Cümə , Aprel 19 2024
Ana səhifə / Media / Ərzaq malları sürətlə bahalaşır, Bakıda mağazalar bağlanır – FOTOLAR

Ərzaq malları sürətlə bahalaşır, Bakıda mağazalar bağlanır – FOTOLAR

Son üç gündə dolların sürətlə bahalaşması ərzaq  və gündəlik tələbat mallarının satışına təsir göstərib. Siqaretin qiyməti kəskin artırılandan sonra un, makaron, ət, kartof, soğan, pomidor, süd məmulatları da bahalaşıb.

Virtualaz.org saytının əməkdaşlarının Bakı bazarlarında və marketlərində apardığı müşahidələr göstərir ki, topdansatış məntəqələrində  artıq  unun qiyməti artırılıb. Belə ki, 50 kiloqramlıq un kisəsi istehsal firmasından və növündən asılı olaraq 2-5 manat arasında bahalaşıb.

“Fresko” supermarketində isə əla növ “Makfa”  ununun bir kiloqramı 1 manat 55 qəpiyə, “Karmen” unu 1 manat 50 qəpiyə, “Doymak” makaronları 85 qəpiyə satılırdı. Yumurta 21 qəpik,  şəkərin qiyməti isə 10 qəpik bahalaşaraq 1 manata 10 qəpik olub.

Marketdə kartofun 1 kiloqramı 1 manat 55 qəpiyə, soğan 93 qəpiyə, xiyar 3 manat 95 qəpik, Zirə pomidoru isə 6 manat 95 qəpiyə təklif edilir.

Marketin spirtli içkilər satılan bölümü tamamilə boşaldılıb. Satıcılar bunu yeni məhsulları gətiriləcəyi ilə əlaqələndiriblər.

“Meqa Store” marketində isə sümüksüz qoyun əti 13 manat 50 qəpiyə, sümüklü qoyun əti isə ət 11 manat 50 qəpiyə təklif edilir. Xətai rayonu, Gəncə prospektindəki sallaqxanalarda da ətin qiyməti artırılıb. Hazırda  mal əti 9 manata, qoyun əti isə 12 manata satılır.

Nəsimi rayonu, 3-cü mikrorayon bazarında da bahalaşma müşahidə olunur. Hazırda bazarda kartofun 1 kiloqramı 1 manat 20 qəpik, soğan isə 80 qəpiyə satılır. Satıcılar meyvə-tərəvəz məhsullarının da bahalaşdığını etiraf edirlər.

Satıcı Alı Səmədovun sözlərinə görə, kartof, soğan, kələm, kök, lobya, eləcə də meyvələrin qiyməti bahalaşıb: “Yerli kartoflar 1 manat 20 qəpikdir, xaricdən gətirilənləri isə 1 manata satırıq. Lobya 3 manatdan 3 manat 50 qəpiyədək bahalaşıb. Məsələn, “Qızıl Əhməd” almaları 3 manatdan ucuz deyil.  Bir ay əvvəl kiloqramını 1 manata satdığımız almalar 1 manat 30 qəpik olub”.

Süd və süd məhsullarının qiymətində də artım hiss olunur. Qatığın qiyməti 20 qəpik, şor və pendirin qiyməti isə 50 qəpik artırılıb. Bahalaşan məhsulların içərisində turşular da var. Məsələn, əvvəllər 1 kiloqramı 2 manata satılan badımcan turşusu bu mövsümdə 3 manat, hətta 4 manatadək bahalaşıb.

Maraqlıdır ki, bazarın içərisində, eləcə də bazarla üzbəüz onlarla mağaza bağlanıb. Təkcə Alı Mustafayev küçəsində 25 ərzaq mağazası fəaliyyətini dayandırıb.

“Təzə bazar”da da bahalaşma müşahidə edilir. İran kartofunun 1 kiloqramı 90 qəpiyə, Gədəbəy, Tovuz kartofu 1 manat 10-1 manat 30 qəpiyə,  soğan 80 qəpik-1 manata, lobya 2 manat 50 qəpik-4 manat arasında, kök 1 manat 20 qəpiyə, armud 3 manat 50 qəpiyə, mandalin 2 manat 50 qəpiyə satılır.

