Çərşənbə axşamı , Yanvar 26 2021
Ana səhifə / Manşet / Türkiyə ordusunun Qarabağda yerləşdirilməsi məsələsi barədə…

Türkiyə ordusunun Qarabağda yerləşdirilməsi məsələsi barədə…

Bu ideya Azərbaycanda çox populyardır və 10 noyabrdan bəri sürəkli gündəmdədir. İnsanlarımız səbirsizliklə mehmetciklərin Qarabağa gəlişini gözləyir və bunu istəyir. Niyə? Çünki Qarabağdakı Rusiya sülhməramlılarına (ümumilikdə Rusiyanın siyasətinə) etimadsızlıq var və azərbaycanlılar düşünür ki, rusların bizim maraqlarımıza zidd əməllərinin, onların fəaliyyətindən qaynaqlanacaq təhlükələrin qarşısını Türkiyə əsgərlərini oraya yerləşdirməklə ala bilərik. Etimadsızlıq və narahatlıq şübhəsiz ki, haqlı səbəblərə əsaslanır, amma çözüm kimi arzu edilən yolun riskləri də var və biz bunu da anlamalıyıq. Sülhməramlı əməliyyat Türkiyə-Rusiya birgə əməliyyatı kimi həyata keçirilsə, yəni bu gün sülhməramlıların cavabdehlik zonasında türk əsgərləri ruslarla eyni hüquq və vəzifələrə sahib olsalar, problem yoxdur. Amma belə deyil. Söhbət yalnız Türkiyə və Rusiya hərbi təmsilçilərinin atəşkəsə nəzarət üzrə mərkəzdə təmsil olunmasından gedir. Bu mərkəz siyasi sahədə, yaxud sülhməramlı əməliyyatın idarə edilməsi ilə bağlı hər hansı səlahiyyəti olmayan texniki strukturdur.

Mərkəz texniki vasitələrlə, əsasən dron görüntüləri əsasında təmas xəttində monitorinq aparacaq. Türk əsgərləri fiziki olaraq ərazidə monitorinq aparmaq hüququna sahib olacaqmı? Hələ ki məlum deyil. (Rusiyanın buna razılıq verəcəyinə şübhəm var.)Azərbaycanda bir çoxlarının söylədiyi və mütləq əksəriyyət tərəfindən dəstəklənən ideya budur ki, əgər Türkiyə hərbçiləri sülhməramlı əməliyyata qatıla bilmirsə və ruslar Xankəndində istədikləri kimi davranmağa davam edəcəklərsə, onda Rusiyanı tarazlayacaq güc kimi mehmetcik gəlib təmas xətti boyunca Azərbaycan əsgərləri ilə bərabər düzülsün, Şuşada, Hadrutda və digər vacib istiqamətlərdə yerləşdirilsin. Yəni Rusiya ilə razılaşma olmadan Azərbaycan və Türkiyə ayrılıqda orada yeni bir status-kvo yaratsın, güc göstərsin. Bu fikir qulağa xoş gəlir və insanı rahatladır.

Amma belə bir addımın mümkün neqativ nəticələrini də soyuqqanlı şəkildə düşünməliyik. – Birincisi, belə bir situasiyanın yaranması o deməkdir ki, biz Qarabağ torpaqlarının Rusiya və Türkiyə nüfuz zonalarına ayrılmasını qəbul edirik – təxminən II Dünya müharibəsindən sonrakı Berlin və Almaniya kimi… Qəbul etmiş oluruq ki, Rusiya ermənilərin, Türkiyə isə bizim himayəçimiz rolundadır və bu missiyanı qanuni şəkildə yerinə yetirirlər. Bu cür vəziyyət – Dağlıq Qarabağın parçalanmasını faktiki olaraq tanımağımız gələcəkdə Rusiya sülhməramlılarının nəzarətindəki ərazidə Azərbaycanın suverenlik hüquqlarının bərpasını daha da çətinləşdirər; – İkincisi, Türkiyə hərbi qüvvələrini təmas xəttinə – Rusiya qüvvələrinin qarşısına yerləşdirməklə rəsmi səviyyədə bəyan etmiş oluruq ki, Moskvaya güvənmirik, hətta onu birbaşa təhdid kimi görürük. İctimaiyyət olaraq biz (əksəriyyət) doğrudan da bu fikirdəyik, amma dövlət səviyyəsində Rusiyaya qarşı bu cür güvənsizlik və şübhə nümayişi onunla dialoq və anlaşma imkanlarının azalması ilə nəticələnə bilər.

