Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Manşet / Türkiyədə söyüşü siyasətə gətirənlərin sosial şəbəkədə cəzasızlığına son qoyulur – oxşar qanun Azərbaycanda da olacaqmı…

Türkiyədə söyüşü siyasətə gətirənlərin sosial şəbəkədə cəzasızlığına son qoyulur – oxşar qanun Azərbaycanda da olacaqmı…

Nicat Qasımlı: “Türkiyədə bu cür qanunun qəbul olunması gələcəkdə Azərbaycan üçün də stimulverici addım ola bilər”

Türkiyə Böyük Millət Məclisi (TBMM) ölkədə sosial şəbəkələrin tənzimlənməsini nəzərdə tutan qanun layihəsini qəbul edib.

Qanuna əsasən, sosial şəbəkələrə sahib olan xarici şirkətlərdən Türkiyədə ofislərini açmaları tələb olunur. Xüsusilə bu tələb Facebook, Twitter və Instagrama aiddir.

Bundan əlavə, şirkətlər öz platformalarında qanunsuz materialların yayılmasının qarşısını almaq üçün tədbirlər görməlidir, bu cür materiallar yayılacağı təqdirdə isə məsuliyyət daşıyacaqlar.

Xarici şirkətlərin Türkiyədə nümayəndəlik açmaqdan imtina etməsi halında sosial şəbəkələrə giriş məhdudlaşdırılacaq.

Qeyd edək ki, qanun layihəsini Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təsdiqləyəcəyi gözlənir. Sosial şəbəkələrdə olan məsuliyyətsizlik və nizamsızlıqdan bütün ölkələr, o cümlədən Azərbaycan ciddi əziyyət çəkir. Türkiyənin bu sahədə qəbul etdiyi qanun başqa ölkələr və xüsusilə də Azərbaycan üçün presedent rolunu oynaya bilərmi?

İKT üzrə ixtisaslaşan VR360AZ şirkətinin rəhbəri Nicat Qasımlı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Facebook və bənzəri qlobal korporasiyaların yaranma tarixi çoxlarına bəllidir: “Yarı uydurma, yarı gerçək nağıllarla yaranma funksiyası sosial şəbəkə kimi insanlara təbliğ olunan bu şirkətlər illər öncə insanlara rahat ünsiyyət vasitəsi olaraq təqdim edildi. İstifadəçi rahatlığı və funksionallıq qısa müddət ərzində böyük kütlə tərəfindən rəğbətlə qarşılanmağa başladı. Bu da, öz növbəsində, həmin şirkətlərin reklamlardan əldə olunan gəlirlərinin gündən-günə artmasına səbəb oldu. Hətta bu şirkətlərin gəlir səviyyəsi o həddə çatdı ki, bir çox qlobal neft və texnologiya şirkətlərini qabaqladı. Bütövlükdə, bu inkişaf dünyanın istənilən nöqtəsində yaşayan və internetə çıxış imkanı olan milyonlarla sosial şəbəkə istifadəçisini özünə cəlb etdi. Bu qədər istifadəçini cəlb etməklə milyonlarla istifadəçi haqqında geniş çaplı məlumat bazasının cəmləşməsi adıçəkilən şirkətlərin bəyan edilən məqsədlərindən kənar fəaliyyətlər göstərməsinə əsas verdi. Hər dövrün texnoloji yeniliklərini və süni intellekti ilk tətbiq etməkdə mahir olan bu şirkətlər, istifadəçilərin real həyat tərzini mütəmadi izləməklə, real həyatla virtual həyat arasında olan məsafəni, demək olar ki, sıfıra endirməyə nail oldu. Amerika kimi güc dövlətlərinin bu qədər istifadəçi haqqında geniş məlumat bazasına malik olan şirkətlərin sərbəst və tərəfsiz fəaliyyət göstərməsinə göz yumması ağlabatan deyil. Bir çox ölkələrdə siyasi proseslərin yön dəyişməsi, iğtişaş, xaos, çevriliş və s. kimi halların baş verməsində sosial şəbəkələrin rolu danılmazdır. Belə nəticəyə gəlmək olur ki, sosial şəbəkələrdə şirkətlərin biznes maraqlarından əlavə, onlara nəzarət edən güc dövlətlərinin siyasi maraqları da var. Bu siyasi maraqlar isə o qədər genişdir ki, həmin güc dövlətləri real dünyada olan ikili standartlarını sosial şəbəkələr üzərində də tətbiq etməkdən çəkinmirlər. Facebook üzərində fəaliyyət göstərən biznes səhifələrində, sosial, siyasi və seçkilərlə bağlı reklam aparılması üçün həmin reklamı həyata keçirən şəxsin və onun qeydiyyatda olduğu ünvanının birbaşa facebook tərəfindən təsdiq olunma funksiyasının olması bu şirkətlərin hansı siyasi maraqlarının olmasına bariz nümunədir.

Türkiyə Böyük Millət Məclisi ölkədə sosial şəbəkələrin tənzimlənməsini nəzərdə tutan qanun layihəsini qəbul edib. Qəbul olunan qanun layihəsi təqdirəlayiqdir. Hər il milyardlarla dollar gəlir əldə edən və müxtəlif ölkələrin siyasi maraqlarına zidd olan şirkətlərə fəaliyyət göstərdiyi ölkələrdə ciddi nəzarətin tətbiq edilməsi vacib məsələdir. Nəzarət funksiyası dedikdə isə, həmin sosial şəbəkə istifadəçilərinə tətbiq olunan senzura nəzərdə tutulmur. Buradakı nəzarət şirkətlərin fəaliyyət göstərdiyi ölkənin qayda-qanunlarına tabe olması, öz ikili standartlarından boyun qaçırması kimi izah olunur. Fikrimcə, qəbul olunan qanunla Facebook kimi nəhəng korporasiya Türkiyənin bəyan etdiyi şərtləri qəbul etmiş olacaq. Çünki öz maddi maraqlarını nəzərə alaraq, 80 milyonluq Türkiyə bazarını itirmək böyük itki ilə nəticələnər.

Türkiyədə bu cür qanunun qəbul olunması gələcəkdə Azərbaycan üçün də stimulverici addım ola bilər. Daxili siyasi və sosial məsələlərdə kənar dövlətlərin müdaxiləsini azaltmaq üçün bu addımı vacib saymaq olar”.

Artıq yalnız tanışlıq, ünsiyyət deyil, daha ciddi platformanı özündə cəmləyən sosial şəbəkələrin fəaliyyətinin tənzimlənməsinə doğrudan da ciddi ehtiyac var. Bunun da hansısa qadağalarla deyil, milli qanunvericiliyə uyğunlaşması metodu ilə həlli daha məqsədəuyğundur.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Köhnə siyahılar üzrə ictimai rəyə soxuşdurulan “politoloq” və “hərbi şərhçi”lərlə vidalaşmağın zamanıdır…

Bir dəfə yazdım ki, ölkədə ard – arda iki devalvasiya baş verdi, bir nəfər iqtisadçının …