Şənbə , Aprel 20 2024
Ana səhifə / Media / “Amnesty International”: “Hakimiyyət müstəqil medianı hədəfə almağı dayandırmalıdır”

“Amnesty International”: “Hakimiyyət müstəqil medianı hədəfə almağı dayandırmalıdır”

Frank Şvabe Toplum TV-yə hücumun Azərbaycanla bağlı “Am Abgrund” adlı sənədli filmin yayımlandığı gün baş verməsinə diqqət çəkib

“Azərbaycanda müstəqil mediaya qarşı hədə-qorxu kampaniyası Toplum TV-yə hücumla davam edir”.

“Amnesty International”ın Cənubi Qafqaz üzrə tədqiqatçısı Nataliya Nozadze polisin müstəqil Toplum TV-nin Bakıdakı ofisinə basqın edərək jurnalistləri saxlaması xəbərinə münasibət bildirərkən belə deyib:

“Müstəqil mediaya qarşı bu son təzyiq ifadə azadlığı və media azadlığı hüququna birbaşa hücum və tənqidi səsləri susdurmaq cəhdidir. Azərbaycan hakimiyyəti müstəqil media qurumlarını və müxalifət qruplarını hədəfə alır, qorxudur və təqib edir, insan haqlarına və qanunun aliliyinə açıq-aşkar etinasızlıq nümayiş etdirir”, – o əlavə edib.

Nataliya Nozadze deyir ki, Azərbaycan hakimiyyəti insan hüquqlarına və müstəqil mediaya qarşı artan təzyiqlərə dərhal son qoymalı, ifadə azadlığı və media azadlığı da daxil olmaqla hər kəsin insan hüquqlarına hörmət etməli, qorumalı, təşviq etməli və yerinə yetirməlidir.

Hakimiyyət müstəqil medianı hədəfə almağı dayandırmalıdır:

“Biz beynəlxalq ictimaiyyəti Azərbaycandakı vəziyyətin aktuallığını və ağırlığını tanımağa və bu təzyiqlərə son qoymaq üçün hakimiyyətə təzyiq göstərməyə çağırırıq. Ölkə bu ilin noyabrında “COP29” iqlim konfransına ev sahibliyi edəcəyi üçün bu beynəlxalq diqqət mərkəzindən insan hüquqlarına hörmət tələb etmək üçün istifadə edilməsi vacibdir”.

“Son aylarda bir neçə jurnalistin və fəalın həbsindən sonra Azərbaycanda Toplum TV jurnalistlərinin və fəallarının sərt həbsləri bizi çox narahat edir”.

Almaniyanın Azərbaycandakı səfirliyi “Toplum TV” jurnalistlərinin həbslərinə münasibət bildirib.

Səfirlik qeyd edib ki, müstəqil media və vətəndaş cəmiyyəti qorunmalıdır.

Almaniyalı deputat Frank Şvabe ToplumTV-yə hücumun Azərbaycanla bağlı “Am Abgrund” (Uçurumda) adlı sənədli filmin yayımlandığı gün baş verməsinə diqqət çəkib:

“Toplum TV hücuma məruz qalıb və ondan çox jurnalist saxlanılıb”.

Frank Şvabe həmçinin Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycanın nümayəndə heyətinin səlahiyyətinin dondurulması təşəbbüsünün müəllifidir.

Ötən ilin sonlarından başlayaraq Azərbaycanda 10-a yaxın jurnalist həbs edilib, yaxud saxlanılıb. Həbs edilənlərdən əksəriyyəti “AbzasMedia” saytının əməkdaşlarıdır. “Kanal 13” saytının da bir neçə əməkdaşı müxtəlif ittihamlarla həbsdədir.

“AbzasMedia” işi üzrə həbslər 2023-cü il noyabrın 20-dən başlayıb. Öncə saytın direktoru Ülvi Həsənli, direktor müavini, ictimai fəal Məhəmməd Kekalov, baş redaktoru Sevinc Vaqifqızı həbs edilib.

Bundan sonra isə araşdırmaçı jurnalist Hafiz Babalı, reportyorlar Nərgiz Absalamova və Elnarə Qasımova həbs edilib.

Onların hər biri Cinayət Məcəlləsinin 206.3.2-ci (bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham olunur. Bu maddə ilə onları 5 ildən 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Jurnalistlər həbslərini sırf peşə fəaliyyətləri ilə əlaqələndirirlər.

Martın 6-da isə polis Toplum TV-nin ofisinə basqın edib, ofislə yanaşı saytın bir neçə əməkdaşının evində də axtarış aparılıb. Ofisdən 30 min avro, əməkdaşların isə evlərindən 2700, 3100 avro pul vəsaiti tapıldığı bildirilib.

Akif Qurbanova, Fərid İsmayılova, Müşfiq Cabbara, Əli Zeynala, Ramil Babayevə, Elmir Abbasova və İlkin Əmrahova 206.3.2 (qaçaqmalçılıq) ittihamı ilə cinayət işi açılıb.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …