Ana səhifə / Media / 15 saylı Birləşmiş Şəhər Xəstəxanasında “arayış ticarəti” – ŞİKAYƏT VAR

15 saylı Birləşmiş Şəhər Xəstəxanasında “arayış ticarəti” – ŞİKAYƏT VAR

Etiraf olunmalıdır ki, bu gün respublikamızın səhiyyə sistemində əsaslı islahatların həyata keçirilməsinə və bir çox istiqamətlərdə kifayət qədər inkişafa nail olunmasına rəğmən, hələ də bəzi səhiyyə müəssisələrində vətəndaşlara göstərilən tibbi xidmətlər son dərəcə acınacaqlı vəziyyətdədir. Ötən saylarımızda bu mövzuya toxunaraq, biz belə bir fikir irəli sürmüşdük ki, səhiyyə, təhsil və digər bu kimi strateji əhəmiyyət kəsb edən sahələrdə mövcud olan vəziyyətə görə rayonun istisnasız olaraq bütün hakimiyyət orqanları və yerli ictimaiyyət məsuliyyət daşıyırlar. Digər tərəfdən isə, hər bir konkret müəssisəyə rəhbər təyin olunmuş, müəyyən vəzifə imtiyazları ilə səlahiyyətləndirilmiş və bu sahənin mütəxəssisi sayılan konkret şəxslər vardır ki, onların məsuliyyətləri də müvafiq olmalıdır. Lakin bir çox hallarda biz bunun tam əksi ilə rastlaşırıq. Elə son vaxtlar redaksiyamıza ardıcıl daxil olan məlumatlarda da paytaxtın Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində fəaliyyət göstərən 15 saylı Birləşmiş Şəhər Xəstəxanasında müşahidə olunan müxtəlif qanun pozuntuları barədə açıqlamalar təqdum olunur. Belə ki, bu tibb müəssisəsinin fəaliyyətinə dair bizimdovr.az-a təqdim olunan açıqlamalarda xəstəxananın baş həkimi Arif Məmmədovun yol verdiyi rüşvətxorluq və digər korrupsiya hallarından bəhs edilir. Aldığımız məlumatlar əsasında ötən saylarımızdan birində dərc etdiyimiz məqalədə biz artıq göstərmişdik ki, iddialara görə, 15 saylı Birləşmiş Şəhər Xəstəxanasında Səhiyyə Nazirliyinin xəstələrin ərzaq və dərman preparatları ilə pulsuz təmin olunmalarına dair verdiyi təlimatlar kobud şəkildə pozulur. Xəstələrə yalnız bir neçə adda ucuz və az effektli həbb preparatları pulsuz verilir.

Həmçinin mənbələr bildirirlər ki, Arif Məmmədovun rəhbərlik etdiyi bu xəstəxanada “ölü canlar” saxlanılır, yəni saxta “xəstəlik tarixləri” açılır və xəstələr üçün ayrılmış ərzaq və dərmanlar mənimsənilir. Eyni zamanda da, baş həkim bu tibb müəssisəsinin kadrlar üzrə mütəxəssisi ilə əlbir olaraq, ştatdan əlavə şəxsləri xəstəxananın işçisi kimi rəsmiləşdirməklə, bu “işçilərin” əməkhaqqlarını da mənimsəyirlər.
Açıqlamalarda xüsusilə xəstəxananın nəzdində fəaliyyət göstərən poliklinikanın işinin yarıtmaz durumda olduğu vurğulanır. Belə ki, bizimdovr.az-a olunan müraciətlərdə xəstələr poliklinikada ümumi və biokimyəvi analizlərin, rentgen, kardioqram və digər müayinələrin də yalnız ödənişli əsaslarla həyata keçirildiyini bildirirlər. Bundan başqa, məlumatlarda iddia olunur ki, bu gün poliklinikada xəstəlik kağızlarının (bülleten), 88 saylı forma və digər arayışların verilməsi əsil kommersiya fəaliyyətinə çevrilib. Belə ki, açıqlamaya görə, 15 saylı xəstəxananın poliklinikasında müəyyən olunmuş məbləği ödəməklə, heç bir müayinədən belə keçmədən, tələb olunan istənilən arayışı dərhal almaq olur. Son əldə etdiyimiz məlumatlardan birində isə, bu arayışların qiyməti də açıqlanır. Mənbə bildirir ki, sağlamlıq haqqında “adi” arayış bu tibb müəssisəsində 15 manata verilir. Adi sözü isə ona görə vurğulanır ki, mənbə bu məbləği təxminən 3-4 dəfə artırmaqla, alınan arayışın hətta köhnə tarixə qeydiyyatdan keçirməyin də mümkün olduğunu iddia edir.
Və nəhayət, məlumatlarda belə bir məqam da xüsusilə vurğulanır ki, bütün bu neqativ hallar barədə artıq bir neçə dəfə yuxarı instansiyalara müraciət olunsa da, indiyədək nə Səhiyyə Nazirliyinin, nə də digər aidiyyatı olan qurumların diqqətini problemə cəlb etmək mümkün olmayıb. Bu isə öz növbəsində, bir tərəfdən Suraxanı rayon sakinlərinin narazılıqlarına, digər tərəfdən də 15 saylı Birləşmiş Şəhər Xəstəxanasında yol verilən özbaşınalıqların getdikcə daha da artmasına yol açır.

Qarşı tərəfin də mövqeyini əks etdirə bilərik.

Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …

Bir cavab yazın