Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Media / Adı milyonçular küçəsinə verilən evsiz Azərbaycan şairi – Reportaj

Adı milyonçular küçəsinə verilən evsiz Azərbaycan şairi – Reportaj

Yazar Fərid Hüseynin mərhum şair Məmməd Arazın həyatı haqda “Qafqazinfo” üçün yazdığı yazını təqdim edirik:

SİRR

Həqiqət qınında durmur – haçansa başkəsən, qaniçən donunda, zalım qiyafəsində çıxır adamın rastına… Vaxt olur ki, civə kimi torpağa basdırılmaqdan başqa əlacı olmayan həqiqətlər yerin təkində də duruş gətirmir, torpağın sinəsinə də sığmır. Torpaq çox gizlinlərə saxlanc olsa da, dünya da sirraçan, vədə yetişəndə hayan durmayandı… Həqiqət, heç bir canın nazı ilə oynamır, ayrı-seçkilik salmır, o heç kəslə həmməslək, həmfikir deyil, oturduğu-durduğu kimsə yoxdur… Həqiqət hamını təkləmək üçün təkdir…

EVSİZ

Məmməd Arazın atası 1945-ci ildə təqsirsiz həbs olunmuşdu. Düşmən gəzən, əli gecə-gündüz kiminsə adını qaralamağa hazır dayanmış Sovet İmperiyası dağılana qədər daim belə oldu – həmişə seçilmişlər qaralandı. Günahsız yerə cəzalandırılmaq onlarda nəsillikcə idi… “İrsi xəstəliklər” isə qəbir evinəcən düşdüyü canın yaxasından qopmaq bilmir…

Məni bir məclisdə təriflədilər,
Günahkar bir balaca şerim oldu.
Motsart qığılcımım yox ikən hələ
O gündən mənim də Salyerim oldu.

Məmməd Araza qənimlik cavan çağlarından başlamışdı, hələ Moskvada Ali Ədəbiyyat kursunda oxuyarkən Bakıdakı yoldaşları mətbuat üzrə katib Nazim Hacıyevin görüşünə gedəndə ondan ev istəmişdilər, nədənsə Motsartın adı Salyerilərin “yadına düşməmişdi”…

SİRRAÇAN

Məmməd Arazın həyat yoldaşı Gülxanım Fətəliqızının xatirələrindəndi: “Gəzişdiyimiz vaxt “Azərbaycan” jurnalında çap olunmuş şeirlərdən xoşuma gələnləri əzbərdən dedim. Heç bilmirdim ki, bir neçəsi Məmmədin imiş. Çünki şeiri oxuyanda müəllifinə fikir verməzdim, xoşuma gəldi, əzbərləyərdim”.

Şairin ürəyinə yol tapmağın ən kəsə yolu, danışıqsız qəbul edilən üsulu, şəksiz ki, onun şeirlərini əzbər bilmək, ən azı hansısa misrasını yaddaşında “ilişdirmək”di. Əksər şairlər belə məqamlardan sevinirlər, axıb-əriyirlər, yumşalırlar…

1957-ci ilin yayında Gülxanım müəllimə Məmməd İbrahimi sinif yoldaşlarının yanında görəndə onu tanımadan söhbət əsnasında misralarını əzbər demişdi, sonradan bilmişdi ki, şeirini dediyi şair dostların arasındaymış. Və beləcə bir-birlərinin yaddaşında təravəti heç zaman əskilməyən xatirə cığırı salmışdılar…

Bir vaxtlar Məmməd İbrahimin bir şeirini əzbərləyən qız, sonradan onun bütün ömrünü əzbərlədi və kağıza köçürdü – sirraçan oldu…

EV

Məmməd Araz 1961-ci ildə Maksim Qorki adına İkillik Ali Ədəbiyyat Kursunun məzunu olub Bakıya qayıdanda o dövr qılıncının dalı-qabağı kəsən N.Tixonovdan bir məktub almışdı. Məktubda Məmməd Arazın evlə təmin olunması xahiş olunurdu. Məktubu gətirib vermişdi Bakısovetinin sədri Əliş Lənbaranskiyə. Musabəyov qəsəbəsi Sallaqxana küçəsindəki 30 saylı binada, mənzil 30-da ona, 30 kv/m ev verilmişdi. Bu, indinin evləriylə müqayisədə “quş damı” idi… Məmməd Araz beləcə ilk ünvan qazanmışdı…

SİRRİ-ZƏMANƏ

Məmməd Arazın vəfalısı, ömür-gün yoldaşı Gülxanım müəllimənin sayəsində şair haqqında neçə-neçə sirlərə vaqif olmaq nəsibimizdir.

