Cümə , Aprel 19 2024
Ana səhifə / Media / “23 ildir şalvarla yatıb dururam” – Müharibənin cəhənnəmə çevirdiyi talelər

“23 ildir şalvarla yatıb dururam” – Müharibənin cəhənnəmə çevirdiyi talelər

Buranı o reklam çarxlarında, dəbdəbəli jurnalların üz qabıqlarında gördüyümüz Bakı ilə heç nə birləşdirmir. Hətta Alov Qüllələrinə, Bakı Bulvarına, Azadlıq Meydanına və şəhərin digər gəzməli-görməli yerlərinəburadan birbaşa avtobuslar getsə belə. Bura elə bir yerdir ki, inkişafın bütün növləri bu binanın dəhlizində öz əhəmiyyətini itirir. Ayağını pilləkənə qoyduğun an sənneft şəhərində, paytaxtda yaşamırsan. Söhbət Yasamal rayonu, Tağızadə, 1 ünvanında yerləşən Texniki Universitetə məxsus 5 saylı yataqxanadan gedir.

24 ildir ki, taleləri ilə barışaraq bu uçuq-sökük binada yaşayan yüzdən çox ailəni heç nə təəcübləndirə bilməz. Bu ifadəni dəhlizdə qarşıma çıxan hər bir sakinin üzündən oxuyuram. “Niyə gəlmisiniz?, “çəksəniz nə olacaq ki?”, “bizə ev verəcəklər?!”… Dillərinə gətirməsələr belə, baxışları bunu deyirdi. Hələ arabir qulağımız ətrafdan oxşar replikaları eşidirdi də.

Əvvəllər tələbə yataqxanası olduğundan mətbəx və santexnika qovşağı ümumi olub. Amma sonradan yaşamağa yeri olmayan köçkünlər mətbəxdə də məskunlaşıblar. Elə bu səbəbdən, mənzillərin hər biri əlavə eyvan çıxararaq oranı mətbəx kimi istifadə etmək məcburiyyətində qalıb. Bu isə binanı eybəcər hala salmaqla yanaşı, həm də yaşayışı təhlükəli edib. Təbii ki, mətbəxə çəkilən ayrıca su və kanalizasiya xətləri də öz yerində.

Sakinlərin sözlərinə görə, əvvəllər illərlə təmir edilməyən bina son 2 ildə tez-tez təmir edilir. Amma nə fayda? Burada “çirkin bürünsə də, gözəl görünmür” deyimi yada düşür. Yəni sökülməli olan binanı kosmetik bəzək nə qədər saxlaya bilər ki?

 

Qonaq gəlinməyən evlər, illərlə nişanlı qalan gənclər…

5-6 nəfərin bir otağa sığındığı acınacaqlı vəziyyəti isə özlərindən yaxşı heç kim təsvir edə bilməz. Bina sakini Mahnur Atayevanın sözlərinə görə, 20 ildən artıqdır ki, bu cür şəraitsizlikdə yaşayır, xəstəlik və kasıbçılıqla döyüşə-döyüşə uşaqlarını böyüdürlər:

“Vəziyyətimiz çox pisdir. Bizim ailədə 5 nəfər var və hamımız bir otaqda qalırıq. Nəmişlik, şəraitsizlik bizi xəstə edib. 10-15 ildir deyirlər ki, gəlib siyahıya alıb sizi köçürəcəyik. Bəlkə də deməsəydilər, indiyə qədər biz də özümüzə bir gün ağlayardıq. Gör nə günə qalmışıq ki, yaşlı ata-anamız gəlib bir gün evimizdə qala bilmir. Bir Allah qonağını qəbul edə bilmirik. Uşaqlarımızdərs oxumağa yer tapmır. Gedib hamamın qabağında balaca bir işıq gələn yerə girib ev tapşırıqlarını edirlər”.

Uşaqlarını evsizlikdən evləndirə bilmədiklərini deyən şikayətçinin sözlərinə görə, nə vaxtsa təzə evə köçəcəklərinə də gümanı gəlmir:

“Uşaqlarımız böyüyüb, evləndirə bilmirik. Mənim qızım başqa bir yataqxanadan olan oğlanla illərdir nişanlıdır. Amma evsizlikdən toy edə bilmirik. Çox şikayət eləmişik, amma heç kim maraqlanmır”.

