Şənbə , Dekabr 5 2020
Ana səhifə / Media / Ağcabədidə müəllimlərin maaşları verilmir – FOTOLAR

Ağcabədidə müəllimlərin maaşları verilmir – FOTOLAR

Bayramqabağı Ağcabədi rayonunun orta məktəb müəllimləri, Mədəniyyət və Turizm şöbəsinə tabe olan musiqi məktəbləri, muzey, kitabxana işçiləri maaş ala bilmirlər. Müəllimlər bildirirlər ki, 150-200 manat məbləğində olan maaşlarını noyabr ayı üçün dekabr ayında iki dəfə qırıq-qırıq veriblər, dekabr ayının maaşı isə hələ də verilməyib. Bununla bağlı şikayət etsələr də, heç bir faydası yoxdur. 
Mədəniyyət və Turizm şöbəsində işləyən müəllimlər də bildirir ki, onların nə noyabr, nə də dekabr aylarının maaşlarını verilməyib.
Adının çəkilməsini istəməyən tarix müəllimi deyir ki,“Məktəb direktorları müəllimləri yığıb bildiriblər ki, rayonda “bayraq muzeyi” tikilir. Ona görə də, icra başçısı Şahin Məmmədov məktəb direktorlarına tapşırıb ki, hər məktəb 5 min manat pul verməlidir, bu səbəbdən də direktor da müəllimlərin maaşlarından tutur.”
3 saylı məktəbdə işləyən müəllimlərin bildirdiyinə görə, direktor Tofiq Zeynalov hər müəllimin maaşından 60 manat tutulacaq. Üstəlik, pulları indidən tələb edirlər və artıq bir neçə müəllim gətirib, pulu verib.
11 saylı məktəbin müəllimləri də bunu təsdiqlədilər ki, direktor Eynulla Hacıyev də hər müəllimin maaşından 10 faiz tutulacağını bildirib.
Digər bir müəllim isə bildirdi ki, həm maaşlarını vermirlər, həm də maaşlarından 1 faiz YAP, 2 faiz həmkarlar, 1 faiz uşaq birliyinə, 1 faiz MİS, 1 faiz hərbi fond, hər dörd aydan bir də dövlət qəzetlərinə abunə üçün tuturlar.
Bu özbaşınalıq Ağcabədi rayonundakı bütün məktəblərdə baş verir. Rayon sakinlərinin əksəriyyətinin ailəsində müəllimlər var, sakinlər də bunu təsdiqləyirlər.
Rayon sakini Tahir Süleymanov deyir ki, “Mənim ailəmdə üç nəfər müəllimə işləyir, direktorlar onlara öncədən üç aylıq maaşılarının 10-20 faiz arası tutulacağını bildirib”.
Xaliq Kərimov da narazılıq edərək bildirib ki, onun qızı 9 ildir ki, müəllimlə işləyir, maaşını vermirlər:“Prezident İlham Əliyev Ağcabədi rayonuna quruculuq və abadlıq işlərinə görə milyonlarla pul ayırıb, amma icra başçısı Şahin Məmmədov “bayraq muzeyi”nin tikintisinin maliyyə xərclərini büdcə təşkilatlarında işləyənlərin maaşlarından kəsərək, təmin edir. Ölkədə devalvasiya böhranı yaşanır, qiymətlər də bir tərəfdən qalxıb, kreditləri ödəyə bilmirik. Bunlar da maaşları gecikdirir, hələ üstəlik, maaşlardan tuturlar”.
Məktəb müəllimləri çox narahatdırlar. Çünki artıq 31 dekabrdan etibarən 7 yanvara qədər iş olmayacaq. Deməli, dekabr ayının maaşını da verməyəcəklər.
Bundan başqa, Ağcabədi rayonunda bu gün kənd təsərrüfatı məhsullarının yarmarkası da keçirilib. Yarmarkaya gedən rayon sakinləri bazardakı qiymətlərlə yarmarkadakı qiymətlərdə heç bir fərqin olmadığını bildirdilər.
Yarmarkada iştirak edən Qafarov Xudayar bu haqda öz fikirlərini bildirdi: “Bir neçə gün öncədən elan etmişdilər ki, guya yarmarka keçiriləcək. İndi gəlmişik, baxıram ki, nə ətin, nə də meyvələrin qiymətlərində heç bir ucuzlaşma yoxdur. Bazarda necədirsə, burada da eynidir. Yalandan camaatı bura yığıb, özlərini reklam edirlər. İcra başçısının müavini Rövşən Əhmədov telekameralar qarşısında özünü reklam edir. Belə yarmarka bizə lazım deyil, müəllimlərə maaş verilmir, necə gəlib, alsınlar? Xahiş edirik ki, ölkə rəhbərliyinə bu haqda məlumat verəsiniz”.
Satıcılar da bildirdilər ki, onları bura zorla gətiriblər: “Bazarda oturub, birtəhər satış edirdik. Amma burada satış çox zəifdir. Çünki hamı bazara gedir”.



Həmçinin oxuyun

Məşhur amerikalı jurnalist Bakıya gəlir – VİDEO

Amerikalı jurnalist və televiziya aparıcısı Con Kelvin Betçelor Bakıya gəlir.  Bu barədə o özü şəxsi …

Bir cavab yazın