Zəmanənin ədəbiyyat səhnəsində olanların ailə-uşağı çox vaxt, şairdən, yazıçıdan sonra ağızlarına su alıb otururlar, gizli gileylənirlər, qiymət umurlar, ancaq narazılıqları barədə, sinələrində qabarıb-çəkilən fikirlər haqda kəlmə kəsmirlər, hansısa məchul bir ədalətin yetişib hamıya lazım olduğu dəyəri verəcəyinin intizarı ilə yaşayırlar. Unudurlar ki, gərək olanları, ədibin çalxantılı taleyi haqqında ürəyində saxladıqlarını heç olmasa dilə gətirəsən, əks təqdirdə yaradıcı insanın yaşadığı dövrdə ona iftira püskürənlərin yetirmələri, yaxud nahaq danışanlarla həmxasiyyətlər hansısa yalanları qurub-qoşacaqlar, həqiqət o uğultulu gopların yanında eşidilməzləşəcək. Yaxşısı budur ki, o zəmanənin övladının başına gələnləri sinəndə daşıyıb-daşıyıb özünlə birgə qəbir evinə aparmayasan. Görk, örnək kimi yaddaşlarda qala, mənbəyə çevrilə, sabah da həmin həqiqət bir başqa həqiqətin yaşamasına pasiban ola. Ən azı kimisə hansısa əməlindən utandıra. Məmməd Arazın həyat yoldaşı olanları yazmaqla Allahın ondan əsirgəmədiyi həqiqətçiliyi, doğruluğu bir şəxsin timsalında ədəbiyyat tarixinə bağışladı…

EVLİ

Məmməd Arazın bütün mərdliyi, sınmazlığı, dözümü ilə yanaşı, bir evdə, xanım yanında üzüntülü ab-hava yaratmağı, özünə vaxt-bivaxt ölüm arzulamağı da varmış. Xüsusən, səhhət böhranları başlayanda cavanlığından canına çökmüş xəstəlik onu tez-tez vəsiyyət yazmağa vadar edərmiş.
* Moskvada oxuyanda: “mənə bir şey olsa elə et ki, uşaqlar Azərbaycanca yaxşı bilsinlər…”
* Adi soyuqdəymə vaxtı: “məni kəndimizdəki Səngər təpəsində dəfn edərsiniz” deyə vəsiyyət edərmiş…
* İlk kitabından sonra: “Kitabımı qara cilddə çap edərsiniz” deyə axır sözünü əvvəldən deyibmiş…
…gündəlik həyatın öyrəşilmiş dərdləri belə ona son günün sözünü dedirdər, vəsiyyət yazdırarmış.

“Kitabımı qara cilddə çap edərsiniz” vəsiyyətindən sonra Məmməd Arazın cürbəcür rənglərdə kitabları çap olundu. Ancaq onun daim ölümlə həmnəfəs yaşaması, Məcnun kimi aqibətini – xəstəliyini (ölümünü) irəlicədən duyması şeirlərini fanilik havasına, gəldi-gedərliyin ovqatına kökləmişdi… Və bir də daim səni didməyə hazır, irəliləyəcəyin təqdirdə dörd tərəfdən badalaq atan zəmanəni görən, Sovet məngənəsində boğulan, 37-nin xofu şüuraltılarında “xəstəliyə” çevrilmiş şairlərdən biri kimi niyə də qorxmamalı, vəsiyyətini yazmamalı idi? Axı dövrün dəmir məntiqi xıxırdırdı azadlığı, böyük ümidi, sabaha inanmaq, xoşbəxtliyə köklənmək istəyini…