Binada yaşayanların əksəriyyəti Füzuli rayonundan məcburi köçkün düşənlərdir. Amma sakinlərdən öyrəndik ki, yataqxanada Kəlbəcər və Ağdamdan olanməcburi köçkünlər dəməskunlaşıblar.

 

“23 ildir şalvarda yatıb dururam…”

Füzuli sakini Ramiz Abbasovun sözlərinə görə, illərdir köçürülmələri ilə bağlı vədlər eşitməkdən yorulublar. Artıq bu vədlər də onları ümidləndirmir:

“Bu bina elə əvvəldən də pis gündə olub. Sakinlər məcbur olub özləri üçün şərait qurmağa çalışıblar. Hərə bacardığından bir eyvan tikib yerinigenişləndirib, mətbəx kimi istifadə edib. 24 ildir deyirlər köçürüləcək. Daha bu vədlərə inanmırıq. Bu binada 100-dən çox ailə yaşayır. Hərəsində azı 2-3 uşaq var. Hesablayın, görün nə qədər adam bu vəziyyətdə yaşayır… 23 ildir şalvarla yatıb şalvarla dururam. Qız uşağının yanında şalvarımızı soyuna bilmərik axı…”

Ən acınacaqlı vəziyyətdə yaşayan bina sakinlərindən biri də Pakizə Babayevadır. 63 yaşlı bu qadını bina sakini hesab edib-etməmək də müəmmalıdır. Onun bəxtinə düşən bu binanın zirzəmisinin kiçik bir küncü, daha dəqiq desək, birinci mərtəbədəki ayaqyoluların altıdır. Füzuli rayonunun Baş Alxanlı kəndindən məcburi köçün olan qadın 1993-cü ildən bu zirzəmiyə sığınıb.

“Gedək, qaldığım yeri sizə göstərim” deyəndə hər cür bərbad otaq ağlıma gəlsə də, görəcəyim mənzərə ilə qarşılaşmağım əsl şok oldu. Zirzəmiyə vurulan qıfıl da görüntü üçün idi. Əli ilə qoparıb atdı. Əslində bu zirzəmiyə kim oğurluğa girəcəkdi ki? Girsəydi də nə tapacaqdı? Qapı açılar-açılmaz üzümə kəskin qoxu və bürkü vurdu. Əvvəlcə pəncərəsiz yer olduğundan havasının ağır olduğunu düşünsəm də, içəri girəndə qarşılaşdığım mənzərə qarşısında donub qaldım – küçədə cəhənnəm istisi olsa da, zirzəmidə elektrik sobası yanırdı. Amma Pakizə xala bunu üşüdüyündənyandırmamışdı. Əvvəldə dediyim kimi, binanın birinci mərtəbəsi ayaq        yolu olduğun üçün kanalizasiya sistemi, demək olar ki,hər gün daşır, çirkab sular isə yaşlı qadının otağına tökülür. Soba isə həmin nəmi qurutmaq üçün idi. Otaqdakı bütün xalça-palaz, yorğan-döşək, pal-paltar da bu səbəbdən bayıra atılmışdı.

“Mənim dərdim böyükdür, bala, yazın. Ev bütün ayaqyolunun zir-zibilidir. Demək olar ki, hər gün bu otağa axıb tökülür. Ölürəm, daha dözə bilmirəm. 5 ildir gəlin gətirmişəm, uşağım evində otura bilmir. Gəlin bura gələndən xəstəlik tapıb, bronxit, astma xəstəliyi yaranıb. Əsəbləri də pozulub. Ona görə də, gediblər oğlumla atasıgildə qalırlar. Ailəm pərən-pərən olub, qalmışam tək. Heç gəlinimi qınamıram, buradaqala bilmir, nə etsin?! Nəmişlik, tualetdən tökülən murdar su bizdə pal-paltar, yoğan-döşək qoymayıb. Hamısını sərmişəm çölə ki, qurusun. Özüm də “Quran” oxuyan adamam. Yaşamağa bir təmiz yerim yoxdur. Bakı Dövlət Universitetində süpürgəçiişləyirəm, başımı orada qatıram, amma axşam yatmağa yenə bu çirkaba qayıdıram”, – deyə P.Babayeva bildirdi.

