Cümə , Oktyabr 30 2020
Ana səhifə / Media / Əhəd Abıyev DTX-nın həbs etdiyi “redaktor”un arxasından niyə çəkilib ?

Əhəd Abıyev DTX-nın həbs etdiyi “redaktor”un arxasından niyə çəkilib ?

Həbs edilən “reket” jurnalistlər işində müəmmaların üstü açılır

Xatırladaq ki, “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyevin bəzi məmurlarla əlaqələri yenidən gündəmə gəlib.

Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən həbs edilən və “reketçilik”də ittiham olunan H.Vəliyev həbsindən sonra arxa-dayaqsız qalıb.

Bir vaxtlar onunla can deyib, can eşidən məmurlar arxasından çəkiliblər. Onların arasında Daşkəsənin icra başçısı Əhəd Abıyevin adı qırmızı xətlə keçir.

Bu haqda hurriyyet.org saytı (http://muxalifet.az/habil-vliyev-onlari-satmadi-amma-onlar.html) yazıb ki, H.Vəliyevlə Ə.Abıyevin yaxın münasibətləri olub.

Ancaq “reket” redaktor həbs olunduqdan sonra icra başçısı ona hər hansı yardım göstərməyib. “Hürriyyət”in əməkdaşı ilk gündən etibarən baş redaktorun məhkəmə prosesini izləməkdədir.

H.Vəliyevin yaxınları prosesdə zərərçəkən qismində dindirilən bütün şəxslərlə söhbət aparıb və onlara vurulan zərər ödənildiyindən, böyük əksəriyyəti öz iddiasını geri götürüb.

İstintaq materiallarından məlum olub ki, Habil Vəliyev məmurları, paytaxtda otel və motel işlədən sahibkarları, hətta yüngül əxlaqlı qadınları belə şantaj edərək onlardan müntəzəm olaraq külli miqdarda pul alıb.

Bu baxımdan, baş redaktora bir neçə maddə üzrə cinayət işi qaldırılıb ki, bunlardan da ən ağırı 182-ci maddə (hədə-qorxu ilə tələb etmə) hesab olunur.

Nəzərə alsaq ki, məhkəmə prosesində məmurlarla bağlı konkret faktlar açıqlanmayıb, o zaman ortalığa belə bir sual çıxır: Habil Vəliyev həbs olunan zaman vəzifəli şəxslər haqqında əlində olduğu bildirilən videoları istintaq ələ keçirə bilib?

Əslində, baş redaktorun yaxınlarının zərərçəkənlərlə belə bir iş aparmasından və məhkəmədəki davranışlarından aydın olur ki, istintaq həmin görüntüləri ələ keçirib.

Bu baxımdan, istisna deyil ki, həmin məmurlardan bəziləri zərərçəkənlərin mövqeyinin yumşalmasında dolayısı ilə hansısa rol oynayıblar.

Daha bir maraqlı fakt isə odur ki, vaxtilə Habil Vəliyevlə yaxın münasibətdə olan bəzi məmurlar indi ona dəstəkdən imtina edirlər.
Halbuki, baş redaktor onların heç biri barəsində istintaqa açıqlama verməyib.

Məsələn, məhkəmə prosesində qohumları ilə söhbətdən aydın olur ki, həbsindən öncə H.Vəliyevlə çox yaxın münasibətdə olan Ə.Abıyev ona yaxın durmayıb və heç bir köməklik etməyib.

Bu əsnada fia.az yazır ki, Əhəd Abiyev nəinki şantajçı baş redaktor Habil Vəliyevlə düşmən olub.

Əksinə, o, 2015-ci ildə Novxanıda Habil Vəliyevə qiyməti 250-300 min dollar olan 0,33 sot torpaq bağışlayıb. Bu barədə mətbuatda gedən xəbərlər var.

Ə.Abıyevin ölkə.az-a açıqlamasındakı detallar da H.Vəliyevlə əlaqələrinin gizlinlərini açıb: 

“Bəli, onlar da vaxtı ilə “reket” fəaliyyətlə məşğul olurdular, mənim onlardan şikayətim olub. İndi öz cəzalarını çəkirlər.

Hətta, məhkəmədə də onları udmuşam. Sonra Habil özü ağsaqqal tapıb gəlib mənimlə barışmağı istəyib. Sumqayıtın indiki icra başçısı olan Zakir Fərəcova demişdi.

Zakir müəllim də məndən xahiş etdi ki, əmioğludur, Habili bağışla, mənə görə keç günahından. Mənim kəndçim, yerlimdir… Mən də Zakir müəllimə dedim ki, baş üstə, edərəm!”

Göründüyü kimi, Ə.Abıyev də onun kəndçisini yola verib və xahişini nəzərə alıb. Hər halda icra başçısının verdiyi açıqlamadır, mətbuatın uydurması yox…

Abşeron RPŞ-nin müstəntiqi, polis kapitanı A.Gülməmmədovun 23 aprel 2015-ci il tarixli qərarında məlum torpaq qalmaqalına tam aydınlıq gətirilir (qərar tam şəkildə redaksiyadadır).

Əhəd Abıyev DTX-nın həbs etdiyi “redaktor”un arxasından çəkilib

Qərara diqqət edin: “İzahatı alınmış Vəliyev Habil Allahverdi oğlu bildirmişdir ki, 10.03.2015-ci il tarixdə Abşeron rayonu Novxanı kəndində 0,33 ha torpaq sahəsini notarial qaydada bağlanmış alqı-satqı müqaviləsi əsasında Abıyev Əhəd Mikayıl oğlundan almışdır…”

Beləliklə, təkcə bu rəsmi sənədlər sübut edir ki, Habil Vəliyevlə elə ən yaxın dost və onunla yaxın olan, dəstəkləyən Daşkəsənin İcra başçısı Əhəd Abiyev olmuşdur, Sumqayıtın icra başçısı Zakir Fərəcov yox..

Hurriyyet.org isə yazır ki, indi Abıyev Vəliyevə qahmar çıxmır, ona köməklik göstərmir. Bütün bu nüanslar, fakt və təfsilat göstərir ki, Daşkəsənin icra başçısı qaranlıq fəaliyyəti olan məmurdur.

Son zamanlar onun barəsində yayılan xəbərlər, filiz kombinatı ilə bağlı Gəncənin icra başçısı Elmar Vəliyev və əmlak komitəsi rəhbəri Kərəm Həsənovla qarşıdurmaya getməsi, prezidentin müşavirəsində bu məsələni açıb-ağartması vəziyyətin ciddiliyindən xəbər verir.

Belə ehtimal olunur ki, Ə.Abıyev hansısa güclərə arxalanaraq bu addımları atır. Lakin paralel də onun əməlləri mətbuatda ifşa edilir və dövlət başçısına təqdim olunur.

Yaxın zamanlarda Daşkəsənə yeni başçı təyin olunacağı da məhz bu hadisələrin gedişindən asılıdır.

Qarşı tərəfi dinləməyə hazırıq. (fia.az)

Həmçinin oxuyun

Erməni jurnalist: “Nəinki döyüşdə, informasiya müharibəsində Azərbaycana uduzduq”

Ermənistanın “5-ci” televiziya kanalının icraçı direktoru Arutyun Arutyunyan nəinki döyüşdə, informasiya müharibəsində Azərbaycana uduzduqlarını bildirib. …