Çərşənbə , Sentyabr 22 2021
Ana səhifə / Manşet / “Tik-Tok” ciddi informasiya yayımı platforması kimi hətta “Facebook”u üstələyir…

“Tik-Tok” ciddi informasiya yayımı platforması kimi hətta “Facebook”u üstələyir…

“Tik-Tok” sosial şəbəkəsi haqda təsəvvürüm tam başqa olub. Əvvəl bir çox adamlarda sözügedən platformanın öz ətrafında o qədər də ciddi olmayan auditoriyanı topladığı qənaəti hakimiydi. Son vaxtlar bir neçə ciddi adamın da “Tik-Tok” -da profil açdığına dair paylaşımlarına rast gəldim.

Maraq üçün bu gün bir neçə saat həmin sosial şəbəkədə araşdırma apardım. Sən demə, bizim dünyadan xəbərimiz yox imiş. “Tik-Tok” da bir çox rəsmi qurumların, tanınmış siyasilərin, böyük biznes subyektlərinin profillərinə rast gəldim.

Hətta Prezident İlham Əliyevin rəsmi profilini də gördüm. Dostlar, demək “Tik-Tok” dünyada və Azərbaycanda tam olaraq özünü qəbul etdirməyi bacarıb. Yadımdadır ki, qabaq “Facebook” a da münasibət o qədər ciddi deyildi. İstifadəçilər statuslarımı qrammatik qaydalara əməl etmədən yazırdılar, zarafatlara daha çox rast gəlirdik.

Artıq “Facebook” tam siyasiləşmiş, olduqca ciddi bir platforma halına gəlib. Hətta bir çox ciddi media qurumlarını belə öz arxasınca aparmağı bacarır. Xəbər yayıcısı olmaqla yanaşı, həm də xəbər istehsalında avanqard rolu mənimsəyib.

Ancaq bu şəbəkədə “Tik-Tok”dakı qədər kütləvilik təmin edilmir. FB-də hər kəs özünə uyğun auditoriya seçir. Bu platformada ən radikal müxalif liderin paylaşımına maksimum min-iki min arası bəyənmə gəlir. Jurnalist nə qədər şedevr statuslar yazsa da, bəyənmə sayı zorla 100-ə çatır.

Çünki seçdiyimiz auditoriyada hamı özünü iddialı sayır, bəziləri elə bilir ki, bəyən qoysa, “avtoritetinə” ciddi zədə dəyə bilər. Əksər yazarlar isə bir-birinə paxıllıq etdiyindən , həmkarlarının postlarını bəyənmir.

Siyasətçi və jurnalistə fikirlərinin daha çox adama çatması önəmlidir. “Tik-Tok”da özünü konkret çərçivə ilə məhdudlaşdırmayan və sayı milyonlarla ölçülən “qara kütlə” var.

Həmin kütlə heç bir paxıllıq etmədən, qarşıya çıxan xoşagələn paylaşımlara qısqanmadan bəyən işarəsi qoyur. Bugünkü müşahidələrimdə bir neçə jurnalist və siyasətçinin profilindəki qısa videolara baxış sayına baxdım. Say 100 minləri keçir, hətta milyona çatanları da var.

Belə olan təqdirdə, ciddi adam niyə “Tik-Tok”da olmamalıdır? Qısası, artıq sosial şəbəkələr arasındakı rəqabət estafetində “Tik-Tok” avantajı tam ələ alıb. Yaxın aylarda biz digər sosial şəbəkələrdən ora kütləvi axını daha aydın şəkildə izləyə biləcəyik.

Demək, ““Tik-Tok” da ancaq qeyri-ciddi adamlar olur” – deməklə bizim başımızı aldadıb, xeyli gecikdiriblər. Ağıllı adamlar orada özünə yaxşı auditoriya toplayıb. Nəzərə alın!

Məhəmmədəli QƏRİBLİ,

Azinforum.az

Həmçinin oxuyun

Gənclər və İdman Nazirliyinin seçki saxtakarlığı: qanunsuzluğu kim edib? – FOTO

Gənclər və İdman Nazirliyi yanında İctimai Şuraya seçkilər zamanı saxtakarlıq edilib.Belə ki, iyulun 17-də baş …