Şənbə , Sentyabr 23 2023
Ana səhifə / Manşet / Zərdabın bu kəndində əsl ekoloji fəlakətdir-İcra hakimiyyəti və bələdiyyə hara baxır?..

Zərdabın bu kəndində əsl ekoloji fəlakətdir-İcra hakimiyyəti və bələdiyyə hara baxır?..

Tanınmış tərcüməçi Sevil Gültən Azinforum.az-a müraciət edərək, öz doğma kəndində üzləşdiyi ekoloji fəlakətlə bağlı məlumat verib. Sevil xanım yerli icra qurumları və bələdiyyənin bu məsələyə biganə yanaşdıqlarını da qeyd edir: “Zərdabın Təzəkənd kəndi rayona bitişikdir. Təzəkənddə, “ Təzə Yurd “ deyilən yerdə 1995-ci ildə ev tikdirmişəm. O vaxt yaxınlıqda şirəkeş  arxı vardı. Eni uzağı bir metr olardı.  O yerlər vaxtilə pambıq sahəsi olmuşdu, arx da o vaxtdan qalmışdı. Tədricən o yurdda sakinlərin sayı çoxaldı.  Qonşuluqda yaşayan insanlar çirkab sularını o arxa axıtdılar.  O arxla mənim məhləmin arası   dörd-beş metrdir.  Hər dəfə bələdiyyə sədrinə problemlə bağlı şikayət edəndə o arxı yenidən qazdırır, içindəki  murdar palçığı arxın qırağına tökürlər. Beləcə, arx enləndi. İndi arxın eni 3-4 metrdir. 10 ildir ki,  arxa çirkab sularının axıdılmasının qarşısını ala bilmirəm. Bələdiyyə rəhbərinə, icra nümayəndəsinə, icra hakimiyyətinə,  gigiyena mərkəzinə dəfələrlə həm yazılı, həm  şifahi müraciət etmişəm. Nəticə yoxdur.

Bir dəfə Göyçaydan ekologiya əməkdaşı gəldi, şikayətimi təsdiqlədi,  bir nəfəri yüngülvari cərimələdi. Dedi ki, bundan başqa heç nə edə bilməz.  

O arxdan həm də zibillik kimi istifadə edirlər. Keçən dəfə kəndə gedəndə arxın kənarında it və pişik leşi vardı. Bələdiyyə  sədrinə bu barədə məlumat verdim, ancaq əhəmiyyət vermədi. “ Sənin məhlənə qarovul çəkməliyəm?” dedi. Çətinliklə də olsa ordakı zir-zibili, leşləri daşıtdırdım. Nə qədər ki, o arxa  kanalizasiya suları axıdılır, o arxın ətrafı da zibillik olacaq. Xahiş edirəm, o problemin həllində mənə kömək edəsiniz”.

Ümidvarıq ki, rayon rəhbərliyi bu məsələni nəzarətə götürərək, problemin aradan qaldırılması istiqamətində zəruri addımları atacaq.


Azinforum.az

Həmçinin oxuyun

Mən Libre olsaydım?.. – Məhəmmədəli Qəribli yazır

Bunu paylaşan adama 30 sutka inzibati həbs veriblər. Ütəlik də Qərbə bağlı olan şəbəkə belə …