Ana səhifə / Köşə Yazarları / Yardım etdiklərimizin minnəti…

Yardım etdiklərimizin minnəti…

Vaxtım və həvəsim olanda “TikTok”-da canlı yayım açıram. Əsasən gündəm mövzularından danışıram. İnteraktivliyi təmin etmək üçün izləyiciləri də yayıma qoşuram ki, onlar da mövzulara münasibətlərini açıqlasınlar. Nəticə məhsuldar olur. Sonda statistikaya baxıram ki, 2 saat ərzində ən azı 15-20 min adam yayımda iştirak edib.

Artıq stabil auditoriya formalaşıb. İki gün əvvəl Tovuz rayonundan Zaur adlı bir nəfər qoşulub dedi ki, maddi vəziyyəti ağırdı, xəstəliyi səbəbindən işləmək imkanları da məhduddur. Maddi kömək istədi. Təklif etdik ki, kart nömrəsini desin. Bir adam : 50 manat, digəri 52, başqa biri isə onun kartına 3 manat göndərdi. Çox razı qalıb, bizə dualar edib yayımı tərk etdi. Belə baxanda, pis nəticə deyil, bir neçə dəqiqə ərzində 105 manat əldə etdi.

Mobil nömrəm səhifədə yazıldığı üçün bu adam mənə “votsap” üzərindən yaza bilir. Vaxtım olmadığı üçün iki gündür canlı yayım açmıram. Zaur mənə yazıb, niyə yayım açmamağımın səbəbimi soruşur. Elə bildim məndən narahatdır. Sən demə, bu adamın fikirindən hər gün yayıma qoşulub pul yığmaq keçirmiş. İndi son mesajını gördüm.

Yazıb ki, yekə kişisən, bunu edirsənsə axıra qədər et da. Deyəsən qardaşım yaxşı iş yeri tapıb. Gündə azı 100 manat yığsa, aya 3000 manat edir. Belə maaşı kim alır? Dedim, ay qardaş, mən Sahil Babayev deyiləm ki, üzərimdə səni dollandırmaq kimi öhdəliyim olsun. Belə baxıram, axırda məndən şikayət edəcək ki, onu stabil qazancından məhrum etmişəm…

Məhəmmədəli QƏRİBLİ

Azinforum.az

Həmçinin oxuyun

Hacı Qaliblə onun villasını sökən icra başçısı Adil Əliyev arasında qalmaqal

Bakının Bilgəh qəsəbəsində keçmiş deputat Hacı Qalib Salahzadəyə məxsus olan və Xəzər sahilində yerləşən villanın …