Çərşənbə axşamı , Noyabr 19 2019
Ana səhifə / Manşet / YEL QAYADAN NƏ APARAR, YAXUD PREZİDENTİN KÖMƏKÇİSİNİDƏN NƏ İSTƏYİRLƏR…

YEL QAYADAN NƏ APARAR, YAXUD PREZİDENTİN KÖMƏKÇİSİNİDƏN NƏ İSTƏYİRLƏR…

Son zamanlar Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənova qarşı aqressiv hücumlar intensivləşib. Məsələ burasındadır ki, ona qarşı irəli sürülən ittihamlar tutduğu vəzifə, bu vəzifənin öhdəsindən layiqincə gəlib-gəlməməsi ilə əlaqədar deyil. Onu otuz-qırx il qabaq adının hansısa tələbə siyahısına salınmasında, iyirmi beş il əvvəl başqa bir dövlət məmurunun bağında yemək yeməkdə və tələbə yoldaşı olan bir müxalifətçinin də orada olmasında suçlayırlar. Gülməlidir, elə deyilmi? Adam bu cür gülünc, absurd ittihamlara cavab belə vermək istəmir, çünki iyirmi beş ildən artıq bir müddətdə tutduğu vəzifənin tələblərini yüksək səviyyədə yerinə yetirən, ölkənin ictimai-siyasi həyatında səliqə-sahman yaradan, ona müsbət ab-hava gətirən, onu zərərli yad təsirlərdən qorumaq, milli maraqlarımıza cavab verən məcraya salmaq üçün səylə çalışan, milli mediamızdakı hərcmərcliyi, başıpozuqluğu aradan qaldırmaq istiqamətində əhəmiyyətli işlər görən, ölkə Prezidentinin apardığı siyasətin mahiyyətinin xalqımıza izah, təlqin və təbliğ olunmasında əvəzedilməz xidmətləri olan bir dövlət məmuruna qarşı beləqərəzli münasibət birmənalı olaraq kin və ədavətdən, düşmənçilikdən doğur. Bəs nədir bu düşmənçiliyin əsasında dayanan, onu daha da qızışdıran, alovlandıran? Əlbəttə, həsəd, kin, paxıllıq, gözü götürməmə, tamah, acgözlük, hərislik. Amma bir az da dərindən diqqət etsək, burada yad nəfəslər, əllər, barmaqlar, izlər də görə bilərik. Eyni zamanda, hədəfin təkcə Əli Həsənov deyil, bütövlükdə Azərbaycan dövləti və onun başçısı, simvolu olan Prezident İlham Əliyev olduğunu görmək mümkündür. 

Hər hansı bir quruluşu, qurumu, inşanı dağıtmağın və məhv etməyin iki yolu var: ya çox güclü bir zərbə endirməli, altına mərmi qoyub partlatmalısan, ya da kərpic-kərpic sökməli, dayaqlardan məhrum etməlisən ki, özü çöksün. Dövlətimiz, hökümətimiz, onun başçısı güclü olduğundan düşmənlərimiz birinci variantı istisna edir, əlaltılarına ikinci variantı sınaqdan keçirməyi tövsiyə və əmr edirlər. 

Gəlin, Prezidentin köməkçisinə qarşı qara piar (PR), yəni qarayaxma, şər, böhtan kampaniyası aparanların tərkibinə, rəng spektrinə nəzər salaq. Burada radikal müxalifətçilərdən tutmuş loyallara, liberallara, hətta hakim partiya üzvlərinə qədər hər kəsə rast gəlmək mümkündür və bunlar hələ aysberqin görünən tərəfləridir. Suyun altında nələr var, onu Allah bilir. Əli Kərimli, Tofiq Yaqublu, Aslan İsmayılov, Mehman Əliyev, Əli Nağıyev, Eldar Sabiroğlu açıq hücum edənlərdir. Arada bir neçə nəfər başqası da oldu, amma səhvlərini anlayıb vaxtında susduqları üçün adlarını çəkmirəm. İnşallah, bir də bu çirkin işə qoşulmazlar. Bir də var saman altından su yeridənlər. Bunlar daim medianın müstəqil, azad olmadığından şikayətlənən, özlərini hakimiyyət tərəfdarı kimi göstərib, bir ayağı radikal müxalifətdə olanlar, xaricdən aldıqları qrantlardan gözü doymayıb, hökümətdən də pay umanlardır. Ad çəkməsələr də, hədəfləri bəllidir. Biz də onların adını hələlik çəkmirik, amma kim olduqlarını elə onların öz üsulu ilə bəlli edəcək, duvaqlarını götürəcəyik. 

Yaxşı, ilk baxışda ən müxtəlif cəbhələri təmsil edən bu adamlar necə olur ki, bir məqsəd uğrunda birləşə bilirlər? Necə olur ki, Prezidenti ən sərt şəkildə tənqid edən, işi-gücü ona şər-böhtan atmaqdan, haqqında beynəlxalq qurumlara donos verməkdən ibarət olan Əli Kərimli, Tofiq Yaqublu kimi radikallarla özünü Prezidentə münasibətdə loyal göstərən, vaxtaşırı ona istinad edən Aslan İsmayılov, Mehman Əliyev kimi adamlar dövlət başçısının köməkçisinə qarşı eyni mövqedən çıxış edirlər? Necə olur ki, özlərini Prezidentin apardığı siyasəti dəstəkləyən kimi qələmə verən keçmiş məmurlar, YAP üzvləri Əli Nağıyev və Eldar Sabiroğlu da onlara qoşulur, divar dalından daş atırlarAxı necə ola bilər ki, Prezidenti dəstəkləyəsən, amma ona, onun siyasətinə ən sadiq məmurlardan biri haqqında ağzına gələn hədyanı danışasan? Guya Prezident siz qədər bilmir? Yanında, ətrafında kimləri saxladığını, uzun illərdir kimlərə etibar etdiyini anlamır? Yarasaydınız, sizi də saxlayardı, Əli Nağıyev və Eldar Sabiroğlu! Deməli, yaramamısınız, hansısa qüsurlarınız, günahlarınız, xəyanətləriniz olub ki, işdən qovulmusunuz. Bunun hayıfını Əli Həsənovdan çıxmaq, gedib radikallara qoşulmaq, riyakar, etikadan kənar, üfunətli açıqlamalar vermək, qurdlu məktublar yazmaq nəyə xidmət edir?

Əslində nəyə xidmət etdiyi bəllidir. Bu adamları nəyin dingildətdiyi də sirr deyil. Nə demələrindən, hansı üslubda danışmalarından, hansı səsdə oxumalarından və hansı havaya oynamalarından asılı olmayaraq, yuxarıda adlarını çəkdiyim adamların hamısının və onları müdafiə edənlərin bir məqsədi var: həmin məqsədi ən açıq şəkildə ifadə edən Əli Kərimlidir. Onlar İlham Əliyev hakimiyyətini qeyri-qanuni yolla devirmək, hakimiyyəti dövlət çevrilişi yoluyla zəbt etmək istəyirlər. Həmin xəyalplovun başında Əli İnsanov da otura bilər, Əli Kərimli də, yaxud başqa biri də, fərqi yoxdur. Təki bunların da hərəsinə bir qaşıq versin. Əli Nağıyev yenidən sosial müdafiə naziri olsun, Eldar Sabiroğlu deputat, Aslan İsmayilov ədliyyə naziri,  ictimai-siyasi məsələlər Mehman Əliyevə tapşırılsın, dövlət televiziyası saman altından su yeritmək professoru olanməsələyə ləçər feminalar vasitəsilə ayna tutan başqa birinə. Ölkəni bunları hakimiyyətə gətirəcək yabançılar, fetöçülər, qlobalistlər, monopolistlər, imperialistlər, daşnaklarla birlikdə talasınlar, əldə olunan sabitliyi, digər nailiyyətləri də məhv etsinlər.

Siz Allah, siz bu adamların təmsil olunduğu höküməti təsəvvür edə bilirsiniz? Bunlar hamısı vaxtilə müxtəlif vəzifələr tutublar və işləyə bilsəydilər elə işləyərdilər də. Tutduqları vəzifələri apara bilməyiblər, indi İlham Əliyevin düşmənlərinə qoşularaq düşüblər Əli Həsənovun üstünə. Nə var, nə var, Əli Həsənov bunlardan fərqli olaraq, öz vəzifəsinə, işinə ciddi, məsuliyyətlə yanaşıb, gecəsini gündüzünə qataraq işləyib və bu gün də durmadan çalışır. Məgər siz onun ən çalışqan, işini vicdanla yerinə yetirən dövlət məmurlarından biri olduğunu görmürsünüz? Uğurlu məmur karyerasının məhz işgüzarlıq, bilik, ağıl, siyasi əqidə və sədaqət üzərində qurulduğunu görmürsünüz? Axı siz ona tay deyilsiniz. Olsaydınız, siz də qalıb işləyər, ölkəyə, cəmiyyətə, dövlətə xeyir verərdiniz.   

Dövlət işində işləyə bilmək, yüksək vəzifə tutmaq və həmin vəzifədə uzun müddət davam gətirə bilmək üçün xüsusi xarakter, qabiliyyət, güclü iradə, dözüm tələb olunur. Təcrübə göstərdi ki, bu keyfiyyətlər nə Əli Kərimlidə, nə Əli İnsanovda, nə Əli Nağıyevdə, nə Eldar Sabiroğluda, nə Aslan İsmayılovda, nə digər vəzifə hərislərində var. Sizləri min dəfə hakimiyyətə gətirsələr də, yenə də bacarmayacaqsınız. Odur ki, nəsibiniz həmişə radikal müxalifətçilik, şərçilik, böhtançılıq, donosbazlıq, işverənlik, boşboğazlıq olacaq. İlham Əliyev öz yerində möhkəm oturub və ciddi işlərlə məşğuldur. Əli Həsənov da onun ən yaxın köməkçilərindən biridir. Yel qayadan heç nə apara bilməz!

Nadir Qocabəyli,

Azinforum.az

Həmçinin oxuyun

İlham Əliyev Vasif Talıbovu qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib. …