 

5 övladını itirən ana

9 övladından 5-ni itirən Pakizə xalanın sözlərinə görə, müharibə onun həyatını əsl cəhənnəmə çevirib. İki azyaşlı övladını elə müharibənin qaçhaqaçında itirib. Digər 3-ü isə sonradan dünyasını dəyişib. Evsizlik, şəraitsizlik ailəni pərən-pərən salıb. Hərə bir daxma tapıb başını saxlayır:

“Şəhid ailəsiyəm, qaynım, əmim uşaqları şəhid olub. Baş Alxanlı kəndindəndöyüşlərdə 24 şəhid vermişik.9 balamdan 4-ü qalıb. 2-si müharibədə qaçhaqaç düşəndə itkin düşdü.Heç bilmədim necə oldular. 3-ü də sonradan öldü. Bu ev kiçik oğlum Tehranındır. Çox çətinliklə dolanıram. Süpürgəvurub 200 manatdan bir az artıq maaş alıram.Ancaq komendantımız bizimlə maraqlanır. Onun da əlində elə bir imkan yoxdur. Gördü ayaqyolu daşıb evimizə axır, gətirib otağa elektrik sobası qoydu.Nə “Qaçqınkom”dan, nə İcra Hakimiyyətindənheç kim bizimlə maraqlanmır. Yersiz-yurduz adamam, kimsə mənə kömək eləsin”.

Pakizə xalaya deməyə təsəlli də tapmadıq. Onu Allaha əmanət edib zirzəmidən uzaqlaşdıq.

 

Zirzəmidə dərs

Növbəti müsahibimiz də problem və çətinliklərin üzüb xəstəyə çevirdiyi Zeynəb Vəlibəyovadır. Füzuli rayonunda doğulub, böyüyüb, hətta ali təhsil də alıb. Nə vaxtsa belə bir şəraitdə yaşayacağını isə heç yuxusunda da görməzdi. O qədər havasızlıq və xəstəlikdən bezib ki, öz yaşayışını “it günü”adlandırır:

“Bu bir otaqda 6 nəfər qalırıq. İki oğlum var, biri evlənib. Onun da balaca uşaqları var. Hamımız bu bir otağa sığınmışıq. Uşaqlara yazığım gəlir, burada yaşamaq xəstəlikdir. 4 il əvvəl bu ev yandı, birtəhər söndürdük. Gördüyünüz pəncərəni də ev yanandan sonra açmışam, əvvəl o da yox idi. Burada nəfəs almaq mümkün deyil, adam boğulur. Lap it kimi yaşayırıq”.

Bu həyətdə iki saatdan bir az çox qalsaq da, binanın problemləri sadalamaqla bitmirdi. Sakinlərlə reportajımızı yekunlaşdırıb çıxırdıq ki, diqqətimizi zirzəmidə dərs keçən uşaqlar çəkdi. Yaxınlaşıb Zəngilan rayon 21 saylı orta məktəbə məxsus bina olduğunu öyrəndik. Binadeyəndə,bir otaqdan ibarət zirzəmi idi. Sinifdə isə cəmi 3 uşaq var idi- Qəhrəman, Əziz və Sevinc. Məktəbin sinifləri də elə rayon sakinlərinin yaşadığı taleyi yaşayır – pərən-pərən. Bura isə 8-ci sinfin otağıdır. Biz gedəndə isə tənəffüs olduğundanotaqda müəllim yox idi.

Bir qədər söhbətləşdiyimiz bu uşaqlar bizim və ölkəmizin gələcəyi idilər. Yəqin ki, onlarında daha yaxşı məktəbdə oxumaq, daha yaxşı təhsil almaq kimi gözəl arzuları var idi. Sevinc hətta həkim olmaq istədiyini də dedi. Ona uğur arzulayıb mütləq həkim olmalı olduğunu dedim. Çünki bu cəmiyyətin hər şeydən çox həkimə ehtiyacı var. Təki gecikməyək, işimiz həkimdən mollaya keçməsin…

 

 

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın