Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Manşet / “Türkiyə musiqinin Azərbaycan musiqisini üstələməsinə imkan vermək olmaz”

“Türkiyə musiqinin Azərbaycan musiqisini üstələməsinə imkan vermək olmaz”

“Azərbaycan dilinin dövlət dili olmaması Azərbaycanın da olmaması deməkdir. Yəni Azərbaycanın varlığı Azərbaycan dilindədir. Bir xalqı xalq, milləti millət kimi yaşadan onun dilidir. Keçən əsrin 60-cı illərində Daşkənddə ədəbiyyata həsr olunmuş tədbir keçirmişdilər. Mən həmin tədbirdə təklif etdim ki, ortaq bir türk dili olsa, yaxşı olar. Təklifimi bəziləri çox əsəbi qarşıladı. Ancaq bu ortaq dil bizim ədəbi dilimizi, dilimizin əsas varlığını sıxışdıra bilməz. Məsələn, qırğız türkü ilə Türkiyə türkü görüşür, amma bunlar eyni dildə danışa bilmirlər, bir-birilərini başa düşmürlər. Yəni ümumi bir ortaq dil yaratmaq olar. Amma bizim dilimizi – Azərbaycan dilini Türkiyə türkcəsinə çevirmək mümkün də deyil, lazım da deyil. Bu, Azərbaycanı yox edə bilər. Şahbazın xətrini çox istəyirəm. Amma düşünürəm, bir az hissə qapılıb…”

Bu sözləri Pravda.az-a müsahibəsində yazıçı Əkrəm Əylisli Qanun Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlunun Azərbaycanda Türkiyə türkcəsinin dövlət dili elan edilməsi təklifinə münasibət bildirərkən deyib.

Ə.Əylisli vurğulayıb ki, Azərbaycan artıq Türkiyə ilə ən sıx, doğma əlaqələr yaradıb: “Türkiyə ilə çox gözəl münasibətlərimiz var. Bu münasibətləri saxlamaq lazımdır. Amma nəinki Türkiyə türkcəsinin, hətta Türkiyə musiqinin Azərbaycan musiqisini üstələməsinə imkan vermək olmaz. Bizim musiqimizin öz aləmi, qanunları var. Bunu yox etmək türk xalqlarını gücləndirmək deyil. Bu xalqları gücləndirmək üçün hərəsinin özünəməxsusluğunun saxlanılması çox vacibdir. Mədəniyyət, maarif sahəsində özünəməxsusluq… Özünəməxsusluq heç vaxt ümumi birliyin ziyanına olmamalıdır”.

O, Ş.Xuduoğlunun Azərbaycanda Türkiyə türkcəsində yazılan kitabları oxuyanların üstünlük təşkil etməsi barədə fikrini isə belə dəyərləndirib: “Məsələ burasındadır ki, adam başına kitab oxuyanların sayı Türkiyədə Azərbaycandakından çox deyil. Yəni çoxlu kitab oxumaq hələ insanın mədəni inkişafının bütöv göstəricisi deyil. Amerikada on adamdan soruşsan, eləsi var, hətta Uilyam Folkneri də tanımır. Mən orda olmuşam və soruşmuşam. Folknerin adını eşitməmək o insanın heçliyinə, puç olmasına dəlalət etmir. İnternet çıxandan sonra tamamilə başqa bir mənzərə yaranıb. Kitab oxuyanların sayı təbii olaraq azalıb. Zaman, tarix belə diktə edib. Bunun içindən milləti salamat çıxarmaq lazımdır. Millət öz dilini itirib hara gedə bilər, dilini itirəndən sonra millətdə nə qala bilər? Türkiyə ilə uzun illər ayrı qalmışıq, ola bilər ki, Türkiyə türkcəsində yazılan kitabların daha çox oxunması, bu həvəs Türkiyə həsrətindən əmələ gəlir. Amma bu, müvəqqətidir. Azərbaycanı öz dilində sevirik, başqa dildə sevə bilmərik axı. Xalq özünü dərk edəndən sonra dilini necə sevməyə bilər? İndi söhbətlər gedir. Məsələn, bu gün başqa bir müəllifin yazısına rast gəldim. Deyir ki, Türkiyə türkcəsi süni, yararsız dildir. Amma fakt budur ki, Türkiyə türkcəsi reform oldu, bizdə olmadı. Söhbət bundadır ki, Türkiyə türkcəsi reform olandan sonra da ərəb dilindən gələn sözlərin hamısından imtina edə bilmədilər. Bizim dildə mədəniyyət sahəsinə aid olan sözlərin 90%-i ərəb dilindən gəlib. Məsələn, “mədəniyyət”, “kitab”, “dəftər” sözləri də ərəb sözləridir. Füzulinin şeirlərində yalnız fellər türkcədir, qalan sözlər alınma sözlərdir. Zamanın öz hökmü olub. Türkiyə türkcəsi reform olandan sonra bu dildəki səslənmənin özü mənə də ləzzət verir. Yeni sözlərin özündə də səslər adama xoş gəlir. Amma nə olsun? Ərəb sözlərindən imtina edə bilmədilər. Türkiyədə müasir estrada musiqisi xalis ərəbdən gəlir. Yəni xalqların bir-birindən götürməsi, bir-birinin mədəniyyətindən istifadə etməsi çox təbiidir. Amma bütövlükdə özününkündən imtina edib, özgəninkindən yapışmaq heç kimə heç vaxt lazım deyil…”

Ə.Əylisli Şahbaz Xuduoğlunu təklifinə görə tənqid edənlərə isə belə cavab verib: “Bu, o qədər sadə məsələdir ki, mürəkkəbləşdirirlər. Şahbaz indi yazıb də. Şahbazdır, ağlına gəlib, yazır. Amma bunu sensassiyaya çevirmək hazırkı kütləvi informasiya vasitələrində xəbərin olmamasından, əsas problemlərdən qaçılmasından irəli gəlir. Xəbər aclığı gedir. Bu da səbəbdir ki, adi bir məsələni çox şişirirlər. Şahbazın deməsi ilə sabah dilimizdən imtina etməyəcəyik axı. Bizdə bir xəstəlik var. Bu saat hər kəs özünü daha çox “patriot” göstərmək istəyir. Bu, artıq epidemiya halındadır. “Mən səndən daha çox “patriot”am, millətimi çox sevirəm…” – bu fikirlə milləti inkişaf etdirə bilmərik. Bu, əxlaqı, dilimizə, mədəniyyətimizə, xalqımıza belə münasibəti yığışdırmaq lazımdır. “Patriot” adam “patriot”luğunu deməz…”

Həmçinin oxuyun

Naxçıvanda: Dərzi şikayət etdiyi üçün obyekt icarə götürə bilmədiyini deyir

“Aylardır iki azyaşlı körpəmi dolandırmaqda çətinlik çəkirəm” Ötən il, oktyabrın 22-də Naxçıvanın Şərur rayonundakı ticarət …