Cümə , Aprel 19 2024
Ana səhifə / Manşet / Zirə Eko Parkını və onun ətrafını üfunət iyində boğan işbaz kimdir?

Zirə Eko Parkını və onun ətrafını üfunət iyində boğan işbaz kimdir?

Bakının Xəzər rayonunun Zirə qəsəbəsində yaşayan bir qrup sakin qəzetimizə şikayət edib. Şikayətçilər adından qəzetimizə danışan Qarabağ qazisi Ədalət Kalbalıyev sakinlərin üzləşdiyi problemləri sadaladı. O bildirdi ki, yaşadıqları əraziyə yaxın yerdə iki ay əvvəl məskən salmış “Zirə toyuqları” brendi altında bazara mal təqdim edən müəssisə sakinləri yaşadıqları yerdən köçməyə vadar edir: “Xəzər rayoni Zirə qəsəbəsinin Pirallahı yolunun yaxınlığında yerləşən torpaq sahəsində yaşayış evi tikmişəm. Dediyim ərazi Zirə Ekoloji Parkının yaxınlığındadır. İki ay bundan əvvəl ərazidə toyuq ferması fəaliyyətə başladı. Ferma fəaliyyətə başlayandan sonra ətrafa buraxdığı üfunət iyindən yaşamaq mümkün deyil. İydən camaat pəncərəni aça bilmir, çölə çıxmaq mümkünsüz olub. Yaranmış problemlə əlaqədar fermanı işlədənlərlə danışdıq. Sonra dedilər ki, buranın sahibi Anar müəllimdir, o gələr məsələyə aydınlıq gətirər, amma Anar müəllim gəlmədi. Sakinlər çox ciddi narahatlıq içindədirlər. Ona görə ki, əlaqədar qurumlara müraciət edilsə də, nəticə yoxdur. Ərizə ilə müvafiq orqanlara – Xəzər Rayon İcra Hakimiyyətinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etmişik ki, burada yaşamaq mümkün deyil. Bir daha qeyd edim ki, ərazidə çox pis üfunət iyi var. Uşaq çölə çıxıb nəfəs ala bilmir. İydən uşaqların ürəyi bulanır”. “Müəssisə həm də “Zirə Ekoparkı”na yaxın məsafədə yerləşir” Ə.Kalbalıyevin açıqlamasından o da məlum oldu ki, sözügedən ərazidə 15 yaşayış evi üfunət iyinin təsiri altındadır: “Toyuq ferması həm də “Zirə Ekoparkı”na yaxın məsafədə yerləşir. Bütün bunlara baxmayaraq, Toyuq fermasını işlədənlər deyirlər ki, oranı 3 illik arendaya götürüblər. 100 min toyuq bəsləməlidirlər. Fermanı işlədənlər deyirlər ki, 100 min toyuq kəsimə getməyənə qədər işlərini dayandırmayacaqlar. Dedilər ki, bayramdan sonra rəhbərlik sakinlərlə görüşəcək, amma bu baş vermədi. Əksinə, fermanın fəaliyyətini bir az da gücləndiriblər. Hazırda həmin yerdə 100 minə yaxın toyuq saxlanır. Ventilyasiya sistemi işləməsə, toyuqların hamısı ölər. Ventilyasiya da işləyəndə biz üfunət iyindən dayana bilmirik. Ona görə qəti tələbimiz ondan ibarətdir ki, ferma fəaliyyətini dayandırsın. Çünki ərazidə iydən yaşamaq mümkün deyil. Bu gedişlə ərazidəki uşaqların bronxlarında ciddi fəsadlar yaranacaq. O üzdən, ərazidən köçmüşəm. Çünki övladlarımın sağlamlığını təhlükə altına atmaq istəmirəm. Onu da qeyd edim ki, ərazinin sahibi “Xəzər Dəniz Gəmiçiliyi”nin sabiq sədr müavini Mübariz Mədətov olub. O, dünyasını dəyişəndən sonra hazırda işlərə oğlu nəzarət edir. İndi bu yeri Anar adlı Zirə kənd sakininə icarəyə veriblər. Onlar da burada toyuq ferması açıblar. Məlumat üçün bildirim ki, sözügedən yerin sahibi kimi adıçəkilən şəxslə bağlı bundan əvvəl də müxtəlif qalmaqallar yaşanıb. “Xəzər Dəniz Gəmiçiliyi”nin sədr müavini olmuş Mübariz Mədətovun oğlu Xalid Mədətov 4 il əvvəl sərxoş vəziyyətdə “Galendawagen” markalı avtomobillə qəza törətmiş, nəticədə tarzən Ağasəlim Abdullayevin həyat yoldaşı və nəvəsi ölüb. Ona Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il həbs cəzası verilib. O, cəzasının 3 ilini çəkdikdən sonra azadlığa buraxılıb. Bu hadisədən sonra M.Mədətov vəzifəsindən kənarlaşdırılıb. Ümid edirik ki, Xəzər Rayon İcra Hakimiyyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaranmış vəziyyətə müdaxilə edib, sakinləri üzləşdikləri problemdən xilas edəcəklər”.

Vidadi ORDAHALLI, “Bakı-Xəbər”

Həmçinin oxuyun

Köhnə siyahılar üzrə ictimai rəyə soxuşdurulan “politoloq” və “hərbi şərhçi”lərlə vidalaşmağın zamanıdır…

Bir dəfə yazdım ki, ölkədə ard – arda iki devalvasiya baş verdi, bir nəfər iqtisadçının …