s. görülür. Bəli bədən kütlə indeksi 35 keçdikdən sonra bu xəstələrin yeganə effektiv müalicə metodu cərrahi yolladır və bununla bariatrik-metabolik cərrahlar məşğul olurlar. Əlbəttə, söhbət effektiv və qalıcı müalicədən gedir və bu artıq dünyada sübut olunmuş faktdır.

– Piylənmənin fəsadları ilə necə mübarizə aparmaq olar?

– Yalnız vaxtında və düzgün seçilmiş müalicə taktikası xəstəliyin fəsadlarını minimuma endirər və xəstəliyi müalicə edə bilər.

– Bu gün Azərbaycanda uşaqların piylənmə göstəricisi hansı səviyyədədir?

– Bu ciddi sosial bəlaya çevrilməkdədir, çünki uşaqlarda piylənmə böyüklərdən az olsa da sürətlə artmaqdadır. Bu isə probləmə hələ də ciddi yanaşmanın olmamasından xəbər verir.

– Uşağlarda piylənməni necə müəyyənləşdirmək olar? Bu kimi vəziyyətlərdə valideyn uşağını həkimə aparmalı yoxsa xüsusi qida rejimi tətbiq etməlidir?

– Pilənmənin olub olmamasını müəyyən edən sadə formula vardır ki, bununla hər kəs özündə və uşağında piylənmənin olub-olmamasını müəyyən edə bilər. Məsələn: üç insan düşünək. Hər üçünün də çəkisi 90 kq-dır. Lakin eyni çəkisi olan bu insanların biri normal, biri artıq çəkili, üçüncüsü isə piylənmə xəstəsi ola blər. Çünki birinin boyu 1metr 92 sm, ikincisinin boyu 1 metr 78 sm, üçüncünün isə boyu 1metr 50 sm-dir. Çəkinin boya nisbəti pilənmə xəstəliyinin ilkin diaqnostikası üçün əsas götürülür və bu nisbət Bədən Kütlə İndeksi adlanır. Artıq çəkisi olan uşaqların valideynlərini dərhal uşağın düzgün qidalanması ilə bağlı (həm qidanın həcmi olaraq, həm də qidanın tərkibi olaraq) ciddi düşünməlidirlər. Marketlərdən alınma əksər qidalar və şirniyyat məhsullarına qəti qadağa qoymalıdırlar, mütləq rejimli idman məşğələlərini başlanmalıdır və bu zaman motivasiya olsun deyə normal çəkili uşaqlarla bir qrupda məşğələlərin olması daha yaxşı olardı. Bundan əlavə uşağın sağlam psixoloji mühitinin olmasına diqqət yetirilməlidir.

Həmçinin oxuyun

“Xəzər TV” niyə məhkəməyə verilib?

“Xəzər TV” məhkəməyə verilib. Pravda.az-ın xəbərinə görə, televiziya ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciəti “Reji” …

Bir cavab yazın