Ana səhifə / Media / “26 Bakı komissarı” küçəsinin sakinləri hara baxırdı?

“26 Bakı komissarı” küçəsinin sakinləri hara baxırdı?

Azər Qismət

Bakı şəhər İcra hakimiyyətinin başçısı Hacibala Abutalıbov mətbuata açıqlama verdi ki, “26” kafesi əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərib”.  Bunu çoxları alqışladı. Çünki əxlaqsızlığın artması narazılıq doğurur. Onda Hacıbala müəllimə sual verək: “Bəs, paytaxtın digər yerlərindəki barlar niyə bağlanmır?”

Əgər əxlaqsızlıq striptiz göstərən o 2 qızla bağlıdırsa, məlum olsun ki, bütün barlarda belə açıq-saçıq oynayan qızlar var. Heç kimə sirr deyil ki, paytaxt barlarının əksəriyyəti əxlaqsız yuva kimi fəaliyyət göstərir. Hər gün oğlanlar pozğun qızları məhz buradan tuturlar. Qızlar bar sahiblərinə pul qazandırır. İçəri girən müştərinin başının üstünü alıb şampan, meyvə şirəsi sifariş verdirib baha qiymətə sırıyırlar. Narazılıq olanda müştərilər döyülür, ya hədə-qorxu gəlinir. Çox təəssüf ki, Avropada yorğunluğu çıxarmaq, mədəni məkan tipi kimi fəaliyyət göstərən bar anlayışının istiqaməti bizdə dəyişdirilib. Bunu sağlamlıq anlayışının pozğunluq anlayışına dəyişdirildiyi massaj salonlarına da şamil etmək olar. Əxlaqsızlıq yuvaları bağlanmalıdırsa, onda barlar, masaj salonlarının qapılarına çoxdan kilid vurulmalıdır. Sutkası 20-30 manata kirayə verilən mənzil sahibləri dindirilməlidir, divanlı-kreslolu kabinetli restoranlara baxış keçirilməlidir.

Paytaxtdakı barlar o qədər pozğunlaşıb ki, içəridəki qızların özləri də bazara çıxırlar. Dəfələrlə televiziyaya çəkilən barlar bir-iki gün bağlansa da, yenidən açılıb. O ətrafda yaşayan adamların şikayətlərinə baxmayaraq, barlar bağlanmır. Ya kimsə içəridə bıçaqlanır, ya kimsə çöldə yumruqlanır, “razborkalar” həddini aşır. Hətta bəzi taksi sürücüləri də pozğun qızları ünvanlara aparmaqdan xeyli qazanırlar. Bunlar gün kimi aydın məsələdir.

“26” barının bağlanmasına heç kim haqq qazandırmır. Əgər 26 Bakı komissarına görədirsə, onda yenə də ortaya sual çıxır. Və bu sual şok yaşadır. Məlum oldu ki, Sabunçu rayonundakı küçələrdən birinin adı hələ də “26 Bakı komissarı” adlanır. Özü də bu kirill əlifbası dövründən qalsa idi bağışlamaq olardı. Aydın olur ki, “26 Bakı komissarı” latın əlifbası ilə yazılıb. Deməli, müstəqillik əldə ediləndən sonra açılan arxivlər, təhlil edilən materiallar effekt doğurmayıb. Deməli, Şaumyanın törətdiyi qanlı cinayətlər, Əzizbəyovun qaniçənlərin yanında zurna füləməsi faktları azlıq edib. Deməli, bağdan çıxarılan 23 nəşin başqa yerlərə köçürülməsi küçənin adının dəyişmə məsələsində kimlərinsə tükünü tərpətməyib.

Görəsən, hansı səbəbdən xalqın düşmənlərinin adı küçədən yığışdırılmayıb? Bir də ki bura Moskva qədər böyük şəhər deyil ki, minlərlə küçə adı olsun və dəyişdirmək çətinlik yaratsın. Bu, küçə adlarının dəyişidirilməsi işinə Bakı Şəhər İcra Hakimiyyətinin düzgün yanaşmamasının nəticəsidir. Eyni zamnda həmin küçə sakinlərinin laqeydliyi də adamı yandırır. Bəlkə də evlərin zirzəmisini su bassaydı, zibil vaxtlı-vaxtında daşınmasaydı, aidiyyatı qurumlara yüz dəfə məktub yazardılar. Amma küçələrinə düşmənlərinin adının verilməməsi kimsəni narahat etməyib. Bax, sadə adamların bu laqeydliyi çox mətləblərdən xəbər verir.

Bu sadəcə bir küçə adıdır. Ancaq onun içində hələ baş verənlərdən ayılmamaq faktı yatır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …

Bir cavab yazın