Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Media / 1 milyon 240 min nəfərin pensiyası artıb – Prezidentin fərmanından sonra

1 milyon 240 min nəfərin pensiyası artıb – Prezidentin fərmanından sonra

Azərbaycan Prezidenti İlham Əliyevin “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” və “Minimum aylıq əmək haqqının artırılması haqqında” 2017-cı il 21 yanvar tarixli sərəncamları ölkəmizdə əhalinin etibarlı sosial müdafiəsinin təmin olunması və ailə gəlirlərinin artırılması istiqamətində məqsədyönlü tədbirlərin cari ildə də davam etdirildiyinin əyani təzahürüdür.

Azinforum.az  xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov qeyd olunan sərəncamlarla əlaqədar keçirdiyi mətbuat konfransında vurğulayıb. S.Müslümov bildirib ki, ötən dövrdə Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlar, təsdiqlədiyi dövlət proqramları nəticəsində ölkənin hərtərəfli və dayanıqlı sosial-iqtisadi inkişafının stimullaşdırılması təmin olunub. Dünya iqtisadiyyatı üçün ağır, ciddi çətinliklərin yaşandığı, neftin qiymətinin 3-4 dəfə aşağı düşdüyü 2016-cı ildə də dövlət başçısının məqsədyönlü islahatları Azərbaycanın belə bir vəziyyətdən uğurla çıxmasına, respublikada sosial-iqtisadi sabitliyin davam etməsinə, qeyri-neft sənayesində 5 faiz, kənd təsərrüfatında 2,6 faiz artım əldə olunmasına imkan verib: “Xüsusilə də belə şəraitdə əhalinin etibarlı sosial müdafiəsinin təmin olunması diqqətdə saxlanıldı. Azərbaycan Prezidenti cənab İlham Əliyevin təkcə ötən il imzaladığı 30-dək Fərman və Sərəncamla ümumilikdə 3,6 milyon nəfərə və ya ölkə əhalisinin 38 faizinə yönələn sosial ödənişlərin artırılması təmin edildi. Başqa sözlə, postenerji dövrü üçün xarakterik olan yeni iqtisadi idarəetmə modelinə keçidin ortaya çıxardığı çətinliklərdən əhalinin kompensasiyası üçün 600 milyon manatdan artıq vəsait yönəldildi. Sosial iqtisadi tədbirlər sosial rifah göstəricilərinin yüksəlməkdə davam etməsi, o cümlədən əmək haqlarının 7 faiz, pensiyaların 8 faiz artımı ilə müşahidə olundu”.
Nazir vurğulayıb ki, Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycan Prezidenti İlham Əliyev “2016-cı ildə sosial məsələlər də öz həllini tapıb. Sosial siyasət daim bizim əsas prioritetlərimizdən biri olmuşdur. 2016-cı ildə maaşlar 7 faiz, pensiyalar 8 faiz artmışdır. Yenə də artmalıdır. Hesab edirəm ki, 2017-ci ildə də bu istiqamətdə müsbət dinamika olacaqdır”, deyə bəyan edib.

“Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” və “Minimum aylıq əmək haqqının artırılması haqqında” 2017-cı il 21 yanvar tarixli sərəncamlar da bu məqsədlə atılan addımlar sırasındadır:
“2006-cı il yanvarın 1-dən ölkəmizdə tətbiq edilən müasir sığorta-pensiya sistemi bazar iqtisadiyyatı mühitində vətəndaşların pensiya təminatı hüquqlarının etibarlı müdafiəsi məqsədilə hər il əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsini nəzərdə tutur. Bu tədbir nəticəsində istehlak qiymətləri indeksinin illik səviyyəsinə, yəni inflyasiyaya uyğun indeksləşdirmə aparılmaqla nəticə etibarilə əmək pensiyalarının ildən-ilə artırılması təmin olunur. 2007-ci ildən ötən müddətdə əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidenti tərəfindən artıq 11 Sərəncam imzalanıb və həmin Sərəncamlar nəticəsində pensiyalarda mütəmadi artımlar edilib. “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” 2017-cı il 21 yanvar tarixli Sərəncam da əmək pensiyalarında növbəti artımın edilməsini nəzərdə tutur”.
S.Müslümov qeyd edib ki, sərəncama əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu 2016-ci il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq, 2017-cı ilin 1 yanvar tarixinə bütün növ əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsini təmin etməlidir: “Ötən il respublikamızda istehlak qiymətlərinin 12,4 faizlik indeksi qeydə alınıb. Möhtərəm dövlət başçımızın “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” 2017-cı il 21 yanvar tarixli sərəncamına əsasən, sığortaolunanlar üzrə ödənilən və onların fərdi hesablarında qeydə alınan pensiya kapitallarının da indeksləşdirilməsi aparılacaq. Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsinə hər ay təqribən 10,21milyon manat, il ərzində isə 122,5 milyon manat əlavə vəsait yönəldiləcək. Ümumilikdə pensiyaların sığorta hissəsinin artırılması prosesi pensiyaçıların 94 faizinə və ya 1 milyon 240 min nəfərə şamil olunacaq. Vətəndaşların əmək pensiyalarının sığorta hissəsini təşkil edən məbləğlər müxtəlif olduğundan bu artımların məbləğləri də fərqli olacaq”.

Əmək pensiyalarının sığorta hissəsinin və fərdi hesablarda qeydə alınan pensiya kapitallarının indeksləşdirilmə ilə artımının avtomatlaşdırılmış qaydada icra ediləcəyini bildirən S.Müslümov vurğulayıb ki, növbəti ayın, yəni fevral ayının pensiyalarının ödənişi onların sığorta hissəsinin yanvar və fevral aylarındakı artımları ilə birlikdə həyata keçiriləcək: “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycan Prezidenti cənab İlham Əliyevin 21 yanvar 2017-cı il tarixli Sərəncamının icrası ilə bağlı işlərin vaxtında və yüksək səviyyədə yerinə yetirilməsini təmin edəcək”.

Nazir onu da bildirib ki, Azərbaycanda əmək pensiyaçılarının sayı ötən il 16,1 min nəfər və ya 1,24 faiz artaraq (o cümlədən yaşa görə 0,4 faiz, ailə başçısını itirməyə görə 3,9 faiz, əlilliyə görə 2,06 faiz artaraq) 1 yanvar 2017-ci il tarixinə 1 316 min nəfər təşkil edib: ”Fərdi uçot sisteminin əhatə etdiyi şəxslərin sayı da ildən-ilə artmaqda davam edir. Sistemdə qeydiyyata alınan sığortaolunanların sayı ötən ilin əvvəlinə nisbətən 191,8 min nəfər artaraq 2017-cı ilin 1 yanvar tarixinə 3 371,9 min nəfər təşkil edib. Eyni zamanda bu sistemdə uçotda olan əcnəbi vətəndaşların sayı 33, 9 min nəfərə çatıb”.

2003-cü ildən 2017-ci ilədək minimum əməkhaqqının 11,7 dəfə artdığını qeyd edən S.Müslümov “Minimum aylıq əmək haqqının artırılması haqqında” 2017-cı il 21 yanvar tarixli Sərəncamın bu artım dinamikasının cari ildə də davam etməsinə imkan yaratdığını bildirib: “Sərəncama əsasən, minimum aylıq əmək haqqının məbləği 116 manat müəyyən edilib. Əmək və Əhalini Sosial Müdafiəsi Nazirliyinin əmək müqavilələri bildirişi üzrə elektron informasiya sisteminə daxil edilmiş məlumatlara əsasən bu artımın təqribən 146 min nəfərə şamil olunacağı, nəticədə artımın şamil olunduğu şəxslərin illik gəlirlərinin 40,3 mln. manata qədər artacağı gözlənilir. Minimum aylıq əmək haqqının təqribən 10,47% artımı sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən məcburi dövlət sosial sığortası üzrə daxilolmaların 2017-ci ildə 12,4 mln. manat artacağını proqnozlaşdırmağa əsas verir”.
Sonra S.Müslümov jurnalistlərin suallarını cavablandırıb.

Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …

Bir cavab yazın