SİRLİ

Sirr odur ki, onu bir adam bilir… Başqasına danışdınsa, ağzında söz qalmadısa, ürək qızdırdınsa bil ki, daha o sirr deyil, otur, sirrinə zaval gələcəyi günü gözlə… heç çox vaxt ürəklə də bölüşmək lazım deyil olanları, adam əksərən ona görə “hülqumsuz” olur ki, o əvvəlcə ürəyi ilə “ağız-ağıza” verir, içi ilə həmsöhbət olur, danışır, danışır, öyrəşir içindəki sözlərə və həmin sirli mətləblər könlündə adiləşir, nəhayət, bir gün qopur ağızdan… Sirləri ürəkdə qocaltmaq lazımdı, hər dəfə düşünüb ona bir az da can-qan vermək olmaz…

EVİTİKİLMİŞ

Onun bəxti gətirən vaxtlar da olurdu… Onda hələ imzası Məmməd Araz deyildi, Məmməd İbrahim idi. Səhvən çaşıb Mirzə İbrahimovun qonorarını ona yollayırmışlar… Bu hadisə Musabəyovdakı evində qaldığı vaxtlara təsadüf edib… Məmməd Araz da Mirzə İbrahimovun belə işlərin haqq-hesabını çəkəcəyini bildiyinə görə pul zərflərini tezcə ona çatdırırmış… Bəxt ürəkli olanda da, Məmməd Araz “ürəksiz” olurmuş… Ancaq bəxtin dönmüş üzü, sifətinin çöndüyü anlar da olub, ürəyini sıyıran, nəfəsini kəsən, hər nə qədər vecə almamağa çalışsa da xırda ağrılarını çarəsiz, ocaqsöndürən xəstəliyə çevirən, arpa boyda arta-arta tayalanan mərəzin yarandığı günlər: O günləri sıralamaq indi bizim üçün hərf yazmaq hesabına – bunca asan başa gəlir:

* Azərbaycan – dünyam mənim” şeirinə mahnı bəstələnibmiş, oxunmasına icazə vermirlərmiş ki, bizim dünyamız Azərbaycan ola bilməz, bizim dünyamız SSRİ-dir.

* Azərbaycan Dövlət Nəşriyyatına baş redaktorun müavini kimi işə götürüblərmiş, bu vəzifə yeni olduğuna görə ona iş tapşırmazlarmış, behdin-bekarlıq canını üzər, səbrini tükədərmiş.

* “Sadağa saraydan çıxmaz” məntiqi ilə mükafatları, səfər imkanlarını Yazıçılar Birliyində çalışan səlahiyyət sahibləri öz aralarında “bölüşdürərlərmiş”. Məmməd Araz yada düşməzmiş.

* 1982-ci ildə onu Dövlət Mükafatına təqdim edirlər. Bilir ki, ona mükafat verməzlər, ancaq şeytana inanıb təqdimata razı olur. Mükafatı başqa bir şair alır.

* Cabir Novruzu Yazıçılar Birliyinə üçüncü katib qoyanda Məmməd Arazın “Ulduz” jurnalına baş reaktor təyin edilməsi məsələsi gündəmə gəlir, ancaq Azad Şərifov (Mətbuat komitəsinin sədri) Məmməd Araza deyir ki, səni təyin etsəm, elə biləcəklər yerlipərəstlik edirəm. Bu da belə…

* 60 yaşını “60-illik yubileyi” adı ilə yox, “Yazıçıyla görüş” adıyla keçirirlər.

* 1990-cı ildə Xalq Cəbhəsinin nümayəndələri onu deputatlığa namizəd olmağa razılaşdırırlar. Gülə-gülə deyirmiş ki, “onsuz da seçilməyəcəm”, dediyi kimi də olur.

* Ayaz Mütəllibovun vaxtında ev üçün Yazıçılar Birliyinə bir də müraciət edir, xəbər Mütəllibova çatır, o da işin icrası üçün o vaxtkı mer Rüfət Ağayevə göstəriş verir, o da şairə Yasamalda ev təklif edir. Həmin ev paneldən olur deyə xəstəlikdən əziyyət çəkən Məmməd Araz ora köçə bilmir.

* Məmməd Arazın adını ensiklopediyaya saldığına görə Araz Dadaşzadəyə töhmət verir, işdən çıxarırlar. Hadisəni eşidəndə şair çox sarsılır…

Bu bəlalar, badalaqlar, təcridlər siyahını uzatmaq da olar. Bu sadalamalar hələ xatirə kitablarında cəm olanlardır. Bəs görəsən, Məmməd Arazın ürəyindəki siyahı hansı uzunluqda imiş?

