Şənbə , Aprel 20 2024
Ana səhifə / Manşet / Yeni komendatdan Naxçıvanın bu kəndinə qəribə qadağa: iki çobanınız olmasa…

Yeni komendatdan Naxçıvanın bu kəndinə qəribə qadağa: iki çobanınız olmasa…

Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Axaməd kəndinin sakinləri özlərinə aid örüş sahəsində mal-qaralarını otarmaqla bağlı ciddi problemlə üzləşiblər. Bu barədə məlumatı Azinforum.az-a bir qrup kənd sakini verib. Qeyd edək ki, bu kənd İranla sərhəddə, Araz çayının düz qırağında yerləşir.

Örüş sahəsi də dövlət sərhəddinə yaxın ərazini əhatə etdiyi üçün, bu qadağanı həmin əraziyə yeni təyin olunan Sərhəd Xidmətinin komendatı qoyub. Qadağanı qəribə arqumentlə əsaslandırır.

Cənab komendant deyir ki, bütün kəndlərin iki çobanı olduğu üçün, onlara icazə veririk, sizdə isə çoban sayı bir olduğundan ”qara siyahı”ya düşübsünüz.

Komendant bunun digər səbəbini mal-qaranın sərhəd infrastrukturuna vura biləcəyi ziyanla əsaslandırır və bu qənaətdədir ki, bir çoban bu işin öhdəsindən gələ bilməz.

Maraqlıdır ki, uzun müddətdir ki, kəndin mal-qarasını elə bir çoban otarıb və heç bir problem olmayıb. Kənd sakinləri deyir ki, Axaməd kəndi digər qonşu kəndlərə nisbətdə balaca olduğu üçün, mal-qara sayı da azdır və bu prosesə iki çobanı təkim etməyə onların maddi gücü çatmır.

Çobanlar öz xidmətinin dəyərini hər mal-qara başına uyğun hesablayırlar. Bu kəndə isə örüşə cəmi 70-80 baş mal çıxır. Bu da bir çobanın əməyini ödəməyə ancaq kifayət edir. Kənd sakinləri bir neçə dəfə qadağanı tətbiq edən komendatla görüşməyə cəhd etdələr də, buna müvəffəq ola bilməyiblər.

Yeganə dolanışıq yerləri mal-qara olan bu kəndin sakinləri bizim vasitəmizlə Naxçıvan MR-in və Dövlət Sərhəd Xidmətinin rəhbərliyindən xahiş edirlər ki, onlara yaradılan bu əsassız maneəni aradan götürməyə köməklik etsinlər.

Çinarə SEYİDOVA,

AZİNFORUM.AZ

Həmçinin oxuyun

KASIBLARLA DOST OLMAYAN NAZİRİN “DOST” TELEVİZİYASI…

Bu ayın əvvəlində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yeni layihəsi – DOST TV – …