Ana səhifə / Media / “100 min müəllimin maaşı artırılıb” – Nazir

“100 min müəllimin maaşı artırılıb” – Nazir

“Həyata keçirilən tədbirlər nəticəsində son illərdə ümumi təhsilin keyfiyyət göstəriciləri dinamik şəkildə artmaqdadır. 2012-ci illə müqayisədə bütün imtahan fənlərindən müsbət qiymət almış IX sinif məzunlarının sayı 50,2 faizdən 2016-cı ildə 67,2 faizədək artıb, son 4 ildə imtahan nəticələri 17 faiz yüksəlib”.

AzVision.az-ın məlumatına görə, bu barədə təhsil naziri Mikayıl Cabbarov “Azərbaycan” qəzetində dərc olunmuş məqaləsində yazıb. Nazir bildirib ki, “əla” qiymət alanların sayı 2015-ci ildəki 7 faizdən 2016-cı ildə 9,2 faizə yüksəlib:

“XI sinif məzunlarının buraxılış imtahanlarında hər üç fəndən müvafiq qiymət alanların çəkisi 2016-cı ildə 2015-ci ilə nisbətən 2 faiz artaraq 65 faiz olub. Bu siniflərdə hər üç fəndən “əla” qiymət alan şagirdlərin sayı 6,8 faizdən 8,8 faizə yüksəlib”.

O, qeyd edib ki, ölkə başçısının sərəncamına əsasən son 2 ildə diaqnostik qiymətləndirmədən keçən 100 min müəllimin (bütün müəllimlərin 70 faizi) əməkhaqqında əhəmiyyətli artım təmin edilib: “Təkcə 2016-cı ildə prezidentin sərəncamlarına əsasən təhsilin inkişafında xüsusi xidmətlərinə görə 175 nəfər müəllim yüksək dövlət təltiflərinə layiq görülmüş, o cümlədən 1 nəfərə “Şərəf” ordeni, 2 nəfərə “Şöhrət” ordeni, 1 nəfərə “3-cü dərəcəli Vətənə xidmətə görə” ordeni, 1 nəfərə “Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu”, 76 nəfərə “Tərəqqi” medalı verilmiş, 3 nəfər “Əməkdar elm xadimi”, 93 nəfər “Əməkdar müəllim”, 2 nəfər “Əməkdar jurnalist”, 1 nəfər “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adları alıb”.

M.Cabbarov vurğulayıb ki, ümummilli liderin ənənələrini davam etdirən Prezident İlham Əliyevin 2007-ci ilin aprelində imzaladığı sərəncamla “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına dair Dövlət Proqramını” təsdiq etməsi ölkəmizin təhsil sahəsində beynəlxalq əlaqələrin daha da genişlənməsinə hərtərəfli imkanlar açıb:

“Proqram çərçivəsində təhsil almaq hüququ qazanmış tələbələrin sayı 3558 nəfərə çatıb, bu günədək dövlət proqramı çərçivəsində 1470 nəfər məzun olub. Həmin məzunlar dünyanın ən aparıcı universitetlərində ölkəmiz üçün zəruri olan tibb, mühəndislik, İKT, kənd təsərrüfatı, turizm və digər sahələr üzrə təhsil alıb. Proqram məzunlarının 95 faizi öz ixtisas istiqaməti üzrə, 5 faizi başqa sahədə fəaliyyətini davam etdirir. Məzunların 60 faizi özəl sektorda, 40 faizi isə dövlət sektorunda çalışır”.

Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …

Bir cavab yazın