Ana səhifə / Media / 30 kəndli “Azərenerji”nin layihəsini necə yarımçıq saxladı – (Fotolar)

30 kəndli “Azərenerji”nin layihəsini necə yarımçıq saxladı – (Fotolar)

“Azərenerji” ASC Şirvan İstilik Elektrik Stansiyasından (İES) Xırdalan istiqamətinə yüksək gərginlikli yerüstü elektrik xətti çəkir. Layihəni ASC-nin Elektrik Enerjisinin Ötürülməsi İdarəsi həyata keçirir.

Virtualaz.org saytının Şirvan bürosunun müxbiri xəbər verir ki, tikinti işləri artıq həm Şirvan İES istiqamətindən, həm də qarşı tərəfdən başa çatdırılıb, amma Hacıqabul rayonunun Navahı kəndi ərazisindəki hissədə işlər dayanıb. Baxmayaraq ki, həmin ərazidə də özüllər inşa olunub, dirəklər əraziyə gətirilərək paylanılıb. Amma yüksək gərginlikli elektrik xətləri çəkilməsi nəzərdə tutulan ərazi kənd sakinlərinin pay torpağı olduğundan onlar narazılıq edərək buna imkan vermir.

30 nəfər mülkiyyətçinin torpağa mülkiyyət hüququna dair dövlət aktı da var. Buna baxmayaraq  “Azərenerji” ASC həmin ərazinin özünə məxsus olduğunu bildirir.

Kənd sakinlərinin virtualaz.org saytına bildirdiyinə görə, onların səlahiyyətli orqanlara şikayətlərinə də məhəl qoyan yoxdur. Beləcə, əhəmiyyətli bir layihə yarımçıq, kəndlilər narazı qalmaqda davam edir.

Azərbaycan konstitusiyasında isə təsbit olunub: “Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər”.

Onu da qeyd edək ki, həmin ərazidə hal-hazırda “Azərenerji” ASC-nin iki yüksək gərginlikli yerüstü elektrik xətti istismardadır. Lakin yeni xətti bu dəfə nədənsə vətəndaşların pay torpağında inşa etmək nəzərdə tutulub.

Kəndlilərin etirazı nəticəsində tikinti işləri hazırda dayandırılıb. 30 kəndli öz hüquqlarını məhkəmə araşdırmaları yolu ilə müdafiə etməyə hazırlaşır.

“Azərenerji” ASC-nin mətbuat xidmətinin rəhbəri Ələkbər Baxşəliyev isə virtualaz.org saytına açıqlamasında bildirdi ki, bu narazılıq barədə onlara rəsmi müraciət olunmayıb: “Digər tərəfdən, dövlət əhəmiyyətli elektrik xəttinin çəkilməsi üçün bu ərazini “Azərenerji”yə Əmlak Məsələləri Dövlət Komitəsi, yerli icra hakimiyyətləri və bələdiyyələr birgə ayırır. Əgər narazılıq varsa, mülkiyyətçilər torpağın ayrılmasına razılıq vermiş icra hakimiyyətinə müraciət etsinlər”.

 

Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …

Bir cavab yazın