SİRSİZ

Bir insanın canı bu qədər qovğalara, bəlalara necə tablayıb? Və Məmməd Araza quyu qazan, işinə pəl vuran yazıçı dostlarına – dövrün sayılıb-seçilən adamlarına, hörmətli kürsülərindən xitab edənlərə baxıb başqa bir məsələ də məni düşündürməyə bilmir: Dünyada şedevrlərin yarandığı, beynəlxalq ədəbi ödüllərin təsis edildiyi illərdə görün bizim söz və fikir adamları nə işlə məşğul imişlər? Necə bir-birinin acığına yaşayan, bir-birinə hər vədə mane olmağa səfərbər, içləri xıltla dolu, damarlarında qara qan qaynayan, daxillərindəki şeytanın əmrinə daim müntəzir olan belələri ancaq kələk gəlmək, evyıxmaq, qamarlamaqda şəriksiz imişlər. Hələ bu azmış kimi o ürəklərin sahibləri şeir yazırmış, o beyinlər nəsr əsərləri qələmə alırmış, bu cür simalar öyüdnamələr yaradırmış, vicdan dərsləri keçirmiş əsərlərində. Bir içlərindəki aynaya boylanıb, qəlb güzgüsünə sıçrayan neçə-neçə ziyalının, ağayana, abrına qısılan söz adamının qanına baxmırlarmış, əlləri istedad qanına batmaqdan, gözləri zəlillikləri izləməkdən doymurmuş. Tarixin dili qurusun!

İKİNCİ EV

Məmməd Araza ikinci dəfə evi Həsən Əliyevin köməkliyi ilə verirlər, min bir əziyyətdən sonra. Azadlıq prospektinin axırında, 16-cı mərtəbənin 11-ci mərtəbəsi. Binada cəmi 2 il su gəlir, lift işləyir, sonra şəraitsizlik – aşağıdan su qaldır və evə pilləkənlərlə qalx. Məmməd Araz müvafiq bir yerdə aşağı mərtəbəyə köçürülmək üçün müraciət etsə də müsbət cavablar almır. O vaxtlar yazıçılara bağ evi verərmişlər. Məmməd Araz Bakı Şəhər Bağ Təsərrüfatı İdarəsinin rəisi İ.Vəkilova, Azərbaycan KP Bakı komitəsinin birinci katibi Müslim Məmmədova məktub yazır, ancaq döydüyü qapılardan səs çıxmır.

Görün bir şair normal bir evdə yaşamaqdan ötrü hansı qapıları döyməliymiş və o qapıların dərbanı kimlər imiş?

SİRDAŞ

Gülxanım Fətəliqızının kitabını oxuduqca, onun zaman-zaman Məmməd Araza az da olsa təkidini, istedadının əvəzini almaq üçün xırda təhriklərini duymaq olur. Və yəqin ki, o hallar olmasaydı, Məmməd Arazı istedadı daha çox məhv edərdi, reallıq hissini daha tez və biryolluq itirərdi. Gülxanım müəllimə Məmməd Arazın yarımçıq şeirlərini masanın üstünə qoyarmış ki, şair tamamlasın. Beləcə həyatı boyu Məmməd Arazın nəyi çatışmırsa (pulu, evi, işi) Gülxanım müəllimənin dözümü ilə tamamlanırmış…

EVİN AXIRI 

Nəhayət, 1997-ci ilin oktyabrı yetişir, Yazıçılar Birliyinin X qurultayı keçirilir. Gülxanım müəllimənin xatirələrindən oxuyuram: “Məni fikir götürmüşdü, Heydər Əliyevə necə yaxınlaşım ki, ev məsələsini yada salım, iclas qurtaran kimi o, gedə bilər.

Prezident yekun sözündə birliyin işindən razı qaldığını, sabah cavan yazıçılarla görüşmək istədiyini söylədi. Yazıçılara ev istəyən Anarın xahişinə cavab olaraq dedi ki, indi dövlət ev tikmir. Yenə bir şey fikirləşərik, “Heydər Əliyev fondu” yaransın, həmin fonddan yazıçılara, qəzet və bədii jurnallara köməklik edilər. Hal-hazırda mənim iki mənzilə imkanım var. Onlardan birini Bəxtiyara, birini də Məmməd Araza verirəm. İki xalq şairinə bu, mənim qurultaydan hədiyyəmdir.

Sonra Rafaeli çağırdı, ona sabahdan evin açarlarının mənzil sahiblərinə verilməsini tapşırdı. Hamı dağılışdıqdan sonra Bəxtiyarı və bizi kabinetə dəvət etdi. Söhbət əsnasında dedim ki, ev məsələsinə hamıdan çox mən sevindim, çünki ev sarıdan çox əziyyət çəkmişəm və hal-hazırda da narahat bir evdə yaşayırdıq. Heydər Əliyev gülə-gülə soruşdu:
–    Çox sevindinmi?
Təbii ki, Məmməd də, Bəxtiyar müəllim də ona öz təşəkkürünü bildirdilər.
–    Möhtərəm Prezident, biz çoxdan sizinlə görüşmək istəyirdik, ancaq bizi sizinlə görüşdürmürdülər, – əlavə etdim.
Heydər Əliyev:
–    Niyə, ev üçün deyildimi? – soruşdu?
–    Bəli, ən çox ev üçün, bir də elə-belə dərdləşmək üçün…
Heydər Əliyev güldü və söylədi:
–    Əvvəl hələ bir köç, sonra dərdləşərik.
Evə çatanda Məmməd sevindiyini gizlətmədi:
–    Vallah, yatıb yuxuda da görməzdim ki, 30 il həsrətində olduğum bir yerdən mənə ev verilər”.

SİRRİN AXIRI

Məmməd Araz orta yaşlarında nəşriyyatda işləyəndə istəyirmiş ki, Əhməd Cavadın tərcüməsində “Pələng dərisi geyinmiş pəhləvan” plana düşsün. Fəqət Süleyman Rüstəmlə Məmməd Rahim öz tərcümələrini plana saldırırlar. Əhməd Cavadın “37-si” bu cür davam edir. Məmməd Araz özünü oda-közə vursa da, xeyri olmur. Görünür, “çətini ölənəcəndi” təsəllisi də yalandı. Bəzən çətinliklər öləndən sonra başlayır…

Qəbir evində də Əhməd Cavadın “qazanması”nı istəmirlər. Məmməd Araz beləcə ürəyini yeyir, beləcə gözündə dünya balacalaşır, adamlar cılızlaşır, xəyalları büzüşür… Yazıçıya ölümündən sonra da “ölüm arzulayanlar”, “payına göz dikənlər”i görəndən sonra Məmməd Arazın sonuncu mənzilindən – qəbir evindən necə nigaran olmayasan?

Cavabsız suallar: 

Aşağıdakı sualları Məmməd Arazın həyat yoldaşı Gülxanım müəlliməyə verməli idim, ancaq həmin aralar səhhəti buna imkan vermədi. Yuxarıda oxuduğunuz yazı, bir növ həmin sualların qısa da olsa tapdığım cavablardı, ancaq aşağıdakı sualların hamısının cavabını yalnız şairin vəfalısı, həyat yoldaşı Gülxanım müəllimə verə bilərdi, bəlkə heç o da verə bilməzdi, axı hər sualın cavabı olmur, hər kəsin həmtayı olmadığı kimi… Ancaq əsas odur ki, sual var… Sual varsa deməli, haçansa kimsə cavab verməli olacaq…

***

– Şairlərin xanımlarının çox söhbətlərinə qulaq asmışam, xatirə yazılarını oxumuşam, əksəri həyat yoldaşlarına edilən haqsızlıqları sadalasalar da, istedadqənimlərinin, adamçərlədənlərin adlarını çəkmirlər. Siz isə Məmməd Araza olan haqsızlıqları demək olar bütün çılpaqlığı ilə yazmısınız. Maraqlıdır, məhz belə yazmaq fikri sizdə hardan yarandı və niyə xatirələrinizi bu şəkildə qələmə almaq istədiniz?
– M.Araz da sizə hirslənəndə “yoldaş Məlikməmmədova!” deyərmiş. Adətən, həyat yoldaşları məşhur olan xanımlar onun soyadına keçməyi özlərinə fəxr bilirlər, siz isə qızlıq soyadınızda qalmağa üstünlük vermisiniz. Nə əcəb belə bir qərarda israrlı olmusunuz?
– Məmməd Arazın atası təqsirsiz yerə şərlənib tutulubmuş, özü də durduq yerə düşüb qara siyahıya – yəni xalq düşməninin oğlu kimi. Məmməd Arazın düyünlü qədərinə baxanda, dəfə-dəfə günahsız yerə cəzalandırıldığını görəndə düşünməyə bilmirsən: Deyəsən, günahsız cəzalandırılmaq onlarda “irsi” imiş?
– Məmməd Araz ilk şeirini Səməd Vurğunun təsiri ilə yazıb. Vurğunun “Yenə səni gördüm, Dilcan dərəsi” misrasına “Yenə səni gördüm, Nursu dərəsi” adlı bir şeir qoşub. Səməd Vurğunun təsirinə düşənlərin çoxu onun təsirindən xilas ola bilmədilər və tapdanmış yolun şairləri kimi unuduldular. Bəs Məmməd Araz necə çıxdı o təsirdən, öz yolunu, müstəqil poetik səsini necə tapdı?
– Bildiyim qədərincə nəsr də qaralayırmış və “istədiyim kimi alınmır” deyərək davam etdirmirmiş. Nəsrə maraq onda hardan yaranmışdı və proza yazmaqdan əlini nə soyudurdu?


– Ailə qurandan sonra – 1959-cu ildə Moskvaya İkillik Ali Ədəbiyyat Kursuna qəbul olub, gedib oxuyub. Necə razı ola bildiniz getməyinə və orda oxumaq, sizcə, Məmməd Araza nə verdi?
– Cavanlığından tez öləcəyini düşünürmüş. Adicə boğazı ağrıyanda sizə məktub yazıb, vəsiyyət edirmiş. O məktublardan biri də Moskvada oxuduğu illərdədir və yazır ki, oğlumuz olsa, salamat qalsa Azərbaycan dilini yaxşı öyrət. Ona çoxlu şeir oxu”. Yaxud “Gülxanım, mən ölsəm kitabımı qara cilddə çap etdirərsən”. Maraqlıdır ki, o niyə bu qədər axırını düşünürdü, vəsiyyət yazırdı, axı ömürü-günü qabaqdaydı?
– Məmməd Araz Moskvada olarkən yazıçı yoldaşları özləri üçün Mətbuat üzrə katib Nazim Hacıyevin qəbuluna gedəndə onun adını siyahıya yazmamışdılar. Daha sonra Qılman İlkinin “Azərnəşr”də Bədii ədəbiyyat şöbəsinin müdirliyindən çıxarılıb, Yazıçılar Birliyində 3-cü katib təyin olunması ərəfəsində “işini burublar”, elə ediblər ki, “Ulduz” jurnalından da ərizəsini yazmalı olub, təyinatı Maarif Naziri Mehdi Mehdizadə imzalasa da, əmrin icrasını illərlə ləngidiblər, kitabları yaxşı satılan vaxt Ş.Süleymanov “Ədəbiyyat və incəsənət” qəzetində şairin əleyhinə yazı yazıb. Niyə şairi bu qədər incidiblər, ona bunca qənim kəsilmələrinin kökündə hansı səbəb(lər) dayanırdı?
– Məmməd Arazın ədəbi imzasının – Məmməd İbrahimov olduğu vaxtlarda səhvən, adlarını dəyişik salıb yazıçı Mirzə İbrahimovun qonorarlarını sizə yollayarmışlar. Gəlin bu şux, maraqlı əhvalatdan danışaq…
– Məmməd Araz “Ədəbiyyat və İncəsənət” qəzetindən çıxarılanda Yusif Əzimzadə imiş baş redaktor… Bir sözlə, iclasda onu Sabir Əhmədlidən başqa müdafiə edən olmayıb. Məmməd Araza dövlət qayğısı olandan sonra, vaxtilə ona dönük çıxanlardan heç əməlini dilə gətirən, yaxud elə qırmızı-qırmızı heç nə olmayıbmış kimi qapınızı döyənlər oldumu?
–    Gələk sizin ev məsələsinə. İlahi, nə qədər müşkiliqırılmaz, tuği-lənətə dönmüş bir iş imiş bu. Gah ev vermirlərmiş, gah verdikləri ev gərəksiz yerdə olurmuş, gah təklif olunan ev Məmməd Arazın səhhətinə uyğun olmurmuş, gah deyirlərmiş ki, ora Nazirlər Sovetinin işçiləri üçündü, axırda da lifti işlək olmayan bir binada – 11-ci mərtəbədə, elə bir mənzil ki, yuxarıya suyu əllə qaldırmaq lazımdı, qaz, işıq problemi də ömürlük. O evi də heç şairliyinə görə almayıbmış. Niyə bunca çətinə düşübmüş ev işiniz, elə bil qismətinizdə yox imiş rahat bir ocaq…
–     Sizin “Məmməd Arazlı günlərim” kitabınızdan görünür ki, Məmməd Araz ağız açan adam olmayıb. Amma xeyli ünvanlara məktubları var, müalicəsi ilə bağlı, ev məsələsi ilə əlaqədar, işsizliyindən dolayı. Ağız açmağı sevməyən bir adam üçün belə xahişlər, istəklər, elə bilirəm, qəbir əzabına taymış, amma fakt odur ki, yazıb, istəklərini bildirib. Belə məqamlarda siz ona təsir edə bilirdiniz, deyəsən…
–     Ayaz Mütəllibov Məmməd Araza xalq şairi adını verib, ev məsələsində də belə bir dərkənar qoyub: “Məmməd Arazı sevməyən Azərbaycanı sevmir”. Əbülfəz Elçibəyin də Məmməd Araza məktubundakı ehtiramı aydındır. Heydər Əliyevin isə ona verdiyi qiymət, müalicəsi üçün göstərişi, qəbulları və s. Cənab İlham Əliyevin də Xalq şairinin yubileyi ilə bağlı imzaladığı sərəncamlar. Bütün prezidentlər tərəfindən Məmməd Arazın qiymətləndirilməsinin səbəbi, sizcə, nə ilə bağlıdır?
–     Xalq Cəbhəsinin hakimiyyəti illərində necə olmuşdu ki, Məmməd Araz kimi siyasətdən, dəbdəbədən, şöhrətdən qaçan bir adam deputatlıq üçün namizədliyini irəli sürməyə razı salmışdılar?
–     Sovet dövründə bir dəb vardı, tanınmış, sözü urvatdan salmayan şairlər cavanlara, hələ yaradıcılığının başlanğıcında olanlara “uğurlu yol” yazardılar və şeirlərini təqdim edərdilər. Bir də “ön söz” xəstəliyi… Hökmən kimsə ön söz yazmalı idi kitaba. Belə məsələlər indidən baxanda adidir, ancaq bildiyim qədər o vaxt taleyüklü məsələ imiş, yol açmağa, təsdiqə hər halda kömək idi. Eşitdiyimə görə gənc şairlər, “ön söz” intizarlıları Məmməd müəllimin başmağının yanında başmaq çıxarmağa – xahiş-minnətə çox enerji sərf edirlərmiş. Belə söz-söhbət də gəzir ki, o ön sözlərinin bəzilərini həmin müəlliflər özləri yazarmış, Məmməd müəllim oxuyub xırda-para düzəliş edib qol çəkərmiş, hətta xəstə vaxtlarında da əl çəkmirlərmiş… Bu danışılanların əsası varmı?
–    Məmməd Arazın kitablarını çapa hazırlamısınız, arxivini qorumusunuz, yarımçıq şeirlərini it-bat olmağına könlünüz razı olmayıb – saxlamısınız. Əgər yazı-pozudan baş açmayan xanım olsaydınız, sizcə, Məmməd Araz irsi nələri itirərdi?

–    Xatirələriniz çaparaq yazılıb, sanki tələsirmişsiniz…

P.S. Maraqlıdır ki, ömrü boyu yaşamağa düz-əməlli bir ev tapmayan Məmməd Arazın adı Bakının “Milyonerlər məhəlləsi” kimi tanınan küçəsinə verilib…

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın