Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Media / “45 dərəcə isti olsa da, işləməyə məcburuq” – VİDEO

“45 dərəcə isti olsa da, işləməyə məcburuq” – VİDEO

Son günlər havaların həddindən artıq isti keçməsi  insanların səhhətində bir sıra problemlər yaradıb. Ekspertlər xəbərdarlıq edir ki, xüsusən avqust ayındakı anomal istilərdə günün müəyyən saatlarında açıq havada olmaq insanların səhhətinə mənfi təsir göstərir. 
Həmin günlər bəzi sahələrdə işin dayandırılması qanunvericiliyə görə vacib olsa da, paytaxtın hər yerində müxtəlif peşə sahiblərinin qızmar günəş altında çalışmasının şahidi oluruq.
Yol kənarlarında çalışan insanlar ehtiyacın yaratdığı məcburiyyətdən istinin fərqində belə olmadan çalışırlar. Paytaxt küçələrində qızmar günəş altında çalışanlarla həmsöhbət olub, onları buna vadar edən səbəbləri öyrənməyə çalışırıq.
Günorta saatlarında havanın həddindən artıq isti olmasına baxmayaraq usta, fəhlə, süpürgəçi, kuryer işləyənlər, araba ilə yük daşıyanlar, yol çəkənlər, sürücülər iş başındadırlar. Onların işi elədir ki, günün ən qızmar vaxtında belə fasiləsiz işləyirlər. Bəzilərinin iş rejimi isə 10 saatdan artıqdır. Əziyyətləri fərqli olsa da, insanları buna vadar edən səbəb birdir: maddiyyat…
Əvvəlcə, “Neftçilər” metrostansiyası yaxınlığında aparılan təmir-tikinti işlərində çalışan usta və fəhlələrə yaxınlaşırıq. Günorta saatları olmasına baxmayaraq, onlar dayanmadan çalışır, yol kənarlarındakı hasarların fasadına aqlay üzlük vururlar. Bu işin nə qədər çətin olmasını görmək üçün 5-10 dəqiqə müşahidə aparmaq kifayətdir. Bir tərəfdən kəsilən daşın tozu, digər tərəfdən isti. Yaxınlaşıb ustalarla hal-əhval tuturuq.
Usta və fəhlələr dincəlmək üçün küknar ağaclarının altını seçiblər. Bir qədər kölgə salan ağaclar onların yeganə istirahət məkanıdır. Başlarının altına papaqlarını qoyub, sellofan üzərində uzanıb dincəlirlər. Acınacaqlı məqamlardan biri isə onlara  içməli suyun belə verilməməsidir. İçməli suyu butulka ilə hansısa məhəllənin həyətindəki krantdan doldururlar. Bu, onların işini bir qədər də çətinliyə salır. Öz aralarında “perekur”etmək üçün vaxt da təyin ediblər. Saat 13:00-dan, 14:00-a qədər istirahət edirlər. Sonra isə yenidən iş başına…
Bu saatlar isə havanın ən isti vaxtıdır desək, yanılmarıq. Temperatur 40 dərəcəyə yaxınlaşsa da, onlar işlərinin başına qayıdırlar. Kimi bel ilə palçıq qarışdırır, kimisi isə günün  qızdırdığı  aqlay daşları daşıyır. Qızmar günəşin altında işləyən zaman səhhətlərini nə qədər təhlükə altına qoyduqlarının fərqində belə deyillər.
İsti havada tər tökərək işləyən Rahib adlı usta deyir ki, evə gedəndə uşaqlarına nəsə aparmalıdır, buna görə də işləməyə məcburdu: “İşimiz yol kənarlarına aqlay üzlük vurmaqdır. İsti də olsa, soyuq da olsa işləməliyik. Bunlar hamısı maddi problemlərdən irəli gəlir. Hamımızın ailəsi, uşağı var. Dolanışıq da çətinləşib, neyləyək bizim də çörəyimiz daşdan çıxır”.
“İsti havada necə işləyirsiz?” sualına ustalardan biri belə cavab verdi: “ Mənim yaşıma gəl, uşaqların böyüsün, onda biləcəksən necə işləyirik. Evə gələndə uşaq üzünə baxıb nəsə gözləyəcək ki, atam gəlib. Heç kim bu daş işində  işləmək istəməz. Həm tozuna görə, həm də bu istinin altında… Ən ağır sənətdir. Mənim sənətim texnik-mexanikdir. Diplomum evdə yatır. İxtisasım üzrə iş tapa bilmirəm. Günün altında işləməkdən qovruluram.Çox istirahət də eləyə bilmirik. Çünki kvadrata görə pul alırıq. Günorta işləməsək az kvadratla kifayətlənməli olacağıq. Sərini gözləsək, heç gündə 8 manat qazana bilmərik. Biz hər kvadratmetrə görə 4 manat pul alırıq. Gündəlik yeməyə, yola 8-10 manat xərcimiz çıxır”.
Sonda qeyd edək ki, Əmək Məcəlləsinə görə, havanın temperaturu 41 dərəcədən çox olarsa, açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılmalıdır.  İşçilərə sərinləmək üçün imkan yaradılmaqla fasilələr verilməlidir. Fasilələr iş vaxtına daxil edilməli, bu fasilələr zamanı əmək haqqı işçilərin tarif maaşına görə ödənilməlidir. (musavat.com)
 

Həmçinin oxuyun

Yazıq jurnalist nədən və kimdən yazsın?..

Azərbaycan cəmiyyətində çox zərərli tendensiya formalaşıb. Heç kim tənqid olunmaq istəmir. Məsələ burasındadır ki, tənqidə …

Bir cavab yazın