Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Media / ƏRZİMAN ƏLİYEVİN QOHUMU DA JURNALİSTİ TƏHQİR ETDİ

ƏRZİMAN ƏLİYEVİN QOHUMU DA JURNALİSTİ TƏHQİR ETDİ

İki gün əvvəl “Bizim Yol” saytının əməkdaşı jurnalist Əli Cahangiroğlunun DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin sabiq rəisi, polis general-mayoru Ərziman Əliyev tərəfindən təhqir olunması barədə ölkə mətbuatında bir çox yazılara rast gəlmək olur.

Məsələ isə Göyçay çayı üzərində avtomobil körpüsünün uçması ilə əlaqədar Əli Cahangiroğlunun generala zəng edərək ondan açıqlama almaq istəməsindən başlayıb.

Xatırladaq ki, iyunun 2-də güclü sel nəticəsində Göyçay çayı üzərində avtomobil körpüsünün uçması ilə bağlı cinayət işi başlanıb. Faktla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin bir neçə maddələri ilə Nazim Səfər oğlu Qasımova və Nəciməddin Mikayıl oğlu Əliyevə ittiham elan edilib. Nəciməddin Əliyevin kimliyi ilə bağlı yayılan məlumatlarda onun DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin sabiq rəisi, polis general-mayoru və Quba rayon İcra Hakimiyyətinin sabiq başçısı Ərziman Əliyevin qardaşı olduğu bildirilib..

Məsələ ilə bağlı “Bizim yol”un əməkdaşı Əli Cahangiroğlu Ərziman Əliyevlə əlaqə saxlayıb. Ə.Əliyev jurnalistə bu barədə açıqlama vermək əvəzinə, onun ünvanına küçə söyüşü işlədib, ardınca da general adına yaraşmayan ağır təhqiri bir də təkrarlayıb. Hadisə ilə bağlı bağlı açıqlama verən jurnalist Əli Cahangiroğlu onu təhqir edən polis general-mayoru Ərziman Əliyevi məhkəməyə verəcəyini bildirib “Bizim Yol” qəzetinin baş redaktoru isə generalın jurnalistə qarşı bu hərəkətindən Baş prokuror Zakir Qaralova müraciət edib.

365info.org saytı “Qafqaz Xəbər Agentliyi”nin feysbuk səhifəsində “Təhqir olunan jurnalist generalı məhkəməyə verəcək” başlıqlı yazıya şərh yazanlardan birinin Ərziman Əliyevin qohumu olduğunu müəyyən edib.

Belə ki, həmin yazıya “peysər” sözünü yazıb jurnalisti təhqir edən Vüqar Qurbanov Ərziman Əliyevin yaxın qohumu, Baş prokurorun köməkçisi və keçmiş Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğlu Namiq Məmmədovun qaynı olduğunu dəqiqləşdirib.

Görünür jurnalistin bu məsələni ictimailəşdirməsi keçmiş nəqliyyat naziri Ziya Məmmədovun bəzi qohumlarını çıxılmaz vəziyyətə salıb. Və onlar öz əsəblərini cilovlaya bilməyərək sosial şəbəkələrdə jurnalistə qarşı öz çirkin kompaniyalarını davam etdirirlər.

Qeyd edək Vüqar Qurbanov və Namiq Məmmədov barədə ölkə mətbuatında çoxsaylı məlumatlara rast gəlmək olur.

