Şənbə , Noyabr 28 2020
Ana səhifə / Manşet / “AAAF”-ın vəkili Eynulla Fətullayevin prosesdə iştirakını tələb etdi: «Yazını silsə də, ondan əl çəkməyəcəyik”

“AAAF”-ın vəkili Eynulla Fətullayevin prosesdə iştirakını tələb etdi: «Yazını silsə də, ondan əl çəkməyəcəyik”

Bu gün Yasamal rayon Məhkəməsində, hakim Aytən Mirzazədənin sədirliyilə “AAAF Holdinq” MMC-nin təsisiçisi Tofiq Heydərovun 21 sayta qarşı qaldırdığı iddia ərizəsi ilə bağlı hazırlıq iclası keçirildi. Bir daha xatırladıram ki, iddianın mahiyyəti AAAF sədri barədə Ölkə.az saytında  yayılan  və digər saytların tirajladığı informasiya ilə bağlıdır. İddiaçı tərəf bildirir ki, həmin xəbər doğru deyil və buna görə də, ucdantutma bütün saytlardan dəyən “mənəvi zərərə” görə, 50 min manat təzminat tələb edir. AAAF-ın və bütün digər şirkətlərin mediada barələrində gedən istənilən yazı ilə bağlı məhkəməyə müraciət etmək kimi hüququ var və bunu onların əlindən kimsə ala da bilməz.

Biz iddia ərizəsini alandan fikir verirəm ki, cavadeh kimi göstərilən saytların çoxu məsələyə münasibət bildirmək istəmir, bəziləri güya saymamazlıq ortaya qoymaqla ironik münasibət sərgiləyir. Ancaq bir şeyi bilin ki, mətbuatda özümdən risqli, həyatın bütün ağrı-acısını görən az sayda jurnalist tanıyıram. Mən qanunları da pis bilmirəm, bəlkə də məhkəməyə daha çox verilən jurnalistlərdən biriyəm. Bizim bu məsələyə münasibət bildirməyimiz, düzgün müdafiə taktikası seçməyimiz heç də qorxudan, çəkinməkdən irəli gəlmir. İstəyirik ki, bir jurnalist həmrəyliyini ortaya qoyaq, lazım gəlsə birlikdə müdafiə olunaq. Axı, bir şirkətin media ilə belə tərzdə davranışı düz deyil. Çünki məhkəməyə verilən saytların hamısı materialı istinadən yayıb. Bir neçə dəqiqə sonra isə həmin saytlar AAAF rəsmisinin və rəhbərinin xəbəri təkzib edən açıqlamasını dərc edib. Belə olan təqdirdə, qanunvericilik də KİV-lərin tərəfindədir.

AAAF-ın haqqı yalnız məlumatı yayan ilkin mənbə ilə məhkəmə çəkişməsinə çatır. Təəssüflə qeyd edim ki, bu gün özünü yekə tutub, saymamazlıq ortaya qoyan saytların içində elələri var ki, vaxtında kiçik məmurlar qarşısında belə dizlərini yerə atıb yalvarıb ki, onlara qarşı qaldırılan məhkəmə iddiasını geri götürsünlər? İndi nə oldu, siz oldunuz qocaq, biz olduq qorxaq? Axı, biz bu camiədə hamının yaxşı tanıyırıq. Çoxu da bilirsiniz nəyə arxayıdır? Fikirləşirlər ki, iş bərkə dayansa, oturduqları qucaq vasitəsilə xahiş etdirəcəklər, məsələ bitəcək və ya özləri iddiaçıya yalvar-yapış edəcəklər. Əllərindəki “kozır” kimi, bacardıqları bu işi sona saxlayırlar. Əslində, bu, bir biabırçılıqdı.

Mən bu gün məhkəmədə şəxsən iştirak etdim. Yaxından tanıdığım və tanımadığım bir neçə media mənsubu da prosesə qatılmışdı. Cavabdehlərin hamısı əsl jurnalist adına yaraşan davranış ortaya qoydular. Xoşum gəldi. Həmkarlarımızın həm hüququ bilməsi və jurnalistə xas olan davranışlarından qürur duydum. Qarşı tərəfin vəkilinin bizə hüquqdan daha çox media dərsi keçmək kimi cəhdi də alınmadı. Sonradan məlum oldu ki, həmin vəkil də mediaya yaxın adamdır və özünün dediyinə görə, jurnalistlərə qarşı “müharibə” açmaq fikirindən uzaqdırlar. Sadəcə bu taktikanı seçiblər ki, sonda istəklərinə nail olsunlar. Vəkil xüsusilə Eynulla Fətullayevi prosesdə görmək istədiyini vurğuladı. Hətta dedi ki, Eynulla məlum yazını haqqin.az saytından birdəfəlik silsə belə, onlara vurduğu ziyanı vurmuş olub. Bu səbəbdən də, ona qarşı qldırılan iddiadan əl çəkməyəcəklər.

Ancaq bir fakta təəssüf etdim ki, prosesdə iştirak edən həmkarlarımızdan heç biri məhkəmənin gedişi barədə bir dənə də olsun məqalə və ya status yazmadı. Prosesdə danışan bütün cavabdehlər iddia ilə razılaşmadıqlarını dedilər. İclasın sonunda hakim məndən xahiş etdi ki, prosesdə iştirak etməyən həkarlarımıza da deyim ki, növbəti məhkəməyə AAAF sədri barədə yayılan informasiyanın istinadla verildiyini sübut edən materalı və sonra qarşı tərəfin mövqeyinə yer verildiyi haqda dərc edilən məqalələrin cap edilmiş variantını ona çatdıraq. Prosesin bundan sonra hansı istiamətdə gedəcəyi təxminən bəllidir.

Ona görə də, həmkarlardan xahiş edirik ki, növbəti ilin yanvar ayının 11-i, saat 12-yə təyin olunan prosedə iştirak etsinlər. AAAF-ın cavabdeh kimi göstərdiyi  sırasında Nəqliyyat, Rabitə və Yüksən Texnologiyaları nazirliyinin də adı var. Onları prosesdə olduqca savadlı bir nümayəndə təmsil edirdi. Hakim həmin nümayəndəyə dedi ki, məsələnin onlara aidiyyəti yoxdur. Ancaq dövlət qurumunun nümayəndəsi bildirdi ki, prosesin gedişi onun üçün təcrübə toplamaq baxımından önəmli və maraqlıdır. Buna görə də, bundan sonrakı proseslərdə belə, sona qədər iştirak etməkdə maraqlıdır. Təəssüf ki, proses hamıya maraqlıdır, bir bizim məhkəməyə verilən və verilməyən jurnalistlərimizdən başqa…

Məhəmmədəli QƏRİBLİ,
Azinforum.az

Həmçinin oxuyun

“Fransa Senatının qərarına etiraz əlaməti olaraq etiraz aksiyalar keçirilməlidir”

Fransa Senatında “Dağlıq Qarabağ respublikası”nın tanınmasının zəruriliyinə dair” qətnamənin qəbul edilməsi Fransanın dövlətlərin ərazi bütövlüyü …