Çərşənbə , Yanvar 27 2021
Ana səhifə / Manşet / Azərbaycan Prezidenti Makronla imzalanmış müqavilələrin icrasını niyə dayandırdı…

Azərbaycan Prezidenti Makronla imzalanmış müqavilələrin icrasını niyə dayandırdı…

Özünü dünyanın demokratiya beşiyi sayan Fransa acınacaqlı günlərini yaşayır. Doğru olaraq qeyd ediblər ki, ölkələrin idarə olunması nəticəsində əldə olunan uğurlar və uğursuzluqlarda onlara rəhbərlik edən şəxslərin rolu çox böyük və danılmaz olur. Belə amillər hətta oturuşmuş dövlətçilik tarixinə məxsus olan Fransa kimi böyük ölkə üçün də xarakterikdir.

Son günlər yaşananlardan biz bunu aydın şəkildə sezə bilirik. Çox da uzaq olmayan tarixdə Emmanuel Makron adlı cavan bir siyasətçi populist çıxışları ilə kütlənin qəlbini fəth etməyi bacarıb, yüksək reytinq toplayaraq Fransanın Prezidenti seçildi. Ancaq qısa müddət ərzində səriştəsiz idarəetməsilə xalqın bütün ümidlərini puç etdi. Sübut olundu ki, Makron bütün istiqamətlər üzrə uğursuz siyasət yürüdürmüş. Tam məsuliyyətilə demək olar ki, Makrona ən doğru qiyməti vaxtında verənlərdən biri də məhz Azərbaycan hakimiyyəti və onun Prezidenti İlham Əliyev oldu. Bu gün Fransanın daxilində yaşananlar bir daha sübut edir ki, Makron xalqla təmasdan uzaq olub və daha çox lobbi qruplarının, geylərə (cinsi azlıqlar-M.Q.) aid klubların və maliyyə sindikatlarının təsiri altında fəaliyyət göstərib. Aydın şəkildə görünür ki, onu təsir altına salanlardan biri də Fransada güclü olan erməni lobbisidir. Məhz bunun nəticəsi idi ki, Makron dünyada fransız dilində danışan ölkələrin tədbirini Ermənistanda keçirməklə bağlı qərar verdi. Halbuki, birgəyaşayış, dözümlülük kimi dəyərləri özündə ehtiva edən həmin tədbirə Ermənistan kimi monoetnik bir ölkənin evsahibliyi etməsi heç bir əndazəyə sığmırdı. Bundan əlavə, Dağlıq Qarabağ münaqişəsində vasitəçilik missiyasını daşıyan ölkə kimi də Fransa özünü biabırçı bir vəziyyətə saldı. Həmin ölkənin bəzi rəsmiləri qondarma qurum ərazisinə Azərbaycandan icazəsiz səfər etdilər. Qondarma qurumun rəhbəri Bako Saakyan Fransada təmtəraqla qəbul edildi. Təbii ki, baş verən hər bir hadisəyə Azərbaycan öz haqlı etirazını bildirdi, hətta Fransaya etiraz notası da təqdim olundu. Məhz bunun nəticəsi olaraq, Azərbaycan hakimiyyəti Fransa ilə məsafəli davranmağa başladı. Hətta Makronun Bakıya gözlənilən səfərinin reallaşmasında da maraqlı olmadı, həmin istiqamətdə heç bir təşəbbüs göstərmədi. Bütün bunlar Fransada baş verən kütləvi iğtişaşlardan əvvələ təsadüf edirdi. Bununla Azərbaycan hakimiyyəti nə qədər uzaqgörən olduğunu bir daha təsdiqləmiş oldu. Azərbaycanın Makrona münasibətdə hansı dərəcədə doğru addımlar atdığını Fransa xalqı bu gün öz etirazları ilə təsdiqləmiş olur. Artıq etirazların həcmi o qədər böyüyüb ki, Makron “Sarı jiletlilər”dən üzr istəyib vergiləri aşağı salmağa hazırlaşır. Fransa hökumət sözçüsü söyləyib ki, Prezident üzr istəyəcək və vergilərin aşağı salındığı barədə qərarı açıqlayacaq. Azərbaycan hakimiyyəti Makronun qeyri-ciddi siyasətçi olduğunu dərhal təxmin etdiyi üçün, bir sıra qabaqlayıcı tədbirlərə də əl atıb və bu etirazlar dalğasından əvvəlki dönəmə təsadüf edir. Əldə etdiyimiz məlumata görə, Prezident İlham Əliyevin Fransaya səfəri zamanı Makronla imzlanan müqavilələrin icrasının dayandırılmasına dair göstəriş verilib.

Fransanın işğal edilmiş Azərbaycan şəhərləri ilə iyrənc qardaşlaşma aksiyaları məhz Makronun dövründə kütləviləşdi. Makronun qatı erməni lobbiçisi olması ilk əvvəldən özünü göstərməyə başlayıb. Məhz bunların təsiri nəticəsində razılaşmalara baxmayaraq, Azərbaycan hakimiyyəti Makronun ölkəmizə səfərinin baş tutması üçün nəzərdə tutulmuş addımları tədricən gündəlikdən çıxarmış, sonda səfərin özünün, ümumiyyətlə, gündəmdən düşməsinə nail olmuşdu. Makron özündən əvvəlki prezidentlərin, xüsusən Ollandın dövründə Azərbaycana münasibətdə azacıq zəiflədilmiş ikili standart siyasəti ermənipərəst mövqedə yenidən ifrat həddə qaytarmışdı.
Bütün bunları təhlil etdikdə, bu nəticəyə gəlmək olurmu ki, qatı ermənipərəst mövqeyi ilə seçilən Makrona ən doğru qiyməti elə zamanında Azərbaycan hakimiyyəti verib?

Ekspert Vüqar Qədirov qəzetimizə bildirdi ki, Azərbaycan hakimiyyəti, xüsusilə də diplomatiyası hər zaman praqmatik qərarlar verməsilə seçilib: “Təbii ki, bütün bu siyasətin müəyyənləşməsində başlıca rolu cənab Prezident oynayır. Yadınızdadırsa, biz Fransaya etiraz edəndə siyasətdə lazımınca baş çıxara bilməyən bəziləri bizi qınayırdı ki, dünyanın nəhəng ölkəsi olan Fransa ilə bu tonda danışmaq olmaz. Amma bu gün Fransada baş verənlər sübut edir ki, Azərbaycanın təxminləri və atdığı addımlar düz olub. Çünki yalnız Makron kimi naşı siyasətçi Fransa kimi ölkənin adından belə səhv qərarları qəbul edə bilərdi. Bundan əvvəl Azərbaycanın Fransa ilə gözəl münasibətləri olub. Makron hakimiyyətə gələndən sonra ATƏT-in həmsədr ölkəsi olduğunu da unudub ermənidən çox erməni olmağa can atdı. Məhz bu düşüncənin nəticəsi idi ki, o, ölkəsinin daxili problemlərini də xalqın yox, maliyyə qruplarının xeyrinə həll etməyə çalışdı. Artıq indidən demək olar ki, Makron özünü siyasətin arxivinə atmış oldu”.

Məhəmmədəli QƏRİBLİ (Bak- Xəbər)

Həmçinin oxuyun

“Qaçqınkom”un bu bölmələri ləğv edildi, yeniləri yaradıldı

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində struktur dəyişikliyi aparılıb. Bu barədə Azinforum.az-a qurumdan …