Satıcı Adilə Qəmbərova deyir ki, hətta limon belə 10-15 qəpik arasında bahalaşıb: “Deyirlər ki, gələn həftə ərzağın qiyməti təkrar bahalaşacaq. Yağ, qənd, çay, un bahalaşanda biz də qiymətləri artırmağa məcburuq. Gələn həftə təkrar qiymət artımı olacaq”.

Qeyd edək ki, marketlərdə işçilərə qiymətlələ bağlı açıqlama vermək qadağan edilib. Bazarlarda da məhsulların üzərində qiymətləri yazılmayıb. Satıcılar qiymət artımından narazılıq etsələr də açıqlama verməkdən imtima edirlər.

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli isə virtualaz.org saytına un, ət və digər ərzaq məhsullarının yenidən bahalaşacağını deyib: “Milli valyutanın bir neçə dəfə dəyərdən düşməsi bazarda zəlzələ effekti yaratdı. Hazırda maliyyə bazarında qeyri-müəyyənlik hökm sürür. Məhsulların bahalaşması yalnız süni qiymət artımı ilə bağlı deyil. Buna görə də qiymətlərin artmasının qarşısının inzibati metodlarla alınması isə daha ağır nəticələr verə bilər”.

Ekspert deyir ki, unun qiymətinin artması ərzaq buğdasının xaricdən gətirilməsi ilə bağlıdır: “Kənd Təsərrüfatı Nazirliyi taxıl istehsalının artdığını deyir. Lakin xaricdən 1,5 milyon ton ərzaq buğdası alınıb. Azərbaycanda əhalinin ərzaq buğdasına təlabatı 1,3 milyon tondur. Deməli, spirt istehsalında istifadə edilən buğda da xaricdən alınır. Digər tərəfdən, bu il heç bir ehtiyac olmadığı halda, Dövlət Taxıl Fondunun (DTF) buğda ehtiyatı daha 250 min ton artırılaraq 750 min tona çatdırılıb. Ona görə də xaricdən gətirilən buğdanın həcmi artırılıb”.

Vahid Məhərrəmli

Onun sözlərinə görə, Dövlət Taxıl Fondu bu qədər buğda ehtiyatını daxili istehsal hesabına yaratmır, xaricdən idxal edir. DTF onu əsas gətirir ki, bizim fermerlər istehsal etdikləri məhsul unüyütmə üçün yararsızdır. Amma  Kənd Təsərrüfatı Nazirliyi yerli taxıl, xüsusən də buğdanın keyfiyyətli olduğunu açıqlayır. Yalnız taxıl idxalı üçün hər il ölkədən 450 milyon dollar vəsait  çıxarılır. Dünyada adambaşına 90 kiloqram ərzaq buğdası istehsal olunsa da bunun 20 faizi ehtiyat kimi saxlanılır.  Dövlət Statistika Komitəsinin məlumatına əsasən Azərbaycanda adambaşına 180 kiloqram buğda istehsal olunur, 150 kiloqram da idxal edilir. Adambaşına 330 kiloqram buğda düşür. Bütün bu səbəblər isə un və çörək də daxil olmaqla un məmulatlarının qiymətinin yenə də artacağını deməyə əsas verir”.

V.Məhərrəmovun sözlərinə görə, ölkədə ət istehsalı ilə bağlı problemlər çoxdur. Ona görə də 1 kiloqram ətin 15-20 manatadək bahalaşması təəccüb doğurmayacaq, hətta bu qədər artım gözlənilir: “Hazırda yerli istehsalla ölkə əhalisinin ətə təlabatının yarısı ödənilmir. Ümumdünya Səhiyyə Təşkilatının müəyyən etdiyi normaya uyğun olaraq il ərzində adambaşına ət istehlakı 80 kiloqram müəyyən olunub. Amma 25 kiloqram ət istehsal edilir. İdxal olunmuş məhsullar da nəzərə alınsa adambaşına il ərzində 34 ət istehlak olunur”.

İqtisadiyyat və Sənaye Nazirliyi isə monitorinq aparacaqlarını, süni qiymət artımına yol verənlərin cəzalandırılacağını açıqlayıb.

Ülviyyə

Fotolar Samirə Həsənovanındır

Virtualaz.org

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın