Ana səhifə / Manşet / Ukraynadakı ən böyük diaspor təşkilatımız Fuad Muradovdan Prezidentə şikayət etdi

Ukraynadakı ən böyük diaspor təşkilatımız Fuad Muradovdan Prezidentə şikayət etdi


Ukraynada fəaliyyət göstərən ən böyük diaspor təşkilatımız olan Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi (BUAK) Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovdan Prezident İlham Əliyevə şikayət məzmunlu müraciət ünvanlayıb. Azinforum.az müraciətdə adları çəkilən hər bir şəxsin də cavab vermək haqqını tanımaqla həmin mətni olduğu kimi təqdim edir:

Azərbaycan Respublikasının Prezidenti, zati aliləri, cənab İlham Əliyevə,

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin

                                                      MÜRACİƏTİ

  Möhtərəm cənab Prezident! Sizi Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi (BUAK) adından salamlayır, müstəqil Azərbaycan dövlətinin ərazi bütövlüyünün bərpa edilməsi, tarixi vətənimizin və xalqımızın rifah halının yüksəldilməsi naminə göstərdiyiniz yorulmaz və səmərəli fəaliyyətinizə görə Sizə dərin minnətdarlığımızı bildiririk.

Cənab Prezident ! Bildiyiniz kimi təməli 1999-cu ildə Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş Ukrayna Azərbaycanlıları Konqresi ötən 23 il müddətində təşkilatlanaraq xalqımızın qədim adət ənənələrini, zəngin tarixini və mədəniyyətini qoruyub yaşatmaq, o cümlədən, Azərbaycan həqiqətlərinin Ukrayna ictimaiyyətinə çatdırılması istiqamətində çoxsaylı tədbirlər həyata keçirmiş, bu istiqamətdə əlindən gələni əsirgəməmişdir.

  Belə ki, BUAK fəaliyyət göstərdiyi ötən dövr ərzində, Kiyev şəhərində dahi Azərbaycan şairi Səməd Vurğunun büstünün, İrpen və Lvov şəhərlərində görkəmli elm xadimi, akademik Zərifə Əliyeva adına oftalmoloji mərkəz və xatirə muzeyinin, Nikolayev şəhərində 416-cı Azərbaycan Toqonroq Diviziyasının xatirə kompleksinin, Xarkov şəhərində Sovet İttifaqı qəhramanı Fariz Səfərov adına istirahət parkı və onun büstünün, Dnepropetrovsk vilayətinin alman faşizmindən azad edilməsində rəşadətli döyüş yolu keçmiş azərbaycanlı sovet ittifaqı qəhrəmanı Mikayıl Ələkbərovun abidəsinin ucaldılmasına nail olmuşdur. Bununla yanaşı, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Odessa, Dnepr, Jitomir, Xarkov, Nikolayev və digər təşkilatlarının təşəbbüsü ilə, adı çəkilən şəhərlərdə Azərbaycan mədəniyyət mərkəzləri və Azərbaycan dilində şənbə bazar günü məktəbləri açılmışdır. Hər il ənənəvi olaraq Ukraynada fevral ayı Xocalı ayı elan edilərək, erməni vəhşiliyinin Ukrayna ictimaiyyətinə çatdırılması üçün silsilə tədbirlər həyata keçirilmişdir. Konqresin həyata keçirtdiyi səmərəli fəaliyyətin nəticəsi olaraq, BUAK-in sədri Rövşən Tağıyev, fəxri sədr  və məclisin rəhbəri Akif Gülməmmədov, Dnepropetrovsk vilayət təşkilatının fəxri sədri Qüdrət Hacıyev, Nikolayev vilayət təşkilatının sədri Yunis Əliyev, BUAK-in idarə heyətinin üzvü Qurban Abbasov Sizin sərəncamınızla “Tərəqqi Medal”a layiq görülmüşdürlər.

  Təbii ki, milli diasporumuzun təşkilatlanaraq əldə etdiyi uğurlar, keçdiyi çətin və şərəfli yol heçdə asan başa gəlməyib. Ötən dövr ərzində inkişaf edərək Ukraynanın ən böyük diaspora təşkilatına çevrilən Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi artıq dünya Azərbaycanlılarının diaspora tarixinə Dahi Heydər Əliyev şəxsiyyətinin sarsılmaz ideya daşıyıcısı kimi daxil olub. Təşkilatımızın Ukraynanın hər bir vilayətinin dövlət və hökumət orqanlarında çoxsaylı vəzifəli şəxsləri , şəhər və vilayət şuralarında deputatları var. Təşkilatımız tərəfindən bir neçə dəfə erməni diasporası tərəfindən Ukraynanın vilayət və şəhər, o cümlədən ali radasının müzakirəsinə çıxarılmış qondarma erməni soyqırımı layihələri ləğv edilmişdir.

Hər zaman olduğu kimi, BUAK ötən il Ali Baş Komandanımızın müdrik və uzaqgörən siyasəti, müzəffər ordumuzun qəhrəmanlığı sayəsində ikinci Qarabağ savaşının zəfərlə başa çatmasında da dövlətimizin və xalqımızın yanında olmuş, bu istiqamətdə əlindən gələn maddi və mənəvi dəstəyini əsirgəməmişdir.

   Çox təəssüflər olsun ki, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi 23 il tarixi olan Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin fəaliyyətini görməzdən gəlir, diaspora siyasətinin təməl prinsiplərini kobud şəkildə pozur. Komitənin məsul şəxslərinin yarıtmaz fəaliyyəti onu deməyə əsas verirki , bu gün milli və dövlət maraqları şəxsi və korporativ maraqlara qurban verilir. Çox acınacaqlı haldır ki, bu gün Diasporla İş üzrə Dövlət Komitəsinin bir sıra məsul nümayəndələri getdikləri ölkələrdə onları qarşılayıb yola salan , bar və resporanlarda onlara əyləncə təşkil edən insanlarla əməkdaşlıq edir, dövlətimizin maraqlarına xidmət edən təşkilatlara qarşı hörmətsizlik edirlər. Bu baxımdan Dövlət Komitəsinin aparat rəhbəri Daşqın Rəcəbli və digər məsul şəxslər bünövrəsi Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş milli diaspora strategiyasının təməl prinsiplərini kobud şəkildə tapdalayaraq, vaxtı ilə Soros təşkilatının dəstəyi ilə fəaliyyətə başlamış   “demokratiyanın nəbzi” təşkilatının sədri, sonradan isə özünü qondarma “birləşmiş ukrayna azərbaycanlıları diaspora təşkilatının” rəhbəri elan etmiş Hikmət Cavadovla olan şəxsi dostluq və digər maraqlarına qurban verirlər. Bununla bağlı dəfələrlə komitə rəhbəri Fuad Muradova məlumat verilsə də, bu haqda heç bir ciddi ölçü götürülməmişdir. Əksinə olaraq komitə rəhbərliyi, Ukraynada daima Heydər Əliyev siyasətinin əksinə gedən, ictimai yerlərdə Azərbaycan hakimiyyətini təhqir və təhdid edən insanlara fəxri adlar və mükafatlar  verməklə qeyri peşəkar və dağıdıcılıq fəaliyyəti ilə məşğul olurlar.

Nəzərinizə çatdırmaq istəyirik ki, 2019-cu ildə Diasporla İş üzrə Dövlət Komitisinin sədri Fuad Muradov Ukraynanın ən böyük Azərbaycan diaspora təşkilatı kimi BUAK-in rəhbərliyinə xahiş edərək bu ölkədə fəaliyyət göstərən digər kiçik təşkilatların bir mərkəzdə birləşdirilməsi üçün koordinasiya şurasının yaradılması təşəbbüsünü irəli sürmüşdü. BUAK-in idarə heyəti milli birlik naminə bu təklifi qəbul etmiş, Ukrayna Azərbaycanlıları Radasının yaradılmasına öz töhfəsini vermişdir. Təəssüflər olsun ki, sonradan komitənin yarıtmaz və qeyri peşəkar fəaliyyəti, hadisələrə şəxsi prizmadan yanaşma taktikası BUAK-in ali məclisi tərəfindən müzakirə olunmuş, Ukrayna Azərbaycanlıları Radasının fəaliyyət proqramının kobud şəkildə pozulması və bu təşkilata       ayrılan vəsaitin şəxsi mənafelər naminə xərclənməsi məsələləri nəzərə alınaraq 2020-ci ildə bu qondarma qurumdan çıxmaq qərarı verilmişdir. Konqresin bu qərarını müsbət qarşılamayan komitə rəhbərliyi ötən dövr ərzində Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinə qarşı qərəzli mövqe mümayiş etdirir. Təşkilatımızla bağlı mənfi rəy formalaşdırmaqla, ətrafında minlərlə soydaşımızı birləşdirən BUAK haqqda anti dövlətçilik imici yaratmağa səy göstərir. Komitə tərəfindən Azərbaycan media nümayəndələrinə güclü təsir olunur ki, BUAK-in fəaliyyəti işıqlandırılmasın. Bundan əlavə Azərbaycanın Ukraynadakı səfirliyinə və digər dövlət qurumlarına təsir göstərilir ki, BUAK-la heç bir əməkdaşlıq olunmasın.

Bu azmış kimi, Ukraynanın bir çox şəhərlərində Konqresə alternativ təşkilatlar yaratmaqla, prçalanma və qarşıdurma hallarına rəvac verirlər. 

  Cənab Prezident ! Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin vilayət və şəhər təşkilatlarının sədrləri sizdən xahiş edir ki, Diasporla iş üzrə Dövlət Komitəsinin bu parçalayıcı və qərəzli mövqeyini araşdırmaq üçün aidiyyəti dövlət qurumlarına göstəriş verəsiniz. Rica edirik ki , BUAK-in tarixi vətənimizlə koordinasiyasının təmin edilməsi üçün, Azərbaycan Prezident Admnistrasiyasının və Xarici İşlər Nazirliyinin aidiyyəti qurumları ilə əməkdaşlıq etməyimiz üçün bizə yardımçı olasınız.  

    Cənab Prezident! Ukraynada yaşayan yüz minlərlə Azərbaycanlı Sizin həyata keçirtdiyiniz məqsədyönlü siyasəti dəstəkləyir, hər zaman vətənimizin sıravi əsgərləritək Ali Baş Komandanımızın istənilən əmrinə hazır olduğumuzu bildiririk. Bir daha sizə doğma Azərbaycanımızın qüdrətli dövlətə çevrilməsi istiqamətində həyata keçirdiyiniz böyük işlərdə uğular arzulayırıq. Ukraynada yaşayan soydaşlarımız adından ulu Tanrıdan Sizə uzun ömür can sağlığı diləyirik. Böyük ehtiramla BUAK-ın vilayət və şəhər təşkilatlarının rəhbərləri adından Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri;  

1. Rövşən Tağıyev ( Tərəqqi medal)

2. Akif Gülməmmədov : BUAK-in məclis sədri (Tərəqqi medal)

3. Qüdrət Hacıyev: BUAK-in  Dnepropetrovsk vilayət təşkilatının  fəxri sədri, BUAK-in birinci müavini.(Tərəqqi medal )

4. Yunus Əliyev: BUAK-in Nikolayev vilayət təşkilatının sədri.(Tərəqqi medal)

5. Vilayət Məmmədov: BUAK-in Kropivniçskiy vilayət təşkilatının sədri.

6 Aydın Əliyev: BUAK-in Odessa vilayət təşkilatının sədri.

8. Isgəndər Vəliyev: BUAK-in Çerniqov vilayət təşkilatının sədri.

9. Rüfət Əbilov: BUAK-in Çerkassı vilayət təşkilatının sədri.

10. Qurban Abbasov: BUAK-in Xarkov vilayət təşkilatının sədri.

11. Ceyhun Qasımov: BUAK-in Xmelnitsk vilayət təşkilatının sədri.

12. Timur Abışov: BUAK-in  Vinnitsa vilayətinin sədri.

13. Ilqar Məmmədov: BUAK-in Jitomir vilayət təşkilatının sədri.

14. Xanlar Mahmudov: BUAK-in Poltava vilayətinin sədri.

15.Namiq Əliyev: BUAK-in Çernavtsı vilayət təşkilatının sədri.

16.Mətləb Nəcəfov: BUAK-in İvano – Frankovsk vilayət təşkilatının sədri.

17.Zakir Hüseyinov:  BUAK-in Ujqorod vilayət təşkilatının sədri.

18. Ədalət Ismayılov: BUAK-in Ternopol vilayət təşkilatının sədri.

19.Rəmzi Rzayev: BUAK-in Krivoy – Roq şəhər təşkilatının sədri.

20.Şikar Hüseyinov:   BUAK-in Novomoskovsk şəhər təşkilatının sədri

21.Afaq Qədimova:  BUAK-in  Mariupol şəhər təşkilatının sədri.

22. Tərlan Nəsirov : BUAK-in Pervomaysk şəhər təşkilatının sədri.

23. Maqsud Şükürov: BUAK-in Povloqrad şəhər təşkilatının sədri.

24. Xəyyam Həqiqət oğlu: BUAK-in İcraçı katibi.

                                                                                          13.01.2022-ci il

Həmçinin oxuyun

Naxçıvanda: Dərzi şikayət etdiyi üçün obyekt icarə götürə bilmədiyini deyir

“Aylardır iki azyaşlı körpəmi dolandırmaqda çətinlik çəkirəm” Ötən il, oktyabrın 22-də Naxçıvanın Şərur rayonundakı ticarət …