Bu soyuqlaşmanın hansı riskləri doğura biləcəyi məlumdur; – Üçüncüsü, Türkiyə ordusunun tam təchizatlı olaraq Qarabağda yerləşdirilməsi və ruslar nə qədər ki, ordadır, onların da o müddətə ərazidə qalması bütün dünya tərəfindən ermənilərə real təhdid kimi qəbul ediləcək. Biz nə qədər əksini söyləsək də, dinləyən, inanan olmayacaq. Bu halda, Qərb də Rusiyanın buradakı hərbi mövcudluğunu dəstəkləmək zorunda qalacaq, sülhməramlı əməliyyat beynəlxalq legitimlik qazanacaq və daha da uzanması üçün əlavə əsaslar yaranmış olacaq. Hətta mümkündür ki, Rusiya nə vaxtsa çıxmaq istəsə belə, Qərb buna razı olmasın, xahiş eləsin ki, orda qalın və erməni əhalini qoruyun… Reallıq budur ki, Qarabağ məsələsində Rusiya ilə razılaşmadan, ona meydan oxuyacaq tərzdə addımlar atmaq minalanmış sahəyə girməyə bərabər hərəkət olar. Bütün bunlarla bərabər məsələnin başqa, çox önəmli tərəfi də var ki, nədənsə, bizim insanlarımız tərəfindən nəzərdən qaçırılır: – Türkiyə bizim (ictimaiyyət olaraq) burada ona biçdiyimiz rolda özünü görür, ya yox? – Türkiyə dövləti Rusiya ilə əməkdaşlığa meyllidir, yoxsa sərt rəqabətə və konfrontasiyaya?

Mövzu barədə fikir yürüdən hər kəs bu suallar üzərində də düşünməlidir. Rusiya sülhməramlı qüvvələrinin Türkiyənin xəbəri olmadan bura gəldiyini düşünənlər yanılır. Sizcə, Türkiyənin bu qədər aktiv olduğu bir prosesin yekununda belə bir hal mümkün olardımı? Məncə, yox. İstisna deyil ki, aralarında yazılı olmayan hansısa anlaşma, yaxud anlayış birliyi var. Bu anlaşma/qarşılıqlı anlayış dar bir bölgəni (məsələn, Cənubi Qafqazı və ya Suriyanı) əhatə edən qısamüddətli-taktiki xarakterli də ola bilər, daha geniş coğrafiyanı əhatə edən uzunmüddətli-strateji xarakterli də… (Bunu tamamilə bir fərziyyə kimi qeyd edirəm.) İki dövlətin bir çox regionlarda üst-üstə düşməyən maraqları var, amma hər iki ölkənin lideri əsas etibarilə konstruktivliyə köklənib və maraqlar ayrılığından qaynaqlanan rəqabətin münasibətləri pozacaq şəkildə cərəyan etməsinə yol verməməyə çalışırlar. Ümumiyyətlə, Türkiyədə heç bir qüvvə (iqtidar, müxalifət, ümumilikdə toplum) Rusiya ilə toqquşmağın, onunla əlaqələri pozmağın tərəfdarı deyil, bütövlükdə xarici siyasətdə əsassız radikallıq və aqressivlik türk xalqı tərəfindən dəstəklənmir. (Terrora qarşı mübarizə xaric.)

Əlbəttə, Azərbaycanın bu bölgədəki təhdidləri təkbaşına qarşılamaq imkanında olmadığını hamımız anladığımız üçün arzulayırıq ki, Türkiyə bizi öz qanadları altına alıb, xarici təzyiq və təhdidlərdən qorusun, ərazi bütövlüyümüzün təminatçısı rolunda çıxış etsin. Əslində bunun önündə hər hansı hüquqi əngəl yoxdur. 2010-cu ildə imzalanmış “Strateji ortaqlıq və qarşılıqlı yardım haqqında” Müqavilənin 1-ci və 2-ci maddələri buna tam imkan verir. Əgər hər hansı dövlət Azərbaycanı hədələyirsə, yaxud ölkəmizə qarşı sərt gücə əl atırsa, bu halda Türkiyə Azərbaycanın müraciəti əsasında hərbi müdaxilə etmək hüququna malikdir. (Yəqin heç kimə sirr deyil ki, yaydakı hərbi təlimlərdən bəri ölkəmizdə müəyyən sayda Türkiyə hərbçiləri qalıb.)Amma realist düşünməkdə yarar var. Biz Rusiya ilə münasibətləri normal səviyyədə saxlamağa çalışmalıyıq ki, o, Abxaziya və Cənubi Osetiya nümunələri əsasında institutlaşdırdığı sesessiya (ayrılıq) modeli və mexanizmini Qarabağda tətbiq etməsin.

Sonda bir mühüm məqamı da qeyd etmək istərdim: Təbii ki, biz Qarabaqda baş verənləri daim diqqət mərkəzində saxlamalıyıq, amma toplum olaraq gecə-gündüz, fasiləsiz rejimdə bütün diqqətimizin və enerjimizin təkcə bu istiqamətə yönəlməsi bizi digər önəmli hədəflərdən yayındıra bilər. Azərbaycan Ordusu müharibədə möhtəşəm qələbə qazanıb və işğaldakı ərazilərin böyük hissəsini azad edib. İndi problem daha kiçik ərazidə Rusiya tərəfindən konservasiya edilir. Amma bu hal Azərbaycanda köklü islahatlar keçirməyə, ölkəni dəyişməyə və inkişaf etdirməyə mane olmur. Biz Qarabağla bərabər digər problemlərimizi də qətiyyən unutmamalı və diqqətdən kənar qoymamalıyıq.

Şahin Cəfərli, politoloq

Həmçinin oxuyun

İnam Kərimovun Dövlət Toxum Fondunda baş verənlərdən xəbəri varmı? – FAKTLAR

Dövlət Toxum Fondu Kənd Təsərüfatı Nazirliyinin tabeliyində olan onlarla qurumlardan biridir.Əsasnaməsinə görə Fond ölkədə kənd …