Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Manşet / Yeni yaranan QHT-nin sədri Naxçıvanda nəyə heyran olub?

Yeni yaranan QHT-nin sədri Naxçıvanda nəyə heyran olub?

Bayram günlərində fürsət tapıb doğma Naxçıvanımıza səfər etdim. Böyüklərimizlə, qohum, dost-qardaşla bayramlaşıb sözün əsl mənasında heç olmasa iki günlük gərginlik və stressdən uzaq oldum. Yazın gəlişi ilə Naxçıvan təbiətinin daha da gözəlləşməsi və bir tərəfdən də Novruz bayramı insanın əhval ruhiyyəsinə gözəl təsir göstərir. Blokada şəraitində yaşamasına baxmayaraq, Naxçıvanda hər keçən dövrdə quruculuq işləri, vətəndaşların sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən lahiyələr dayanmaq bilmir. Bu dəfəki səfərimdə də, görülən yeni işlərin şahidi oldum. Bunlarla bağlı növbəti yazımda daha geniş qeydlərimi edəcəm. Bu gün istərdim ki, Naxçıvanda teleradio sahəsində, medianın inkişafı istiqamətində aparılan işlərlə bağlı  bir neçə məqama toxunum. Səfər çərçivəsində ziyarət etdiyim yerlərdən biri Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsi oldu. Açığı Naxçıvan Teleradio Verlişləri Komitəsinin müasir dövrümüz üçün bu qədər inkişaf etmiş və hərtərəfli maddi-texniki baza ilə təmin olunduğunu bilmirdim.  İlk öncə Naxçıvan Televiziya və Radiosunun yaranma tarixi ilə bağlı qısa bir arayış verirəm:

1932-ci ilin aprelin 1-də Naxçıvanda Radio Verlişləri Komitəsi yaradılıb. 1960-cı ildə televiziya fəaliyyətə başlayıb və 1963-cü ilin martın 12-də qısa xəbərlərlə televiziyanın ilk sınaq yayımı həyata keçirilib. Elə 1963- cü ildə də Naxçıvan MSSR Dövlət Televiziya və Radio Verlişləri Komitəsi təşkil olunub.1969-cu ildə Ümumilli Liderimiz Heydər Əliyevin Azərbaycanda rəhbərliyə gəldikdən sonra ölkəmizdə bütün sahələrdə olduğu kimi, Naxçıvanda televiziya sahəsində də yeniliklər olmuş və 1980-ci ildən Naxçıvan Televiziyası rəngli yayıma başlamışdır. Naxçıvan Televiziyası son 25 ildə isə böyük inkişaf yolu keçərək, hazırkı səviyyəsinə çatıb.

​Teleradionun binası ilə və orada quraşdırılmış ən müasir avadanlıqlarla tanış oldum. Təbii ki, yeni nəsl teleradio avadanlıqlarının quraşdırılması daha müasir iş və efir şəraitinin yaxşılaşdırılması deməkdir. Apardığım müşahidələrdə dünyanın qabaqcıl ölkələrinin teleradiolarında istifadə olunan ən müasir texniki avadanlıqlardan istifadə edildiyini gördüm. Bu gün Naxçıvan televiziyasında yüksək görüntü, səs, mərkəzi idarəetmə sistemi, geniş imkanlara malik montaj avadanlıqları, böyük tutumlu rəqəmsal arxiv sistemi, peyk-efir köçürmə qurğuları, televiziya məkanları üçün günümüzün tələblərinə cavab verən bütün son texnologiyaya əsaslanan baza yaradılıb. Naxçıvan televiziyasının iki studiyasında yeddi çəkiliş povilionu vardır. Eyni zamanda Naxçıvan Dövlət Radiosunun da avadanlıqları yenilənmiş və tam müasir keyfiyyətli baza formalaşdırılıb.

Naxçıvan Teleradio Komitəsində yaradılmış maddi-texniki baza ilə yanaşı təcrübəli kollektivə malik olması və peşəkar verlişlərin, proqramların hazırlanmasını xüsusi qeyd etmək istərdim. Son illər teleradioda yaradıcılıq məsələlərinə xüsusi diqqət yetirilməkdədir. Naxçıvan Muxtar Respublikası, Dövlət Televiziya və Radio Verilişləri Komitəsi üçün yeni internet saytı Naxçıvan.az-ın yaradılması daha sonra “Nuhçıxan” informasiya agentliyinin fəaliyyətə başlaması Naxçıvanın informasiya blokadasını tamamilə yarıb. Naxçıvan Muxtar Respublikasının rəhbərliyinin xüsusilə teleradio və media sahəsində həyata keçirdiyi fəaliyyətlər Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan haqqında həqiqətlərin dünya içtimaiyyətinə çatdırılması üçün geniş imkanlar yaradıb. Naxçıvan televiziyası ilə tanışlığım və burada gördüyüm inkişaf məni çox sevindirdi. Eyni zamanda Teleradio rəhbərliyi və kollektivi arasında olan səmimi münasibət qarşılıqlı ehtiram ayrıca bir xoş təəsürat yaratdı. Xüsusilə teleradio da gənc kadrların irəli çəkilməsi və onlara Muxtar Respublika rəhbərliyi tərəfindən yüksək etimadın göstərilməsi Naxçıvan televiziyasının yaxın gələcəkdə teleməkanda daha böyük uğurlara imza atacağının əminliyini yaradır. Beləliklə Naxçıvanda bütün sahələrdə aparılan quruculuq işlərinin Naxçıvan Dövlət Teleradio Verilişləri Komitəsində də böyük bir nəticəsini müşahidə etmiş oldum. Son illərdə Naxçıvan Teleradiosu yayımını 19 saata çatdırıb. Etdiyim bu gözəl müşahidələri təbii ki bu yazı ilə qələmə alıb, xoş təssüratlarımı Azərbaycan içtimaiyyəti ilə bölüşməyi özümə borc bildim. Bayağı deyil, maarifləndirici verlişləri ilə zəngin olan Naxçıvan Televiziyasının kollektivinə yayım fəaliyyətində uğurlar arzulayıram. Səmimi qəbula görə Naxçıvan Dövlət Teleradio Komitəsinin sədri cənab Sahil Tahirliyə təşəkkürümü bildirərək, bu yazı üçün son olaraq Naxçıvan Televiziya və radiosuna Azərbaycan Milli Ordusunun böyük qələbə xəbərinin yayımını arzu edirəm.

Samir Adıgözəlli,

İçtimai-Siyasi Prosesslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin sədri, “Böyükmillət” qəzetinin baş redaktoru

Həmçinin oxuyun

Arestoviç: İlham Əliyev qüsursuz oyun aparır

Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya son səfəri və həmin ərəfədə rusiyalı sülhməramlıların vaxtından əvvəl ölkəmizi …