Ana səhifə / Manşet / Türkiyə ilə müqayisədə Azərbaycanda ərzaqların qiymətləri 2-3 dəfə bahalaşıb

Türkiyə ilə müqayisədə Azərbaycanda ərzaqların qiymətləri 2-3 dəfə bahalaşıb

Dövlət Statistika Komitəsinin (DSK) yaydığı məlumatda bildirilir ki, Azərbaycanda 2024-cü ilin fevral ayında qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,7 faiz, yanvar-fevral aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 100,2 faiz təşkil edib.

Məlumatda o da qeyd edilir ki, 2024-cü ilin fevral ayında 2023-cü ilin fevral ayına nisbətən qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi 99,7 faiz, o cümlədən, qida məhsulları 99,2 faiz, spirtli içkilər 102,0 faiz, tütün məmulatları üzrə 111,7 faiz olub.

Vahid Məhərrəmli
Vahid Məhərrəmli. Foto: Meydan TV

DSK-nın təqdim etdiyi diaqrama diqqət yetirdikdə görürük ki, cari ilin fevralında əsas ərzaq məhsullarının istehlak qiymətləri indeksində artım müşahidə edilir. Belə ki, yanvar ayı ilə müqayisədə fevralda ət və ət məhsullarının istehlak qiymətləri indeksi 100,2 faiz, balıq və balıq məhsulları 100,9 faiz, süd və süd məhsulları 100,2 faiz, meyvələr 103,5 faiz, tərəvəzlər 102,1 faiz, qənd, cem, bal, şokolad və konfetlər 100,1 faiz, çay, qəhvə, kakao 100,1 faiz, mineral sular, sərinləşdirici içkilər və şirələr 100,3 faiz olub. Çörək, çörək məmulatları və yarmaların qiymətlərində isə dəyişiklik baş verməyib.

Dövlət Statistika Komitəsinin yaydığı məlumatda o da bildirilir ki 2024-cü ilin fevralında yanvara nisbətən ayrı-ayrı qida məhsullarından daha çox bahalaşma, düyünün, qoyun ətinin, təzə balığın, kəsmiyin, kərə və zeytun yağlarının, naringinin, bananın, almanın, armudun, heyvanın, narın, kələmin, xiyarın, pomidorun, balqabağın, çuğundurun, sarımsağın, soğanın, şəkərin, arağın, ucuzlaşma isə əsasən qarabaşaq yarmasının, yumurtanın, süfrə marqarininin, günəbaxan və qarğıdalı yağlarının, portağalın, yerkökünün qiymətlərində müşahidə olunub.

Komitə qeyd edir ki, digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər olmayıb.

Dövlət Statistika Komitəsi
Foto: Meydan TV

Apardığımız araşdırmalar göstərir ki, bir sıra ərzaq məhsulları artıq 2 aydır ki, davamlı olaraq bahalaşır.

Yanvar və fevral aylarında düyünün, qoyun ətinin, təzə balığın, zeytun yağının, naringinin, almanın, narın, xiyarın, pomidorun, balqabağın, sarımsağın, soğanın, şəkərin qiymətləri artıb.

Son 3 ayda zeytun yağının, xiyarın, pomidorun, sarımsağın, son 4 ayda həmçinin zeytun yağının, pomidorun, xiyarın, sarımsağın qiymətləri davamlı olaraq bahalaşıb.

Meyvə və tərəvəzlər

Araşdırmalar əsasən, qış aylarında daha çox bahalaşan meyvə və tərəvəzlərdir.

DSK-nın məlumatına görə, son 3 ayda meyvə və tərəvəzlərin qiymətləri davamlı olaraq artıb.

Tərəvəzlər keçən ilin dekabrında 5,7, bu ilin yanvarında 3,0, fevralda 2,1, meyvələr 2023-cü ilin dekabrında 3,4, 2024-cü ilin yanvarında 4,7, fevralda 3,5 faiz bahalaşıb.

Azərbaycanda artıq uzun müddətdir ki, qış aylarında xiyarın, pomidorun qiymətləri bahalaşır.

Son bir neçə ilin araşdırmaları göstərdi ki, Bakı bazarlarında, marketlərdə tərəvəz məhsullarının qiymətləri qonşu ölkələrin paytaxt şəhərlərindəki qiymətlərlə müqayisədə xeyli yüksəkdir.

Bu ilin mart ayının əvvəllərində Türkiyənin Ankara şəhərindəki bazar araşdırmalarımız göstərdi ki, qonşu ölkədə Azərbaycana nisbətən pomidorun, xiyarın və sair tərəvəzlərin qimətləri 2-3 dəfə aşağıdır.

Məsələn, Azərbaycanda istehlakçılara 1 kiloqramı 3-4,50 manata təklif edilən xiyar Türkiyədə iki dəfədən də ucuz qiymətə, yəni 1,60-2 manata təkilif edilir.

meyvə-tərəvəz
Foto: arxiv

Pomidorun pərakəndə satış qiyməti Türkiyədə 0,75-1,80 manat (şəkillər əlavə edilir) olduğu halda, eyni keyfiyyətli pomidor Azərbaycanda 3-5,5 manata satılır.

Ankarada 10-12,5 lirəyə (54-70 qəpiyə) satılan mandarin Bakıda 3 manat 40 qəpiyə, yəni 6,3 dəfə baha qiymətə təklif olunur.

Sortundan asılı olaraq alma, armud Ankara şəhərində 15-25 lirəyə, yəni 0,84-2,0 manata təklif edilir. Əslində, Azərbaycandan fərqli olaraq Türkiyədə istixanada yetişdirilən pomidorun, xiyarın və digər tərəvəzlərin qiymətləri daha yüksək olmalıdır. Ona görə ki, Türkiyə neft və qaz idxal edən ölkədir.

Azərbaycan neft, qaz ixrac edən ölkə olsa da, istixanada yetişdirilən məhsullar Türkiyə ilə müqayisədə 2-3 dəfə yüksək qiymətə təklif edilir. Həmçinin Azərbaycanda meyvələrin qiymətləri də aşağı olmalıdır, ona görə ki, saxlanma kameralarında istifadə edilən elektrik enerjisi hasil olunan təbii qazdan əldə edilir.

Foto: BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı

Son bir ildə dünyada əsas ərzaq məhsullarının qiymətlərində enmə müşahidə edilir.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) bu günlərdə yaydığı məlumatda bildirilir ki, 2024-cü ilin fevral ayında FAO-nun Ərzaq Qiymətləri İndeksi yanvar ayına nisbətən 0,7 faiz aşağı olub.

Təşkilat fevral ayında şəkər, ət və süd məhsullarının qiymət indekslərində artım, taxıl və bitki yağlarının qiymət indekslərində isə azalma qeydə alıb. Ümumilikdə FAO-nun Ərzaq Qiymətləri İndeksinin dəyəri ötən ilin müvafiq göstəricisindən 10,5 faiz aşağı olub.

Taxıl, çörək

Fevral ayında FAO Taxıl Qiyməti İndeksi yanvar ayından 5,0 faiz, 2023-cü ilin fevral ayından isə 22,4 faiz  aşağı olub.

Ötən ayla müqayisədə bütün əsas taxıl məhsullarının dünya qiymətlərində ucuzlaşma qeydə alınıb.

FAO fevral ayında buğdanın, qarğıdalının, arpa və sorqonun dünya qiymətlərinin aşağı düşdüyünü qeyd edib.

Təşkilat yaydığı hesabatda bildirir ki, fevral ayında düyü tədarük edən bəzi ölkələrdə yeni məhsul yığımı başladığı üçün qlobal düyü qiymətləri 1,6 faiz azalıb.

Dövlət Statistika Komitəsi fevral ayında əvvəlki aya nisbətən çörək, çörək məmulatları və yarmaların qiymətlərində dəyişiklik qeydə almamışdır.

Taxıl zəmisi. Foto: “Azərtac”

FAO dünyada taxıl məhsullarının qiymətlərində, o cümlədən buğdanın qiymətində ciddi azalmalar qeydə alsa da, fevral ayında Azərbaycanda çörək, çörək məmulatları və yarmaların qiymətlərində dəyişiklik baş verməyib (Cədvəllər 1 və 2).

Baxmayaraq ki, bu ilin fevral aylarında əvvəlki ayla müqayisədə ölkəyə idxal edilən buğdanın idxal dəyəri 3,8% ucuzlaşıb.

Bu ilin yanvar ayında Azərbaycanın taxıl idxalında xeyli azalma qeydə alınıb. Belə ki, 2024-cü ilin ilk ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə buğda idxalı 2 dəfədən çox, qarğıdalı idxalı isə 4,9 dəfə azalıb.

Düyü

Azərbaycanda fevral ayında yanvara nisbətən düyünün qiymətində bahalaşma qeydə alınıb. Baxmayaraq ki, dünya bazarında düyünün qiyməti 1,6 faiz ucuzlaşıb.

Düyü. Foto: Meydan TV

Yanvarda Azərbaycana düyü idxalı 52,9 faiz azalıb. Bu, əvvəlki ildə eyni adda məhsulun idxalının ciddi artımı ilə əlaqələndirmək olar.

Yağlar

Fevralda FAO Bitki Yağı Qiymət İndeksinin orta dəyəri yanvar ayı ilə müqayisədə 1,3 faiz, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 11,0 faiz aşağı olub.

FAO fevral ayında soya, günəbaxan və raps yağlarının dünya qiymətlərində azalma, palma yağının qiymətində isə cüzi artım qeydə alıb.

DSK Azərbaycanda fevral ayında əvvəlki aya nisbətən kərə və bitki yağlarının qiymətlərində dəyişiklik olmadığını (Cədvəl 2) göstərsə də, kərə və zeytun yağının bahalaşdığını, günəbaxan və qarğıdalı yağlarının ucuzlaşdığını qeyd edib.

Kərə yağı. Foto: Azərtac.

Yanvar ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə bitki və heyvan mənşəli piylər və yağların idxalını ciddi şəkildə, 2,4 dəfə artıb.

Bu da onunla bağlıdır ki, Azərbaycan özünün bitki yağlarına olan ehtiyacının 90 faizdən çoxunu idxal edilən saflaşdırılmamış xam bitki yağları hesabına təmin edir.

Bu səbəbdən də Azərbaycanda bitki yağlarının qiymətləri dünya bazarında həmin məhsulların qiymətlərinin dəyişməsindən asılıdır.

Süd və süd məhsulları

Fevralda FAO Süd Məhsullarının Qiymətləri İndeksinin orta dəyəri yanvar ayı ilə müqayisədə 1,1 faiz yüksək, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 13,4 faiz aşağı olub.

BFAO hesab edir ki, fevral ayında kərə yağının dünya qiymətlərinin artımı Asiya ölkələrindən yüksək idxal tələbi və Okeaniyada süd istehsalının mövsümi azalması ilə əlaqədar olub.

Son bir ildə iyul ayı istisna olmaqla qalan 11 ayda süd və süd məhsullarının qiymətlərində artım baş verib.

Süd və süd məhsulları. Foto: arxiv

Artıq yeddincı aydır ki, dalbadal süd və süd məhsullarının qiymətlərində artım qeyd edilir.

DSK-nın məlumatına görə, bu ilin fevralında əvvəlki aya nisbətən süd və süd məhsulları 0,2 faiz bahalaşışıb. Bahalaşma əsasən kəsmiyin və kərə yağının qiymətlərində qeydə alınıb.

Statistika Komitəsinin bu günlərdə yaydığı məlumatda bildirilir ki, bu ilin yanvar-fevral aylarında 324,5 min ton süd istehsal edilib ki, bu da əvvəlki illə müqayisədə 0,7 faiz çoxdur.

Bununla yanaşı, əvvəlki ilin eyni dövrü ilə müqayisədə bu ilin yanvarında süd və qaymaq idxalı 16,1 faiz, kərə yağı və süddən hazırlanmış digər yağların idxalı isə 11,0 faiz artıb.

Ət və ət məhsulları

Fevralda, yeddi aylıq davamlı enişdən sonra, FAO-nun Ət Qiyməti İndeksi yanvar ayı ilə müqayisədə 1,8 faiz yüksəlib, keçən ilın eyni dövrü ilə müqayisədə isə 0,8 faiz aşağı olub.

FAO mal ətinin qiymətinin artmasını Avstraliyada tədarükün gözləniləndən aşağı olduğu ilə əsaslandırır.

Təşkilat qlobal qoyun ətinin qiymətinin aşağı düşməsini isə Çindən idxal tələbinin zəifləməsi və Avstraliyada istehsalın rekord səviyyəyə qalxması ilə əlaqələndirir.

Ət. Foto: Meydan TV

DSK Azərbaycanda fevral ayında əvvəlki ayla müqayisədə ət və ət məhsullarının qiymətlərində 0.2 faiz artım olduğunu göstərib. Artım əsasən qoyun ətinin qiymətində qeydə alınıb.

DSK bu ilin yanvar-fevral aylarında ölkədə quş əti də daxil olmaqla diri çəkidə 89,1 min ton ət istehsal edildiyini və bunun əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,5 faiz az olduğunu qeyd edib.

Bu ilin yanvar ayında əvvəlki ilə nisbətən ət idxalı 63,8 faiz, əsasən kəsim üçün nəzərdə tutulan diri  heyvanların idxalı isə 43,9 faiz artıb.

Şəkər

Fevralda FAO-nun şəkər qiyməti indeksi yanvar ayı ilə müqayisədə 3,2 faiz yüksək olub. Bu indeksin artımı ardıcıl ikinci aydır ki, davam edir və nəticədə onun dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,5 faiz yüksək olub.

FAO hesab edir ki, şəkərin qiymətlnin artımına səbəb iki aparıcı ixracatçı ölkələrdə, Taylandda və Hindistanda istehsalın azalacağı ilə bağlı verilən proqnozlar olub.

Şəkər. Foto: Meydan TV

Azərbaycanda statistika komitəsi fevral ayında şəkərin qiymətində 0,1 faiz artım qeydə alıb və artıq 5 aydır ki, Azərbaycanda şəkərin qiyməti ardıcıl olaraq artmaqda davam edir.

Bu ilin yanvarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə şəkər və şəkərdən hazırlanan qənnadı məmulatlarının idxalı 2,6 dəfə artıb.

Beləliklə, 2024-cü ilin fevralında yanvarla müqayisədə dünyada ərzağın qiyməti 0,7 faiz azalıb, Azərbaycanda isə bir o qədər artıb.

Aparılan araşdırmalar göstərir ki, qonşu Türkiyə ilə müqayisədə Azərbaycanda bir sıra meyvə və tərəvəzlərın qiymətləri 2 və hətta 3 dəfə yüksəkdir.

Vahid Məhərrəmli
Kənd təsərrüfatı üzrə ekspert

Həmçinin oxuyun

Bayden: İranın İsrailə hücumu uğursuz oldu

ABŞ Prezidenti Cozef Bayden hesab edir ki, İranın İsrailə hücumu uğursuz olub, yəhudi dövləti qələbə …