Şənbə , Aprel 20 2024
Ana səhifə / Media / Apteklərdə son durum: Qiymətlər ucuzlaşıb, dərmanlar yoxa çıxıb – REPORTAJ

Apteklərdə son durum: Qiymətlər ucuzlaşıb, dərmanlar yoxa çıxıb – REPORTAJ

Xəbər verdiyimiz kimi, dərman vasitələrinin növbəti qiymət tənzimlənməsi ilə bağlı bəyannamələrinin qəbulu oktyabrın 20-də başa çatacaq.

Qeyd edək ki, son olaraq oktyabrın 5-də Tarif (qiymət) Şurasının iclasında daha 1126 dərman vasitəsinin qiymətləri təsdiqlənib. Bunlardan Şuranın əvvəlki qərarları ilə qiymətləri təsdiq edilmiş təsiredici maddə qrupuna aid olan 47 dərman vasitəsinin qiyməti 2015-ci il 6 oktyabr tarixindən, yeni təsiredici maddələr üzrə 1079 dərman vasitəsinin qiyməti isə 2015-ci il 1 dekabr tarixindən qüvvəyə minir.

Ümumilikdə isə indiyədək 2183 dərman vasitəsinin qiymətləri tənzimlənib ki, bununla da satışda olan dərman vasitələrinin mövcud qiymətləri ilə müqayisədə 53% dərman vasitəsinin qiyməti 2 dəfədən çox, 28% dərman vasitəsinin qiyməti 3 dəfədən çox aşağı salınıb, ümumilikdə isə satışda olan dərman vasitələrinin 98%-i üzrə qiymətlər endirilib.
Bəs, görəsən yeni qərarlar apteklərdə dərmanların qiymətində öz əksini tapıbmı? Tarif Şurasının qərarına əməl olunurmu? Əczaçılıq sahəsində dərman qıtlığının yaranması haqqında yayılan xəbərlər doğrudurmu?
“Yeni Müsavat”-ın əməkdaşı bu suallara aydınlıq gətirmək üçün paytaxtda fəaliyyət göstərən apteklərdə olub və dərmanların qiyməti ilə maraqlanıb.
“Neftçilər” metrostansiyası yaxınlığında “Zeytun farm” şirkətinin nəzdində fəaliyyət göstərən aptekdə satıcı qiymətlərin nisbətən ucuzlaşdığını bildirsə də, bəzi dərmanların qıtlığının yarandığını da etiraf etdi.
Aptekin satış mütəxəssisi Həqiqət Əsgərova bildirdi ki, yeni qiymət tənzimlənməsindən sonra firmalar bəzi dərmanları verməkdən imtina edir: “Əvvəlki kimi müştərilərin istədiyi dərmanlar tapılmır. Atorvastinlər, qlopedrollar, azetromesin qrupuna daxil olan dərmanlar, flukonozol qrupuna aid dərmanlar azlıq təşkil edir. Allergiya dərmanları qrupuna daxil olan dərmanlar, “Loretadim” dərmanları azdır”.
Dərmanların qiymətlərinə gəldikdə isə, satış mütəxəssisi Tarif Şurasının qərarından sonra qiymətlərin kəskin şəkildə azaldığını dedi: “Camaat arasında hələ də, qiymətlərin azalması barədə xəbəri olmayanlar var. Elə dərmanlar var ki, onların qiymətlərinin endirimi barəsində hələ Tarif Şurası tərəfindən qərar verilməyib. Əvvəllər “Azetromesin” preparatı 10 manat idi, indi 2 manat 30 qəpiyə enib. “Flukonozol” preparatı 8-9 manata idi, indi 1 manat 80 qəpik olub. Ürək üçün olan “Kartan” adlı dərman qərardan əvvəl 16 manat 20 qəpik idi, hazırda 6 manat 20 qəpik olub. Gündəlik istifadə olunan dərmanlarda isə endirim yoxdur. Bu dərmanların qiymətləri çox ucuz olduğundan hər hansı bir endirimlə bağlı bizə bildiriş gəlməyib”. Təzyiq üçün amnidupin qrupuna aid olan “Amlavat” 6 manat 60 qəpik idi, indi 1 manat 82 qəpik olub. Gün ərazində bir çox müştəri dərman çatışmazlığının olduğunu deyir. Bu gün “Eskolan”lar, “Liprimal”lar, “Atorvastin” qrupuna aid olan dərmanlar azlıq təşkil edir və yaxud bu dərmanlar tapılmır. Bunlar ürək əməliyyatı zamanı stend qoyulduqdan sonra hər gün xəstənin qəbul edəcəyi dərmanlardır. 20 manatdan 11 manata düşən bu dərmanları tapmaq müşkül məsələyə çevrilib”.
Əczaçı bildirdi ki, antibiotiklərin qiymətlərində də xeyli endirim var: “Bu tip dərmanlarda da qıtlıq müşahidə olunur. Bəzi növləri gəlsə də, qiyməti çox endirilən antibiotiklər verilmir. 11 manata olan antibiotiklər 2 manat 80 qəpik olub. Vətəndaşlar dərmanların qiyməti ilə bağlı olan siyahıdan xəbərsizdir. Lakin 2016-cı ilin sonuna qədər bütün dərmanların qiymətlərində yavaş-yavaş tənzimlənmə gedəcək”.
Apteklərdə müştərilərlə də həmsöhbət olduq. Müştərilər onlara lazım olan dərmanların baha olduğunu dedilər.
Misal üçün oynaq ağrıları üçün olan “Diprospan” adlı dərmanın qiymətindən narazılıq edən vətəndaş  bu dərmanın şəhərin mərkəzində baha olduğunu dedi: “Ümumiyyətlə şəhərin mərkəzindəki apteklərdə dərmanlar çox bahadır. Özüm mərkəzdə yaşadığım üçün bu dərmanı 5 manata alıram. Həddindən artıq baha olmasını anlaya bilmirəm. Burada isə 3 manat 20 qəpiyə aldım. Əvvəllər İsveçrənin orginal dərmanını alırdım, indi isə həmin dərman gəlmir. Keyfiyyət baxımından da o dərmanın təsiri böyük idi. Eynitərkibli olduğu üçün məcburam buradan əldə edəm”.
Eynitərkibli dərmanların qiymətinin müxtəlif olması barədə şikayətlərə cavab verən Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertizası Mərkəzinin Dərmanların keyfiyyətinə nəzarət inspeksiyasının rəisi Pərviz Əzizbəyov mətbuata açıqlamasında bildirib ki, bunun səbəbi həmin dərmanların hansı ölkədən idxal edilməsi ilə bağlıdır: “Qiymətlər fərqli olsa da, dərmanın təsir qüvvəsi eynidir. Dərman vasitəsi dövlət qeydiyyatına alınarkən müxtəlif ekspertizalardan keçirilir. Onun keyfiyyət və təhlükəsizlik parametrləri təsdiqlənəndən sonra dövlət qeydiyyatına alınır. Dövlət qeydiyyatına alınan dərman vasitələrinin keyfiyyəti ilə bağlı isə heç bir problem yaranmır. Dərmanın qiymətinin yuxarı və aşağı olması onun keyfiyyətinin yuxarı və aşağı olması demək deyil. Bu səhv fikirdir. Keyfiyyətin təminatçısı, əsas parametri dövlət qeydiyyatı, qeydiyyat vəsiqəsidir”.


Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın