Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Media / Əl-üzlərini yumaq üçün su tapmayan Bakı sakinləri – Fotolar

Əl-üzlərini yumaq üçün su tapmayan Bakı sakinləri – Fotolar

İsti yay günlərində insan orqanizmi həddən artıq su itirir.

Həkimlər tərəfindən tövsiyə olunur ki, bu itkinin qarşısını almaq üçün gün ərzində 1-2 litr su içmək lazımdır. Bakı küçələrində isə içməli su bir yana, əl yumağa belə, su tapılmır. Musavat.com-a müraciət edən sakinlər bildiriblər ki, su problemi yay aylarında onları ciddi şəkildə narahat edir. Paytaxt ərazisində yalnız bir-iki yerdə su krantlarına rast gəlinir ki, onların da suyunun təmizliyi və keyfiyyəti məlum deyil.

Məsələn, metronun “İçərişəhər” metrostansiyasının qarşısında bir neçə krantı olan qurğu var. Lakin bu qurğunun da üzərindəki krantların hamısı işləmir. Gediş-gəlişin çox olduğu bu ərazidə həmin krantların qarşısından insan əskik olmur. Elə orada olduğumuz zaman Bakı sakinləri ilə söhbət edib, məsələ ilə bağlı onların fikirlərini aldıq. Sakinlər bildirdilər ki, doğrudan da Bakı küçələrində susuzluq problemi yay aylarında onları ciddi şəkildə narahat edir.

Sənubər Qafarova söylədi ki, xarici ölkələrdə belə deyil:

“Avropa ölkələrinin əksəriyyətində olmuşam və orada xeyli sayda su krantları var. Doğrudur, həmin krantlardan əksər hallarda insanlar su içmirlər. Onların üzərinə də “içmək olmaz” deyə xəbərdarlıq nişanı vurulub. Ancaq əl yumaq, sərinləmək üçün bu cür su krantlarına ehtiyac var. Məsələn, Avstriyada su krantları var ki, insanların oradan su içməsinə icazə verilir. Bakıda isə əvvəla bu cür krantlar yoxdur. İkincisi də mövcud olanların da təmizliyinə diqqət edilmir. Elə götürək şəhərin mərkəzində, Bakı Şəhər İcra Hakimiyyətinin yanındakı krantı. Şəxsən mən burada əlimi də yuyanda narahatlıq keçirirəm. Bu su haradan gəlir və təmizdirmi?

Üzərində bununla bağlı hər hansı bir nişan qoyulmayıb. Halbuki, yuxarıda da qeyd etdiyim kimi bu çox önəmli bir məsələdir. Təəssüf ki, bizdə belə şeylərə fikir verən yoxdur. Eyni zamanda burada bütün günü suyu açıq qoyub, axıdırlar. Çünki bağlamaq mümkün deyil. Olmazmı ki, bura normal, bağlanması mümkün olan krant qoysunlar. Burada gün ərzində boş yerə suyu axıdınca, başqa yerlərdə qurğu qoyub suyu orada sərf etmək olar. Bu saat mən Xırdalanda gəlirəm. “20 Yanvar” stansiyasından əlimi yumaq istəyirəm, ancaq krant tapmıram. Oradan “İçərişəhər” stansiyasına gəlib, burada əl-üzümə su vurmuşam”.

Söhbətə qoşulan digər sakinlər bildirdilər ki, Bakıda fontanlar belə işləmir:

“Şəhərdə su krantı bir buradadır, bir da bulvar ərazisində. Bundan başqa da pulsuz əlini yumaq istəyirsənsə, gərək gedəsən tikilən iri ticarət mərkəzlərinə. Əl yumağı qoyaq bir kənara. Guya şəhərdə fontanlar işləyir ki? Şəhərin parklarında günün qızmar çağında bir dənə də olsun işlər fontan tapmırsan. Bura turistlər gəlirsə, belə məsələlərə diqqət ayırmaq lazımdır. Ağacları kəsib yerində göydələn tikməkləri bir yana, fontanların suyunu da qurudurlar”, deyə sakinlər şikayətləndilər.

Onu da qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti şəhərdə fontanların işləməsi üçün xüsusi qrafik tərtib edib. Fontanlar bu qrafikdən kənar çalışdırılmır. Qrafikə görə, gündüz saat 8:30-dan çalışdırılan fontanlar saat 11.00 radələrində söndürülür. Axşam fontanlar 6 radələrində işlək vəziyyətə gətirilir və 10-11 arası suyu kəsilir.

Lakin məsələyə fərqli prizmadan baxanlar da oldu. Söhbətə qoşulan Ruslan Hüseynov bildirdi ki, əslində dünyada içməli su problemi var:

“Yəni heç də deyildiyi kimi Avropada hara gəldi su krantı qoyub, içməli suyu boş yerə tükətmirlər. Bu dəqiqə dünya içməli su problemi ilə üzbəüzdür. Doğrudur, Azərbaycanda çaylar çoxdur, ancaq nəzərə almaq lazımdır ki, su tükənən sərvətdir”.

Məsələ ilə bağlı “Azərsu” ASC-dən bildirdilər ki, Bakı şəhərində quraşdırılan su krantlarından gələn suyun keyfiyyəti yerindədir:

“Əhaliyə hansı sudan verilirsə, həmin krantlara da eyni su verilir. Yəni bu suların keyfiyyətində, təmizliyində problem ola bilməz. Ancaq biz parklarda və digər yerlərdə bu krantların quraşdırılması işinə biz baxmırıq. Parkı salan qurum bu barədə müraciət etdikdən sonra, həmin krantlara su verilir”.

 

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın