Cümə axşamı , Fevral 29 2024
Ana səhifə / Manşet / Yararsız vəziyyətdə olan ev Zəminəyə bayramı çoxdan unutdurub

Yararsız vəziyyətdə olan ev Zəminəyə bayramı çoxdan unutdurub

Zəminə Əsədova evində bayram ab-havası olmayanlardandır. Çünki hazırda dərman almağa pulu yoxdur deyə şəkəri qalxıb, digər otağa keçə bilmək üçün pəncərənin yanında oturub tək dayağı olan oğlunu gözləyir. Hava soyuq, boş soyuducu, yararsız vəziyyətdə olan ev Zəminəyə bayramı çoxdan unutdurub. Tək dərdi canının ağrımadığı, evinin isti olduğu bir günün olmasıdır. 47 yaşı olsa da, ağappaq saçları Zəminənin çəkdiyi əzabların nəticəsidir.

“Ümidim odur, bu ildən mənə bir kömək olsun, bu ev-eşik düzəlsin ki, mən də bir rahat nəfəs alım, bir dəfə bir yaxşı müalicə alım ki, gecə yatanda rahat yatım, dərmanlarla yatmayım. Yayda oradan qır əriyir tökülür başıma, qışda da yağış yağır başıma. Gördüyüm həyat budur da, bala. İki dəfə insult keçirtmişəm, heç nə edə bilmirəm. O uşaq olmasa, nə bir ayağa qalxa bilirəm, nə yemək yeyə bilirəm. Hər şeyimi oğlum edir. Əvvəl anam baxırdı, zibilliyə gedirdim gecələr. Altı-bazar rus bazarına gedirdim, yəni özüm özümü dolandırırdım, yada, başqasına ehtiyacım yox idi. Anam baxırdı, özüm balalarımla çörək qazanırdım. Sonra rus bazarında əsəb keçirtdim, gəldim evdə infarkt vurdu birinci dəfə. İmkan olmadı ki, müalicə elətdirim. 1 ildən sonra ikinci dəfə vurdu“.

Zəminə 17 ildir şəkər xəstəsidir. Deyir ki, əvvəl polinlinika insulini iki dənə verib, indi isə bir dənə verir. Bu, onsuz da çətin olan dolanışığını daha da ağırlaşdırır. 350 manatlıq pensiya ilə dərman, kommunal, yemək ehtiyaclarını ödəyə bilməməyindən danışır.

“Qabaqlar yenə iki dənə-iki dənə verilirdi hər dərmanımdan, rahatca istifadə edə bilirdim. İndi onları da kəsiblər, bir dənə-bir dənə verirlər. 1 dənəsi 21 manat neçəsə qəpikdir insulinin. Onun 2 dənəsi mənim üçün 43 manat edir. 1 aya 4 dənəsi gedir onun. İndi 2 dənəni güclə vururam, şəkərim qalxıb bu dəqiqə. Yoxdur çünki, nə edim? 60-70 manat 1 ayda hələ yarısına çıxır, bütövünə çıxmır. Gedəndə get şamaxılıların dükanına, 300 manat, ya da 250 manat borc var, bilmirəm dəqiq. Pensiyanı aldım, onu verdim, iynə-dərman qalacaq. İşığa gəlib nə qədər. Neçə aydır ödəmirəm, o qalıb. 60-dan çox da qaza gəlib“.

Zəminə Əsədova deyir ki, aidiyyatı qurumlar onun evinə gəlib, amma heç bir köməklik etməyiblər.

“İcra hakimi gəldi, elə bir az fırlandılar, çıxdılar, getdilər. Kimin nəyinə lazımdır, qurban olum“.

Sabunçu Rayon İcra Hakimiyyəti zənglərə cavab vermədi. TƏBİB-dən Meydan TV-ə bildirildi ki, qanunla şəkərli diabet xəstələri hər ay 40 vahid insulinlə təmin edilir. Amma xəstənin sağlamlıq vəziyyətindən asılı olaraq insulinin miqdarının çoxaldılmasına ehtiyac olur. TƏBİB bu ehtiyacı nəzərə alaraq mövcud qərara dəyişikliklərlə bağlı müvafiq təkliflər irəli sürüb.

Həmçinin oxuyun

Kamil Zeynallıya görə jurnalist Məhəmmədəli Qəriblini evindən oğurladacağını deyən bu adamdır-Foto

Kamil Zeynallı açıqlama verib ki, onun adından məni hədələyən adamı tanımır. Sonra deyib ki, guya, …