Ana səhifə / Media / Abşeronun baş memarı rayonda evləri su basmasından xəbərsizdir

Abşeronun baş memarı rayonda evləri su basmasından xəbərsizdir

Fevralın 17-də Abşeron rayonunda göl daşıb. Fövqəladə Hallar Nazirliyinin verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən Daşağıl gölündə suyun səviyyəsinin qalxması nəticəsində yaxınlıqda olan fərdi yaşayış evlərinin həyətyanı sahələrini su basması barədə məlumat daxil olub. Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq 6 nəfərin təhlükəsiz əraziyə təxliyyə olunmasını təmin ediblər.

Bu məsələ ilə bağlı, Abşeronun baş memarı Akif Əliyevlə əlaqə saxladıq. Akif Əliyev Kavkaznews.az-a bildirdi ki, Aşağı Güzdək qəsəbəsində evləri su basması barədə məlumatı yoxdur. “Bu qəsəbədə evlər hündürlükdə yerləşir. Ora necə su çata bilərdi?”, – deyə baş memar sualla çıxış etdi. “Bu barədə FHN-in saytı məlumat verib”, – deyə xatırlatdıq. “Onda suallarınızla ora müraciət edin”, – deyə Akif Əliyev bildirdi. Onun sözlərinə görə, yaşayış massivləri salınarkən, məişət kanalizasiyası xətləri və atmosfer tullantılarından yaranan suların idarəsi ilə bağlı işlər aparılır.

“Amma Bakının bəzi yaşayış massivlərində kanalizasiya xətləri tamamilə yox haldadır”, – deyə qeyd etdik. “Mən bütün respublikaya cavabdeh deyiləm”, – deyə A.Əliyev cavab verdi. “Abşeron rayonu ərazisində bu problem yoxdur?”, – deyə soruşduq. “Rayonumuzun böyük hissəsində belə problemlər yoxdur. Oxşar problemlər intensiv yağışlar zamanı Masazır və Saray qəsəbələrində yaranmışdı. Amma biz kanalizasiya xətti salaraq, bu problemi aradan qaldırdıq”, – deyə Akif Əliyev qeyd etdi.

R.Həsənoğlu

Həmçinin oxuyun

AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – Açıqlama

Azərbaycan Televiziyası (AzTV) martın 28-də Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik …

Bir cavab yazın