Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Media / “Ən kritik yer Zığ massivindədir” – Sürüşmə zonaları aktivləşib

“Ən kritik yer Zığ massivindədir” – Sürüşmə zonaları aktivləşib

“Azərbaycanda builki yazın gözlənildiyindən rütubətli keçməsi, yağışların intensiv yağması və bu günlərdə də davam etməsi ölkə ərazisindəki sürüşmə sahələrində aktivliyi xeyli artırıb”.

“Qafqazinfo” xəbər verir ki, bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktor müavini Elbrus Əlizadə deyib.

Onun sözlərinə görə, artıq sürüşmə sahəsindəki fəallıq ayrı-ayrı ərazilərdə deyil, çox böyük ərazilərdə müşahidə edilir.

Bunun gözlənilən hal olduğunu deyən E.Əlizadə qeyd edib ki, hazırda sürüşmə sahələrinin ən çox fəallaşması Şamaxı, Qobustan, Ağsu, İsmayıllı rayonlarında müşahidə olunur:

“Burada ən böyük ziyan Bakı-Şamaxı-Ağsu və Bakı-Şamaxı-Muğanlı-İsmayıllı yollarına dəyib. Bakı-Şamaxı yolunun 106, 107-ci km-liyində, Ağsu aşırımına çatmamış – “Şərədil” istirahət mərkəzinin yaxınlığında, Ağsu aşırımının özündə artıq sürüşmə sahələrinin sayı 1-2 deyil, onlarladır. Burada fəal sürüşmə və sürüşmə-uçqun prosesləri gedir. Oxşar hadisələr Bakı-Rostov yolunun kənarında da müşahidə edilir. Lənkəran-Lerik yolundakı aktiv sürüşmə sahələri yenidən fəallaşıb”.

E.Əlizadə əlavə edib ki, artıq Kiçik Qafqazda da – Gədəbəy, Şəmkir, Daşkəsən, Göygöl və Goranboy rayonlarında da sürüşmə sahələrinin fəallaşması müşahidə olunur.

Onun sözlərinə görə, Qusar, Quba rayonlarında da sürüşmə sahələri fəallaşır: “Ölkədə bu ilki yazın rütubətli keçməsi nəticəsində hazırda böyük ərazidə sürüşmə sahəsinin fəallaşması müşahidə edilir”.

İnstitutun direktor müavini qeyd edib ki, Bakıdakı sürüşmə sahələrində nisbi fəallıq müşahidə olunur: “Ən kritik yer Zığ massivindədir. Burada proses davam edir. Zığ massivində yaşayış evlərinin də çox olmasını nəzərə alsaq, demək olar ki, burada təhlükədə olan evlərin sayı onlarladır. Nisbi fəalllıq Badamdar – Bayıl – Teleteatr yamaclarında (Bayıl, yaxud Bakı amfiteatrı) da müşahidə edilir. Bayıl və Badamdar yamaclarında sürüşmə prosesləri daha fəaldır. Şəhidlər Xiyabanı zonasında da qoyulan nişanlar göstərir ki, orada kritik olmasa da, süxurların yerdəyişməsi müşahidə olunur. Yəni, orada da vəziyyət sabit deyil. Ümumilikdə, hazırda Bakıdakı sürüşmə sahələrinin heç birində sabitlik yoxdur. Artıq Bayıl – Badamdar yamacında və Ukrayna meydanında fəallaşma müşahidə olunur”.

E.Əlizadə deyib ki, sürüşmə sahələrində görülən tədbirlər ancaq operativ tədbirlərdir: “Profilaktik tədbirlər isə ya görülmür, ya da çox az görülür. Ərazilərdə sürüşmə ehtimalını azaltmaq üçün tədbirlər görmək lazımdır”.

Həmçinin oxuyun

Yazıq jurnalist nədən və kimdən yazsın?..

Azərbaycan cəmiyyətində çox zərərli tendensiya formalaşıb. Heç kim tənqid olunmaq istəmir. Məsələ burasındadır ki, tənqidə …

Bir cavab yazın