Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Manşet / Tanınmış şərurlular İsfəndiyar Axundovu “Şərurlu” adından imtina etməyə çağırdılar

Tanınmış şərurlular İsfəndiyar Axundovu “Şərurlu” adından imtina etməyə çağırdılar

Şərur Naxçıvan MR-in ərazisinə və əhalisinə görə ən böyük rayonu olub. Hazırda Şərurun inzibati əraziləri hesabına daha iki rayon yaradılıb. Sədərək və Kəngərli Şərurdan ayrılaraq müstəqil rayon kimi fəaliyyət göstərsələr də, Şərur MR-dəki böyüklüyünü yenə saxlayır. Bunu təsadüfən xatırlatmadım. Yəqin bilirsiniz ki, belə böyük rayondan heç də az olmayan sayda ziyalılar, tanınmış alimlər, dövlət xadimləri və iş adamları çıxıb. Amma nadir halda görünür ki, onlardan kimsə özünü məhz “Şərurlu filankəs” kimi təqdim etsin.

Bu adla özünü təmtəraqlı şəkildə təqdim edənlərdən birini yəqin ki, çoxunuz tanıyırsınız. Söhbət iş adamı, “Şərurlu İsfəndiyar” kimi tanınan İsfəndiyar Axundovdan gedir. Təbii ki, qanunvericilik kiməsə cəmiyyətdə necə təqdim edilməyi qadağan etmir. Hətta İsfəndiyar Axundov mediaya müsahibəsində deyib ki, bu cür təqdimatdan o qədər də xoşlanmır və kökən heç Şərur rayonundan da deyillər. Aydındır ki, İsfəndiyar Axundov ona bu adı daşımaqla bağlı bildirilən iradların fonunda belə açıqlama vermək məcburiyyətində qalıb. 90-cı illərin əvvəlindən Bakıda böyük biznesə başlayanda o, bu adla tanınmağa başlayıb və heç vaxt kiməsə belə çağırılmaqla bağlı nə rəsmi, nə də qeyri-rəsmi etiraz etməyib. Yəqin İsfəndiyar müəllim bilir ki, belə təqdimatı adının önünə yazmaqla ikiqat məsuliyyət daşımalı olur. Çünki onun edəcəyi yaxşı və pis əməllərin hamısı daşıdığı şəxsi adından öncə, həm də bilərəkdən adının önünə əlavə etdiyi məkanın adı ilə də bağlı olur. Son günlər İ.Axundovun adı şəhid ailəsinin mənzilini məhkəmə yolu ilə əlindən almaqda hallandı. Bundan bir müddət əvvəl isə mediada belə bir başlığa rast gəldim: “Şərurlu İsfəndiyar 150 ailəni süründürür”. Bu cür xəbər təqdimatı ilə ilk dəfə rastlaşsaydım, heç reaksiya da verməzdim. Etiraf edim ki, uzun illərdir bu adamın adı mediada heç də xoşagəlməyən hadisələrdə hallanır. Məlumat üçün deyim ki, İ.Axundov Şərur rayonunun Siyaqut kəndində yaşayıb və sonra Bakıya köçüb. Özü müsahibəsində deyir ki, həmin kəndə Qərbi Azərbaycandan gəliblər. Bəlkə də insan kimi pis adam da deyil. Şəxsən mənə nə yaxşılığı keçib, nə də pisliyi. Amma mən jurnalistikada olandan bu iş adamının adının yalnız mənfi dividend gətirən olaylarda hallandığının şahidi olmuşam. Kim inanmırsa, axtarış sistemlərində bir “Şərurlu İsfəndiyar” yazıb baxsın. Axı bu məlumatların hamısı qərəzli ola bilməz. Çox təəccüblüdür, məgər bu adam bir xeyirxah əmələ imza atmır?

Tanıyanlar deyirlər ki, belə jestləri də az olmayıb. Maraqlıdır, bu boyda varidatın qabağında bunun yanında bir səriştəli adam yoxdur ki, heç olmasa onun mediada piarını qursun? Piar demirəm, heç olmasa gördüyü işləri işıqlandırsın? İstənilən halda, adı yalnız mənfi məsələlərdə hallanan adamın adının önündə böyük bir rayonun adının çəkilməsinə qarşıyam.

Bəlkə də İsfəndiyar müəllim məni heç dünəndən bəyənmir. Görüşsək deyər ki, Şərurun adına o yox, mən ləkəyəm. Buna baxmayaraq, İsfəndiyar müəllim kreativləşməlidir. Anlamalıdır ki, yalnız pul yığmaqla iş bitmir. Reputasiyasının qeydinə də qalmalıdır. Ya da özünü şərurlu kimi təqdim etməkdən yavaş-yavaş imtina etməlidir. Gəlin görək, əslən Şərur rayonundan olan ziyalılar bu mövzu ilə bağlı nə düşünürlər?

Əslən Şərur rayonundan olan, AMEA Folklor İnstitutunda aparıcı elmi işçi, filologiya üzrə fəlsəfə doktoru Əpoş Vəliyev qəzetimizə bildirdi ki, kiminsə öz regionunu özü üçün soyad və ya ləqəb götürməsinin əleyhinədir: “Doğulduğu, yaşadığı regionun adını özü üçün ləqəb, soyad seçənlər hər bir işində diqqətli olmalı, etdiyi hərəkətlərin doğuracağı nəticəni əvvəlcədən yüz dəfə ölçüb biçməlidirlər. Çünki onların hər hansı bir səhvi bir regionun adının pis mənada hallanmasına, həmin regiondan olan digər insanların isə narazılığına gətirib çıxarır. Bəzən fürsətdən istifadə edilərək həmin yarıtmaz şəxsin timsalında bütöv bir regionun insanlarına qarşı kin, nifrət aşılanır. Bu isə yolverilməzdir. Ona görə də yaxşı olar ki, region adlarını özlərinə soyad, ləqəb kimi götürənlər xüsusilə diqqətli olsunlar, təmsil etdikləri regionun adını daim uca tutsunlar, regionun nüfuzuna zərbə vuracaq əməllərdən uzaq dursunlar, təmsil etdikləri regionun insanlarını xeyirxah, alicənab, vətənpərvər kimi tanıtsınlar”.

Əslən Şərur rayonundan olan Azərbaycan Respublikası Kinematoqraflar İttifaqının mətbuat xidmətinin rəhbəri Əli Vəliyev də qəzetimizə bildirdi ki, İ.Axundov kimi şəxslərin yaratdığı mənzərəyə görə məsələyə münasibəti birmənalı deyil: “Buna qarşıyam. Çünki yaxşı olanda haralı olduğunun önəmi yoxdur, ancaq pis olanda haralı olduğu sualı verilir. Bəzən söyülür, təhqir edilir. Beləliklə, bir adama görə bir böyük rayonun reputasiyası məhv olur, imicə zərbə dəyir. Son təcrübədə də bunun şahidi olduq. Əvvəl söyüş yazılırdı, ardınca rayonun adı, sonra şəxsin öz adı. Belə olmaz!”

Əslən Şərurdan olan digər tanınmış jurnalist Nahid Canbaxışlı da qəzetimizə bildirdi ki, İsfəndiyar Axundov şəxs olaraq bütün rayonu təmsil edə bilməz: “Əminəm ki, İ.Axundova məhz şərurlu kimi təqdim olunmağın ziyanı dəyməyib. Hansı xeyrinin dəydiyini isə özü daha yaxşı bilir. Hərçənd ki, öz müsahibəsində heç əslən şərurlu olmadığını da deyir. Amma bu adam fikirləşməlidir ki, ziyanı dəyməyən adın ehtiramını nə cür saxlaya bilib. Uzun müddətdir jurnalistikadayam. Bu adamın adının ancaq qalmaqallarda çəkildiyinin şahidi olmuşam. Hansı saytı açırsan, yazırlar ki, İ.Axundov bir mənzili bir neçə nəfərə satıb və s. Xoşagələn hal deyil.  Necə olur ki, Azərbaycana böyük fayda verən, əslən Şərurdan olan tanınmış alimlər, generallar, dövlət xadimlərinin adının önündə biz belə təqdimata rast gəlmirik? Bu səbəbdən də əsasən media belə mövzularda diqqətli olmalıdır. Çox xahiş edirəm ki, bundan sonra həmin adamın adı mediada İ.Axundov kimi təqdim edilsin”.

Şərur rayonundan olan başqa bir jurnalist Səbuhi Qafarov qəzetimizə bildirdi ki, həmin iş adamının şəhid ailəsinə qarşı etdiyi son hərəkət onu və ümumilkdə, cəmiyyəti dərindən təəccübləndirib: “Rayon adlarını özlərinə təxəllüs edən şəxslərlə bağlı münasibətim yaxşı deyil. Çünki bu tip insanlar heç də həmin region və ya rayonların gerçək siması ola bilməz. Biz daha çox bunu edənlərin məqsədini sui-istifadə hallarında görürük. Əkrəm Əylisli kimi tanınmış yazıçının buraxdığı kobud səhvə görə ilk olaraq onun kəndinin adı hallandı. Çünki özünə həmin kəndin adını təxəllüs kimi götürmüşdü. İlk etiraz da elə həmin kənddən gəldi ki, kəndin adını batırır. Yaxşı olardı ki, insanlar yaxşı əməlləri ilə, xeyriyyəçilikləri ilə adlarını yaddaşlara yazsınlar. Hesab edirəm ki, bu cür hallara xüsusi önəm verilməlidir. Bunun ən böyük günahını elə media adamları kimi özümüzdə də görürəm. Kimi istədisə, onun adının qabağına rayonun adını yazıb cəmiyyətə təqdim etməməliyik”.

Məhəmmədəli QƏRİBLİ (Bakı-Xəbər)

Həmçinin oxuyun

Arestoviç: İlham Əliyev qüsursuz oyun aparır

Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya son səfəri və həmin ərəfədə rusiyalı sülhməramlıların vaxtından əvvəl ölkəmizi …