Azərbaycan dövləti şəhid ailələrinə, müharibə veteranlarına və qazilərə yüksək diqqət və qayğı göstərir. Prezident İlham Əliyev bütün dövlət qurumları qarşısında bu həssas təbəqəyə aid olan insanların problemlərinin həllini bir nömrəli vəzifə kimi müəyyən edib. Müharibədən sonra Zəfər sevincini bizə yaşadan: şəhid, qazi və veteranlara dövlət dəstəyi çox yüksək səviyyədədir desək yanılmarıq.
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2021-2025-ci illər ərzində şəhid ailələri, müharibə əlilləri və digər həssas qrupa aid olan insanların mənzillə tam təminatının həyata keçirilməsi üçün Dövlət Proqramı təsdiqlənib. Nəticədə bu günə kimi bu kateqoriyaya aid olan 13 mindən çox şəxs mənzil və ya fərdi evlərlə təmin edilib. Mənzillərin təxminən 3500-ü postmüharibə dövründə verilib. Eyni zamanda qazilərin sağlamlığının qorunması, onların müasir protezlərlə təminatı, reabilitasiya kurslarını keçməsi üçün də mühüm addımlar atılır.
Prezident İlham Əliyevin yeni fərman və sərəncamları ilə son beş ildə ölkəmizdə artıq dördüncü sosial islahat paketinin reallaşdırılmasına başlanılıb. İslahat paketinə əsasən, əməkhaqqı, müavinət və təqaüdlərin növbəti dəfə artırılması təmin olunur. Şəhid ailəsi üçün Prezident təqaüdünün məbləğinin artırılması və “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Fərmanda da dəyişiklik edilib. Sənədə əsasən şəhid ailəsi üçün Azərbaycan Prezidentinin təqaüdünün aylıq məbləği 2023-cü il yanvarın 1-dən 600 manat müəyyən edilib. Belə ki, bu məbləğ 500 manatdan 600 manata qaldırılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən müharibədən sonra 13 minə yaxın şəhid ailəsi və qazi aktiv məşğulluq proqramlarına cəlb olunub. 7,8 min nəfər üçün kiçik ailə təsərrüfatı, kiçik biznes sahələri yaradılıb. Eyni zamanda, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin yaralı hərbçilərinin problemlərinin həlli istiqamətində mühüm işlər görülüb.

Müharibədən dərhal sonra Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda yaralanan və şəhid olan hərbçilərin ailələrinin təminatına dəstək olaraq “Yaşat” Fondunu yaratdı. Fond şəhid ailələrinə, əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək məqsədilə yaradılıb. Fond tərəfindən ağır yaralı qazilərimiz müalicə üçün xaricə göndərilir. Belə ki, indiyə xeyli sayda qazimiz müalicə üçün Türkiyəyə göndərilib. Onlardan bir çoxlarının müalicəsi uğurla başa çatıb. Fondun gördüyü işlərin bir hissəsi vətəndaşların etdiyi yardımlar vasitəsilə həyata keçirilir. Bu da onu göstərir ki, dövlət daim öz vətəndaşı ilə bərabər addımlayır.
Azərbaycan dövlətinin şəhid ailələrinə və qazilərə diqqət, qayğısı bunlarla bitmir. Dövlətimiz hər zaman onların yanındadır və bu məsələyə çox həssaslıqla yanaşır.
Bundan əlavə, bu yaxınlarda əlilliyi müəyyən edilmiş Birinci Qarabağ müharibəsinin hərbi qulluqçularına əlillik dərəcəsinə uyğun birdəfəlik 8.800, 6.600, 4.400 manat sığorta ödənişinin aparılması da bu diqqətin göstəricisidir.
Ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən də bu kateqoriyadan olan insanlarla bağlı müxtəlif layihələr həyata keçirilir. Bütün bunlar onu deməyə əsas verir ki, şəhid ailələri, qazilər və əhalinin digər həssas qruplarına aid insanlara diqqət və qayğının göstərilməsi, onların rifah halının yaxşılaşdırılması dövlətimizin yürütdüyü siyasətin prioritet istiqamətlərindən biridir.
Elşən Uluxanlı,
Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin sədri