Bu məlumatların birində deyilir ki,“Namiq Məmmədov Vüqar Qurbanovla yeznə qayındılar: “Daha dəqiq desək, Namiq Məmmədov Vüqar Qurbanovun əmisi qızının həyat yoldaşıdır. Vaxtı ilə Vüqar Qurbanov öz atası Akif Qurbanovla birlikdə qaynatası Fərhad Qəribovun tikinti maqnatı olmağına həsəd aparırdılar. Ancaq sonradan özləri də Bakı şəhərinin mərkəzi rayonlarında göydələnlər tikməyə başladılar. Və sonda elə oldu ki, hətta V.Qurbanov öz qaynatasının obyektlərini Baş prokurorun köməkçisi Namiq Məmmədova sifariş verməyə başladı. Yəni Namiq Məmmədovun sifarişi ilə hüquq mühafizə orqanları keçmiş deputat Fərhad Qəribovun obyektlərində yoxlamalara başladılar. Ancaq atalar demişkən “Başqasına quyu qazan özü düşər” və ya “Sən saydığını say, gör fələk nə sayacaq”. Vüqar Qurbanov yeznəsi Namiq Məmmədovun vasitəsi ilə öz qaynatasının obyektlərini sifariş verməklə özü başqasına qazdığı quyuya düşür.

Belə ki, V.Qurbanovun “Brizol” (“Briz-L”) göz klinikasında ölüm hadisəsi baş verir və Qurbanovlar çıxılmaz vəziyyətə düşürlər.

V.Qurbanov haqda ölkə mətbuatında bir çox başqa maraqlı məlumatlara rast gəlmək olar; onun polis zabiti işləyən vaxt tabel silahını itirməsindən tutmuş, “Patçi” şokolad şirkətinin sahibini döyməsinəcən.

Bir müddət əvvəl onun haqda mətbuatda gedən çoxsaylı yazıların birində bildirilir ki,Vüqar Qurbanovun Facebook sosial şəbəkəsində maraqlı fotolarına rast gəlmək olar:”Fotoların birində spirtli içkilər divara yığılıb, Vüqar isə həmin divara baxaraq əllərini göyə qaldırır.

Adamın yadına hind filmlərindəki səhnələr düşür… Hind filmlərinin qəhrəmanları əllərini göyə açaraq müəyyən fiqurların qabağında dua edirlər. Görəsən, Vüqar Qurbanov üzünü müxtəlif növ spirtli içkilərə tutaraq nə dua edir..?

Bəlkə, yenidən DİN-ə qayıtmaq istəyir? Əlbəttə, biz onun nə istədiyini deyə bilmərik. Amma özünü müsəlman hesab edən bir şəxsin bu durumda olması xoşagələn hal deyil. Həm də unutmamalıyıq ki, Vüqar Qurbanov DİN-in keçmiş zabitidir. Keçmiş olanda nə olar..? Məgər keçmişə görə xəcalət hissi, məsuliyyət hissi yoxdur? ”

Qeyd edək ki, hətta vaxtı ilə ölkə mətbuatı Vüqar Qurbanovdan yazanda Namiq Məmmədov Bakı şəhər BPİ-nin rəis müavini Elxan Həsənova tapşırıq vermişdir ki, Vüqar Qurbanovdan yazan jurnalistlər “Qoratdelə” çağırılıb Elxan Həsənov tərəfindən təhdid olsunlar. Düzdür sonradan Mirqafar müəllim Bakı şəhər BPİ-yə rəis təyin olunandan sonra Elxan Həsənovun bu özbaşnalığına görə başı ağradı, ancaq fakt faktlığında qalır, bu günləri də ölkə mətbuatı o barədə yazır…”

Gördüyünüz kimi Vüqar Qurbanovun Əli Cahangiroğlunun Ərziman Əliyev tərəfindən təhqir olunması haqda yazıya şərhdə çox güman ki, jurnalisti nəzərdə tutaraq “peysər” sözünü yazıb təhqir etməsi heç də təsadüfi deyil. Və Ərziman Əliyevin pis əməlini müdafiə etməsinin kökündə Vüqar Qurbanovun təkcə generalla qohum olması faktı yox , həm də həqiqəti yazan jurnalistlərdən şəxsən yanıqlı olması, onlara hətta nifrət etməsi durur ki, bunu o büruzə verməkdən belə çəkinmir.

Görünür bəziləri kimlərəsə arxayın olaraq jurnalsitləri təhqir,təhdid etdiyinə görə layiqli olaraq cəzalanmasından hələ də dərs götürməyiblər…

Vüqar Akifoğlu

365info.org


Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …