Ana səhifə / Media / Apelyasiya Məhkəməsi Vəli Şükürovu həbsdə saxladı

Apelyasiya Məhkəməsi Vəli Şükürovu həbsdə saxladı

Fevralın 10-da Bakı Apelyasiya Məhkəməsində fotobloger Vəli Şükürovun inzibati həbsindən verilmiş şikayətə baxılıb. O, fevralın 4-də axşam saxlanılıb və növbəti gün Yasamal Rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 510-cu (kiçik xuliqanlıq) və 535.1-ci (polisə tabe olmama) maddəsi ilə 30 gün müddətinə həbs olunub.
Müdafiə tərəfi Şükürovun həbsinin qanunsuz olduğunu bildirib.
Vəkil Zibeydə Sadıqovanın jurnalistlərə verdiyi məlumata görə, inzibati işdə Şükürovun “küçədə özünü qeyri-adekvat apardığı”, polis ona yaxınlaşdıqda isə guya “tabe olmadığı” və “qaçmağa başladığı” iddia olunur.
“Vəli Şükürov yaşadığı evin həyətində saxlanılıb. Amma polisin protokolunda onun başqa yerdə saxlanıldığı qeyd edilir. Biz Şükürovun yaşadığı evin həyətindəki videomüşahidə kameralarının görüntülərinin izlənməsi haqqıında vəsatət verdik. Polisin Şükürovun saxlanıldığını iddia etdiyi yerdə də kameralar var. Videokameraların görüntülərinin izlənməsi Şükürovun polisin protokolda qeyd etdiyi vaxtda və yerdə olmadığını göstərərdi”, – deyə Sadıqova qeyd edib.
O, həmçinin bildirib ki, ona fevralın 5-də Yasamal Rayon Məhkəməsində Şükürovun işi üzrə prosesdə iştirak etmək imkanı yaradılmayıb. Vəkilə məhkəmənin vaxtı haqqında gec məlumat verilib və o, iclasa çatmayıb.
Onun sözlərinə görə, prosesdə Şükürov birinci instansiya məhkəməsinin qərarında onun guya “yol verdiyi hüquq pozuntularına görə peşman olduğunun” yazılmasına etiraz edib.
“Amma maraqlıdır ki, məhkəmə öz qərarında Şükürovun “yol verdiyi hüquq pozuntularına görə peşman olduğunu” iddia etsə də, bunu yüngülləşdirici hal kimi nəzərə almayıb və ona maksimum cəza verib”, – deyə vəkil qeyd edib.
Apelyasiya Məhkəməsi müdafiə tərəfin heç bir vəsatətini təmin etməyib və sonda şikayəti də təmin etməyib.
İnzibati işlərdə Apelyasiya Məhkəməsi ən yüksək şikayət instansiyasıdır. Amma gələcəkdə fotobloger Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edə bilər.
Bir müddət əvvəl fotoblogerin həyat yoldaşı Aytac Ələnur bildirib ki, Şükürov saxlanılmazdan əvvəl, fevralın 4-də Binəqədi Rayon Polis İdarəsinə çağırılıb. Burada Şükürovu üç il əvvəl sahibi hansısa məmur olan avtomobil haqqında məlumat aldığı bir polis əməkdaşı haqqında sorğu-sual ediblər.
Fotoblogerin həmkarları hesab edirlər ki, Şükürovun həbsinin əsl səbəbi məhz bu olub.
DİN-in mətbuat xidməti Şükürovun təqibində qanun pozuntusuna yol verməsindən başqa bir motiv olduğu haqqında iddiaları təkzib edib. Turan.az

Həmçinin oxuyun

AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – Açıqlama

Azərbaycan Televiziyası (AzTV) martın 28-də Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik …