Ana səhifə / Media / Abutalıbov pul xərcləyib getdi, park da batıb gedir…

Abutalıbov pul xərcləyib getdi, park da batıb gedir…

Bakı şəhərinin Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində yerləşən park bir neçə ildir hasarlanıb və ora giriş demək olar qadağan edilib.

Bu barədə virtualaz.org saytına qəsəbə sakinləri məlumat verib. Onların sözlərinə görə, park 4 ilə yaxındır hasarlanıb.

“Əvvəllər bu park həmişə adamla dolu olurdu. Burada ağac çoxdur, havası təmizdir, uşaqlar üçün attraksionlar da var idi. Bir neçə il əvvəl hasara aldılar və fəaliyyəti demək olar ki, dayandı” – deyə parkda gəzişən yaşlı xanım şikayətlənir.

Onun sözlərinə görə, parkın bağlanmasının səbəbi isə sakinlərə məlum deyil: “Biz yalnız bir neçə il əvvəl parka piltələrin döşəndiyini gördük. Bu iş də yarımçıq saxlandı. Bu parkın 50 ildən çox yaşı var. Hətta deyilənə görə, II dünya müharibəsindən əvvəl salınıb. Həmişə bütün sakinlərin dincəldiyi yer olub, sonradan nədənsə belə oldu”.

Ətrafda gözə dəyən tək-tük uşaqlar isə parkdakı xarab attraksionlarda bir neçə dəqiqə oynayıb oranı tərk edirlər. Yaxınlıqdakı digər attraksionlar da yararsız haldadır.

Burada hətta Milli Qəhrəman Cavanşir Rəhimovun şərəfinə ucaldılmış abidə də var. Parkda gəzişənlərdən öyrənirik ki, bu abidə Hacıbala Abutalıbov Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı olduğu vaxtlarda qoyulub. Ümumən park da elə həmin dövrdə xeyli vəsait xərclənməklə abadlaşdırılıb. Sonra da baxımsız qalıb.

Əhməd Cəfərov adlı qəsəbə sakini deyir ki, abidənin açılışından sonra park baxımsız qalıb: “Təxminən 10 il bundan əvvəl, biz 11-ci sinifdə oxuyanda burada parkın və abidənin açılışı oldu. Onda park təmir olunmuşdu və yaxşı vəziyyətdə idi. Sonradan baxımsız qaldı. İndi də yerə döşənən piltələr yarımçıq qalıb. Kanalizasiya suları parka axır”.

Ə.Cəfərovun sözlərinə görə, parkın bağlanmasının səbəbi ilə bağlı müxtəlif versiyalar var ki, onlardan biri də burada metro çəkilməsidir: “Parkın bağbanı, işçiləri var, gəlib ağaclara qulluq edirlər, amma ümumi istifadə üçün yararlı vəziyyətdə deyil. Deyirlər ki, ola bilsin bura metro çəkildi, ona görə təmir yarımçıq qalıb, davam etdirilmir”.

Parkda bağbanın olduğu deyilsə də ətrafda xeyli sayda qurumuş ağac gözə dəyir. Çirkab sularının toplandığı iki kiçik gölməçə də nəzərdən yayınmır.

Məsələyə aydınlıq gətirmək, parkın aqibəti ilə maraqlanmaq üçün Suraxanı Rayon İcra Hakimiyyətinə (RİH) müraciət etdik.

RİH-in mətbuat xidmətindən virtualaz.org-a bildirdilər ki, həmin park 2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına daxil edilib və oranın təmiri nəzərdə tutulub. Mətbuat xidmətinin məlumatına görə, bu istiqamətdə artıq bəzi işlər də görülüb, amma park yalnız 2016-cı ildə büdcədən ayrılacaq vəsait hesabına təmir olunandan sonra təxminən yay aylarında yenidən istifadəyə veriləcək.

Metro çəkilişinə gəlincə isə mətbuat xidmətinin əməkdaşı bildirdi ki, onlarda bu barədə ümumiyyətlə məlumat yoxdur.

Həmçinin oxuyun

AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – Açıqlama

Azərbaycan Televiziyası (AzTV) martın 28-də Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik …

Bir cavab yazın