Ana səhifə / Media / “8-ci kilometr” bazarının qarşısı “arı pətəyinə dönüb”… – VİDEOREPORTAJ, FOTOLAR

“8-ci kilometr” bazarının qarşısı “arı pətəyinə dönüb”… – VİDEOREPORTAJ, FOTOLAR

“8-ci kilometr” bazarının qarşısındakı tıxac problemi illərdir ki, həllini tapmır. Bazarın önündən keçən magistral yolda marşrut avtobusları, şəxsi avtomobillər, taksilər, piyadalar, sərnişinlər o qədər qarışıb ki, kənardan arı pətəyini xatırladır. Səs-küy, maşınların susmaq bilməyən siqnal səsləri, sürücülərin mübahisəsi qulaq batırır. Burada bir neçə dəqiqə durmaq insanların əsəblərinin tarıma çəkilməsi üçün kifayət edir. Burada yaranan tıxacın səbəbləri isə bir deyil, iki deyil… Harada gəldi saxlayıb sərnişin götürən marşrut avtobus sürücüləri, yolu keçiddən deyil, maşınların arası ilə keçən piyadalar, işıqforun hansı rəngdə olmasına məhəl qoymayan sürücülər və bu duruma səssiz, laqeyd qalan DYP işçiləri… I Avropa Oyunları zamanı kəskin təlimata əməl edən marşrut sürücüləri təyin olunuş dayanacaqdan kənarda saxlamadıqları üçün problem bir qədər həllini tapmışdı. Lakin sonradan yenidən köhnə “qayda-qanun”ların geri qayıtması vəziyyəti daha da dözülməz etdi.

Yolda yaranan xaosa nəzarət edən bir nəfər belə yoxdur. Bazarlıq edib yola çıxan piyadalar yaxınlıqdakı yeraltı keçidə məhəl qoymadan avtomobil yoluna çıxırlar. Bu isə həm qəza şəraitinin yaranmasına, həm də sıxlığa səbəb olur.

Ərazidə müşahidə apardığımız zaman da keçidlərdən az sayda vətəndaşın istifadə etdiyinin şahidi olduq. “Yeraltı keçidlərdən niyə istifadə etmirsiniz?” sualına piyadalar “tələsirəm”, “keçid olduğunu bilmirdim” kimi bəhanələr gətirməklə cavab veriblər.
Tıxacın yaranmasının başqa bir səbəbi avtobus sürücülərinin dayanacaqda deyil, insanların daha çox toplaşdığı yerdə saxlayıb sərnişin götürməsidir. Problemin bir səbəbi də alış-veriş edən insanların yüklərini arabalarla gətirib yolun ortasında saxlayıb avtobusa yükləmələri idi.

Çəkiliş etdiyimiz zaman yolda olan tıxac təxminən 20-25 dəqiqə davam etdi. Tıxac səbəbindən maşını saxlayıb, düşüb kənarda siqaret çəkənlər də oldu. Tıxacda qalan sürücülərlə söhbət zamanı da məlum oldu ki, hər gün, günün istənilən saatında burada tıxacla üzləşirlər.

Akif adlı sürücü deyir ki, bazarın qarşısında tıxacsız bir gün olmur: “100-150 metrlik məsafəni 20-30 dəqiqəyə güclə gedirik. Bütün bunlara baxmayaraq, heç bir nəzarət yoxdur. Bu tıxacı aradan qaldıran nə bir DYP əməkdaşı var, nə də düzgün işləyən işıqfor. Diqqət etsəniz bazarın qarşısında quraşdırılan işıqfor işləmir”.
Daha ətraflı təqdim etdiyimiz videodan izləyə bilərsiniz.

bazar1

 

bazar2

 

bazar3

Həmçinin oxuyun

AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – Açıqlama

Azərbaycan Televiziyası (AzTV) martın 28-də Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik …

Bir cavab yazın