Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Manşet / Yas mərasimlərində qəzəl oxunması doğrudurmu?

Yas mərasimlərində qəzəl oxunması doğrudurmu?

Azərbaycanda yas mərasimlərinin keçirilməsi ilə bağlı fərqli standartlar mövcuddur. Yas mərasimlərinin idarə olunmasında da bəzən bu işi öhdəsinə götürən mollaların danışdığı söhbətlər, etdiyi moizələr heç də məclis iştirakçılarının ürəyincə olmur. Bu da haqlı narazılıqlara səbəb olur.

Məsələn, redaksiyamıza müraciət edən vətəndaş bildirir ki, metronun “Qara Qarayev” stansiyasına yaxın ərazidə  olan “Tuba” adlı mərasim evindəki təşkil olunan yas mərasimində maraqlı halın şahidi olub. Onun sözlərinə görə, həmin məclisi iki nəfər molla idarə edirmiş. Onlardan biri Qurandan ayələr oxuyurmuş, digəri isə qəzəl: “Yas mərasimi qohumun olduğu üçün müdaxilə etmədim. Amma mənə maraqlıdır, kişilərin məclisində qəzəlin oxunması nə dərəcədə doğrudur?”

  • Tural İrfan: “Savadları başqa dini söhbətlər etməyə imkan vermədiyi üçün şeir-qəzələ üz tuturlar”

Biz vətəndaşın sualına cavab tapmaq üçün ilahiyyatçı Tural İrfanla əlaqə saxladıq. O, “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, hazırda təşkil edilən yas mərasimlərimizdə xeyli xurafat var: “Bu xurafatlar hamısı zaman-zaman bəzi mollaların mənfəət üçün artırıb dinə gətirdikləri bidətlərdir. Məsələn, Peyğəmbər bu dinin əsasını qoymuş şəxsdir, ona öz vəsiyyətinə əsasən cəmi üçcə gün yas saxlanıb, nə 7, nə 40, nə 52, nə də il mərasimi təşkil olunub. Bunu İslam tarixi təsdiqləyir. Lakin sonralar ruhanilər yas mərasimlərinin növlərini “icad” edərək özlərinə pul qazanmaq sənəti meydana gətiriblər. Təmtəraqlı yeməklərin təşkil olunması kimi məsələlərin yığışdırılması üçün dəfələrlə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi qərar qəbul edib tədbirlər görməyə cəhd etsə də, ölkəmizdə yaslardan qazanc götürən molla şəbəkəsi buna imkan verməyib və bu hələ də davam edir.

Habelə yas mərasimlərini idarə edən mollaların bəziləri ağıllarına gələni danışmaqla, bəsit söhbətlərlə insanları yorur, bəzən dinə ikrah yaradırlar. Yas mərasimi təşkil edilibsə, o mərasimi hökmən mollanın idarə etməsi deyə bir qayda yoxdur dində. Mollanın başa keçib qəzəl, şeir, nağıl oxumasındansa, iştirak edən ziyalıların sıra ilə başa keçib mərhumun yaxşı işlərindən, xatirələrindən danışıb ailəsinə başsağlığı verməsi həm dinə uyğun olar, həm də milli adətlərimizə. Ancaq təəssüf ki, buna mollalar imkan vermirlər”.

İlahiyyatçının sözlərinə görə, əhalimizin əksəriyyəti dinin mahiyyətindən məlumatsız olduğu üçün, belə mollalara etiraz edə bilmir və onların etdiklərinə təslim olurlar: “Məclisi molla idarə edirsə, o ilk öncə mərhum haqqında danışmalı, onu tanımayanlara da tanıtmalı, onun yaxşı işlərindən məclis əhlinə söhbət açmalıdır. Sonra dindən, İslamdan, Qurandan bəhs etməli, Quran oxumalı və oxuduğunu tərcümə edərək ərəbcə bilməyənlərin anlaması üçün şərh verməlidir. Yas məclisində şeir və ya qəzəl oxumaq dini rişxənd obyektinə çevirməkdir. Yas məclisi şeir festivalı deyil ki, orada qəzəl oxunsun. Xüsuən də Quranda şeir və şeir yazanlar tənqid edilib. “Şüəra” şairlər surəsində deyilir ki, şairlər etmədikləri işləri danışırlar həmişə…

Yəni şeir adətən şadlıq və toy məclislərində deyilir. Yasda daha ciddi söhbətlər və tövsiyələr danışılmalıdır. Yasda qəzəl oxuyan mollalar bunu öz keflərinə əsasən edirlər. Yaxud da savadları başqa dini söhbətlər etməyə imkan vermədiyi üçün, şeir-qəzələ üz tuturlar. Necə ki, bir məsəl də var ki, aşığın sözü qurtaranda dalay-dalay deyər”.

Tural İrfan hesab edir ki, bu kimi işləri edən ruhanilər, mollalar təəssüf ki, nəzarətsizdirlər: “Amma, ümumilikdə, yaslarda qəzəl-şeir oxuyan mollalar günah etmiş olurlar. Həmin mollaları yasa dəvət edənlərin borcudur ki, ona irad bildirsinlər və hüzn məclisinin ahənginə müvafiq söhbətlərin aparılmasını tələb etsinlər. Çünki o mollaya məclis idarə etmək üçün kifayət qədər rüşvət də verilir. Rüşvət ona görə deyirəm ki, hər bir müsəlmanın fərz olan borcudur ki, digər müsəlmanı yerdən götürsün, təmənnasız onun məclisini idarə etsin və pul almasın. Quranda ölü götürüb pul alanlara qarşı, Allahın ayələrini pul qarşılığında satanlara qarşı “Bəqərə” surəsində sərt ifadələr, tənqidlər var. Bəzən sual edirlər ki, bəs molla nə ilə dolanmalıdır? Əvvəla İslamda molla, ruhani deyə bir təbəqə yoxdur. Peyğəmbər və imamlar da mollalıq etməyiblər, nə də onların davamçıları. Əgər indi bu formalaşıbsa, onda mollalar da hamı kimi bir sənət, peşə öyrənib ruzilərini qazanmalı, Allahın dinini qazanca alət etməməlidirlər. Kimisə dəfn edib yasını aparmaq hər kəsin borcudur. Əgər bilən birisi ölən müsəlmanı dəfn etməsə, onun boynunda böyük günah var deməkdir.

Ona görə də mollaların dəfndən, Quran oxumaqdan aldıqları pullar sırf rüşvət hesab edilir. Peyğəmbərin hədisində deyilir ki, cəhənnəmin əksəriyyəti mollalar, ruhanilər, keşişlər, rahiblər, qazılar olacaq. Məhz həmin cəhənnəm əhli həmin molla sürüsüdür ki, digər hədisində də Allah Elçisi onlar haqda deyir: “Çox Quran oxuyanlar var ki, Quran onlara lənət oxuyur!”

Ona görə də hesab edirəm ki, bu kimi mənfi işlərin cəmiyyətimizi korlamaması, adət-ənənələrimizə xələl gətirməməsi üçün dövlət qurumları xurafatçı ruhani təbəqəsinə qarşı nəzarəti gücləndirməlidirlər”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Naxçıvanda: Dərzi şikayət etdiyi üçün obyekt icarə götürə bilmədiyini deyir

“Aylardır iki azyaşlı körpəmi dolandırmaqda çətinlik çəkirəm” Ötən il, oktyabrın 22-də Naxçıvanın Şərur rayonundakı ticarət …