Çərşənbə , Aprel 21 2021
Ana səhifə / Media / 21 ilin jurnalisti Facebook statusuna görə işdən qovulub

21 ilin jurnalisti Facebook statusuna görə işdən qovulub

AZƏRTAC Azərbaycan Dövlət İnformasiya Agentliyində  21 il işləyən Aygün Əliyeva Facebook sosial şəbəkəsində yazdığı statuslarına görə işdən kənarlaşdırıldığını bildirir. Onun sözlərinə görə, problemlər bələdiyyələrin fəaliyyətini tənqid edən statusu yazandan sonra başlayıb.

Aygün Əliyeva Turan-a bildirib ki, bələdiyyə seçkiləri ilə bağlı Facebook profilində «Niyə səsverməyə gedim ki? Allahın bir zibil qabını qoymurlar» yazdığı üçün ona izahat yazdırılıb. «Dedim, hətta ölkə başçısı bələdiyyələrin fəaliyyəti ilə bağlı tənqidi fikirlər səsləndirir, burada nə var ki? Cavab verdilər ki, Prezident Administirasiyası belə istəyir».

Ötən il avqustun 3-də isə A.Əliyeva işdən kənarlaşdırılıb: «Məni çağırıb dedilər ki, biz daha səninlə işləyə bilmərik, ərizəni yaz çıx, çünki Prezident Administrasiyasından mətbuata  kuratorluq edən Vüqar Əliyev zəng vurub deyib ki, «bu qız dövlət əleyhinə çağırışlar yazır, bələdiyyələrin fəaliyyəti haqqında status yazıb, biz sizə yanvar ayında dedik, amma siz onu çıxarmadınız, indi isə çıxarmalısınız». Jurnalist deyir ki, AZƏRTAC-dan ona həmçinin başqa bir statusla bağlı irad bildiriblər: «Elə avqustun 3-də mənə əlavə olaraq deyiblər ki, sən statusunda «Mən iki uşaq doğmuşam» yazmısan, ayıb olsun, Azərbaycan qadınına, AZƏRTAC-ın işçisinə yaraşmayan ifadələr qurmusan, mən isə buna etiraz etmişəm».

Aygün Əliyeva qeyd edib ki, ərizə yazmaqdan imtina edəndən sonra onu işinin öhdəsindən gələ bilməməsini əsas gətirərək işdən çıxardılar. «Mən 3 il buraxılış redaktoru işləmişəm. Ondan əvvəl isə bölmə müdiri işləmişəm. Redaktorum xəstə olduğuna görə yarım il onu əvəzləmişəm. Mən redaktoram. İndi isə deyirlər ki, mənim materiallarımı redaktə etməkdən yorulur insanlar. Bu, necə olur? Bu, çox gülünc bəhanədir. Mən 3 il prezident müxbiri olmuşam, Mehriban xanımla, Heydər Əliyev Fondu ilə, Nazirlər Kabineti ilə işləmişəm. Əgər mən savadsız müxbirəmsə, mənim orada nə işim var idi?»

Jurnalist məsələ ilə bağlı Nəsimi Rayon Məhkəməsinə müraciət etsə də məhkəmə onun iddiasını təmin etməyib: «Məhkəmədə açıq-aşkar deyiblər ki, işdən kənarlaşdırılmam ilə bağlı səbəblərdən biri Facebook-da yazdığım statuslardır. Məhkəmə iclası zamanı deyiblər ki, mən dövlət əleyhinə yazılar yazıram. Məhkəməyə təqdim olunan məktubda işdən çıxarılmağımla bağlı tapşırığın Prezident Administrasiyasından verildiyi göstərilib Digər statusumu da bəhanə gətirdilər. Onlar məhkəmədə dedilər ki, guya mən ayda cəmi 18-20 xəbər hazırlamışam, sənədlərini saxtalaşdırıblar. Xoşbəxtlikdən, əksini sübut edən dəlillərim vardı. Amma məhkəmə AZƏRTAC-ın lehinə qərar çıxarıb. Qərardan apellyasiya şikayətini verəcəm».

AZƏRTAC İdarə Heyəti sədrinin müavini Dağbəyi İsmayılov isə Aygün Əliyevanın Facebook-da yazdığı yazılarına görə işdən kənarlaşdırılması ilə bağlı sözlərinin doğru olmadığını deyib.

O, Turan-a bildirib ki, Aygün Əliyeva AZƏRTAC-da əvvəl texniki işçi kimi çalışıb, sonra şöbə müdiri və xüsusi müxbir vəzifələrində işləyib: «İnformasiyaları həmişə gec göndərib, səhv hazırlayıb, peşəkar deyil. Bunun üstündə çoxlu mübahisələr olub, çox iclaslar keçirmişik, hətta bir dəfə cərimə də olunub. İnsan öz təqsirini boynundan atır. Facebook-da yazdığının bura nə dəxli var? Məhkəmə də məsələni obyektiv araşdırdı və qərar qəbul etdi».

Dağbəyi İsmayılov əlavə edib ki, jurnalistin Prezident Administrasiyasının tapşırığı ilə işdən çıxarılmasına dair iddialar əsassızdır: «Belə bir şey yoxdur və olmayıb da».

Məsələ ilə bağlı Prezident Administrasiyasından münasibət öyrənmək mümkün olmayıb.

21 ilin jurnalisti Facebook statusuna görə işdən qovulub

Həmçinin oxuyun

Xərçəngdən əziyyət çəkən jurnalistin müalicə xərclərini Prezident qarşılayıb

Bir müddət əvvəl xərçəng diaqnozu qoyulan Lent.az saytının redaktoru Səbinə Əvəzqızının müalicə xərclərini Prezident İlham …